5 min il yaşı olan qadın mumiyası tapıldı
Bu gün, 12:24

Alimlər Perunun Lima regionunda yüksək sosial statusa malik gənc bir qadının qədim dəfn yerini aşkar ediblər.
Bu barədə ölkənin Mədəniyyət Nazirliyinin saytında məlumat verilib.
“Bu, istisnai bir dəfn yeridir, çünki bu ərazidə adətən yalnız skelet qalıqları tapıldığı halda, burada dəri, saç və dırnaqlar qorunub saxlanılıb ki, bu da nadir haldır,” – deyə nazirlikdən bildirilib.
Aydınlaşdırılıb ki, tapılan qalıqlar 20-35 yaşlarında bir qadına aiddir. Onlar qədim balıqçı şəhəri olan və Karal sivilizasiyasına məxsus olan Aspero arxeoloji ərazisində aşkarlanıb. Karal – eramızdan əvvəl təxminən 3000–1800-cü illər arasında mövcud olmuş, Amerikanın ən qədim məlum sivilizasiyası hesab olunur.
Peru Mədəniyyət Nazirliyinin məlumatına görə, qadının cəsədi bir neçə qat parçaya bükülmüş, üzəri tutuquşu lələkləri ilə örtülmüş bir örtüklə bağlanmış və başında burulmuş sap topalarından ibarət bir baş geyimi olub.
“Qurbanların və dəfn mərasiminin xüsusiyyətləri göstərir ki, bu qadın yüksək sosial statusa malik olub. Bu da, qadınların cəmiyyətdə aparıcı rol oynadığına dair sübutları təsdiqləyir,” – deyə alimlər qeyd ediblər.
Dəfn yerində, qadının bədəni ilə birlikdə basdırılmış müxtəlif əşyalar da aşkarlanıb. Bunlar arasında hörülmüş səbətlər, bəzəkli iynələr, Amazon ilbizinin qabığı, muncuqlarla bəzədilmiş tukan dimdiyi, parça, batat kökləri və digər əşyalar olub. \\Ölkə.az