İTKİN DÜŞƏN RUS ƏSGƏRLƏRİNİN SAYI AÇIQLANDI - Dəhşətli statistika
Bu gün, 08:48

Kreml Ukraynadakı amansız işğalçılıq müharibəsini davam etdirməklə təkcə Ukrayna tərəfinin deyil, öz əhalisinin də itkilərinə məhəl qoymadığını göstərir.
Ukraynadakı müharibədə azı 84 mindən çox rus əsgəri itkin düşüb.
“AzPolitika” xəbər verir ki, bu, 2024-cü ilin əvvəlindən Ukraynanın "Tapmaq istəyirəm" layihəsinə axtarış üçün rəsmən müraciət edən Rusiya ailələrinin sayıdır. “Verstka” kanalının nəzərdən keçirdiyi statistikaya görə, bu ilin aprel ayına qədər itkin düşən 58 min rus hərbçisi haqqında məlumatları emal etmək mümkün olub.
Toplanmış statistik məlumatlara görə, müharibədə ən az zabitlər itkin düşüb - onlar müraciətlərin cəmi 1,5%-ni təşkil edir. Eyni zamanda, qeyri-zabit rütbəsi olan hərbi qulluqçuların xüsusi çəkisi 61%-dir. Digər hallarda isə müraciətlərdə itkin düşmüş şəxslərin rütbələri göstərilmir.
İtkin düşən rus əsgərlərinin ən gəncinin 18, ən yaşlısının isə 67 yaşı olub. İtkin düşən əsgərlərin əksəriyyəti 30-39 yaş arasında olublar.
Ən çox hərbi qulluqçu Donetsk vilayətinin Pokrovsk rayonunda itkin düşüb. Bu, 13 minə yaxın müraciətdə qeyd olunub. Bu istiqamətdə Selidovo və onlarla kiçik kənd uğrunda döyüşlər gedib və 2024-cü ilin avqustunda Pokrovsk şəhəri uğrunda döyüşlər başlayıb.
İtkin düşənlərin sayına görə ikinci yerdə Donetsk vilayətinin Baxmut rayonudur. Bu istiqamətlə bağlı yeddi mindən çox müraciət var. Xatırladaq ki, 2022-ci ildən başlayaraq, “Vaqner” PMC-nin muzdluları tərəfindən aparılan Baxmut uğrunda döyüşlər müharibənin başlanğıcından bəri ən qanlı döyüşlərdən biri sayılır. Daha dörd min itkin düşmüşlə bağlı müraciət Kursk vilayətinə aiddir.
Rusiya hərbi qulluqçularını ən çox arvadları və bacıları axtarır. Bütün sorğuların yarıdan çoxunu onlar təşkil edirlər. Ataların müraciəti yalnız 1%-dir.
Bir daha qeyd edək ki, yuxarıda göstərilən rəqəmlər yalnız “Tapmaq istəyirəm” layihəsinə edilən rəsmi müraciətləri göstərir. Təbii ki, barəsində başqa rəsmi orqanlara müraciət edilən, yaxud ümumiyyətlə müraciət edilməyən, heç kimin axtarmadığı on minlərlə, bəlkə də daha çox itkin düşmüş rus əsgəri var…