Yemək tempi piylənməyə təsir edir
Dünən, 09:08

Yaponiyanın Fujita Tibb Universitetinin alimləri müəyyən ediblər ki, çəkiyə nəinki qida tərkibi, həm də yemək sürəti ciddi təsir göstərir. Onların fikrincə, yeməyi yavaş-yavaş yemək daha az kalori qəbuluna səbəb olur və nəticədə piylənmə və əlaqəli xəstəliklərin qarşısını almağa kömək edir. Foodinfo.az xəbər verir ki, tədqiqatın nəticələri “Nutrients” elmi jurnalında dərc olunub.Araşdırmada 20–65 yaş aralığında 33 nəfər iştirak edib. Onlar müxtəlif şəraitlərdə pizza yeyiblər və bu zaman alimlər yemək müddətini, çeynəmə hərəkətlərinin və tikələrin sayını, həmçinin çeynəmə sürətini qeydə alıblar.Bundan əlavə, iştirakçılardan yemək zamanı fərqli templi metronom sədaları altında davranışlarını nümayiş etdirmələri xahiş olunub.Məlum olub ki, qadınlar kişilərə nisbətən daha uzun müddət ərzində yemək yeyirlər – orta hesabla 87 saniyə, kişilər isə 63 saniyə. Onlar həmçinin daha çox tikə götürür və daha çox çeynəyirlər.Lakin ümumi çeynəmə tempi cinslər arasında fərqlənməyib.Yemək müddəti çeynəmə hərəkətlərinin və tikələrin sayı ilə birbaşa əlaqəli olsa da, çeynəmə sürəti və bədən kütlə indeksi ilə əlaqə aşkar edilməyib.Xüsusilə metronomun tempi maraq doğurub, 40 vuruş/saniyə olan yavaş temp yemək müddətini xeyli artırıb.Tədqiqatçılar nəticə olaraq bildirirlər ki, yeməyi yavaş yemək çəkiyə nəzarət üçün effektiv üsul kimi tətbiq oluna bilər. Udmazdan əvvəl daha çox çeynəmək, daha kiçik tikələr qəbul etmək və sakit, ritmik mühit yaratmaq ciddi pəhrizlərə ehtiyac olmadan qida qəbulunu azaltmağın sadə və effektiv yollarıdır.Alimlər bu nəticəni digər qida növləri üzərində də sınayaraq metodun universallığını yoxlamağı planlaşdırırlar.