Bulvar İdarəsinin sabiq sədri 2 milyon, yoxsa 20 milyon mənimsəyib?

Dünən, 11:11           
Bulvar İdarəsinin sabiq sədri 2 milyon, yoxsa 20 milyon mənimsəyib?
Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin korrupsiya ittihamı ilə həbs edilmiş sabiq sədri İlqar Mustafayevin həbs müddəti daha 5 ay uzadılması diqqət çəkib. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə bu barədə təqdimat verib.

Təqdimatda əlavə sübutların toplanması üçün istintaq orqanına kifayət qədər vaxt verilməsi, təqsirləndirilən şəxsin həbs müddətinin uzadılması xahiş edilib. Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib. Qərara əsasən, İ.Mustafayevin həbsdə saxlama müddəti 5 ay artırılıb.

Yada salaq ki, Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri Hesablama Palatasının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciətdən sonra həbs edilmişdi. İbtidai istintaqla həmin İdarənin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin 2021-2023-cü illər ərzində İdarənin fəaliyyəti istiqamətləri üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talamasına, vəzifə səlahiyyətlərindən sui-sitifadə etməsinə və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı geniş istintaqla isə ziyanın 2 milyondan bir qədər çox olması təsdiqini tapıb. Toplanmış ilkin sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onun ittiham edildiyi maddələrin sanksiyasında 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Məlumata əsasən, İlqar Mustafayevin cinayət işindəki çoxsaylı epizodlardan biri bulvar ərazisində parkinqlərin quraşdırılması ilə bağlıdır. Bu epizodda dövlətin qanunla qorunan mənafeyinə xələl gətirən hərəkətlərlə külli miqdarda vəsait kənarlaşdırılıb. Digər bir epizodda isə təmir-quraşdırma işləri adı altında mənimsənilər pullardan söhbət gedir.

İlqar Mustafayev 2015-ci il mayın 15-də Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilib. O, 2016-cı ildə yenidən formalaşdırılan Dənizkənarı Bulvar İdarəsinin rəisi vəzifəsinə gətirilib. İlqar Mustafayev daha əvvəl Heydər Əliyev Fondunun əməkdaşı olub. İ.Mustafayevlə bağlı istintaqın bu qədər uzanması onu deməıyə əsas verir ki, mənimsəmənim miqdarı heç də 2 milyon deyil. 2 milyonluq yeytinti ilə bağlı üst-üstə 13 aylıq istintsaq müddəti kifayət qədər çoxdur. Ola bilsin ki, istintaqın qarşısında həm də mənmsənilən milyonların qaytarılması da var və bu səbəbdən işin məhkəməyə göndərilməsi yubanır.

Qeyd edək ki, bu müddət ərzində prokurorluq istintaqı yekunlaşdıra bilməzsə, qanulara görə əlavə vaxt üçün bu dəfə müstəntq deyil, baş prokuror və ya onun birinci müavini məhkəməyə müraciət etməlidir.

Qafqazinfo













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.