Xronika: Paşinyanın babasının iştirak etdiyi erməni legionunu Qərbi Azərbaycanla nə bağlayır? VİDEO
Bu gün, 12:37

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"Zəngəzurdan Hitlerin kabinetinə uzanan qaranlıq tarix" adlı süjetdə Qərbi Azərbaycanda erməni nasizminin törətdiyi qırğınlar, Ermənistanda nasizmin qəhrəmanlaşdırılması və təbliğindən bəhs olunub.
Bildirilib ki, Birinci Dünya müharibəsindən sonra Türkiyəyə qarşı döyüşən erməni daşnaklar Qərbi Zəngəzur bölgəsinə də soxularaq, qondarma "Böyük Ermənistan" xülyalarını reallaşdırmaq məqsədilə mülki əhaliyə qarşı soyqırımılar törədiblər: "1919-cu ilin sentyabrında Zəngəzura göndərilən casus Qaregin Njde azərbaycanlılara qarşı soyqırımı aktları törədib, mülki əhalini öz yurdundan deportasiya edib, kəndləri yandırıb".
Qeyd edilib ki, Qərbi Azərbaycan torpaqları bu gün Ermənistan adlanan dövlətin nəzarəti altına düşüb: "Qaregin Njde, nasizm Ermənistanda dövlət səviyyəsində qəhrəmanlaşdırılır və təbliğ edilir. 2016-cı il mayın 28-də İrəvanın mərkəzində Njdenin 130 illiyi münasibətilə 6 metrlik abidəsi ucaldılıb. Bu prosesə rəhbərlik edən ovaxtkı Prezident Serj Sarqsyanın rəhbəri olduğu Respublika Partiyasının gerbində nasizm simvolunun əks olunması təsadüfi deyil. 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan "demokrat" imici yaratmağa çalışsa da, daşnak-nasist ideologiyasına əsaslanan erməni xislətindən əl çəkə bilmədi və Njdenin qəhrəmanlaşdırılmasına, ümumiyyətlə, nasizmin təbliğatına xüsusi diqqət ayırdı".
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev 2019-cu ildə MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən toplantısında Ermənistanın Njdenin timsalında nasizmi qəhrəmanlaşdırılmasını gündəmə gətirdi və post-sovet məkanında diqqəti bu məsələyə yönəltdi: "Bundan sonra Ermənistan hökumətinə Njdenin heykəlinin sökülməsi ilə bağlı müxtəlif çağırışlar edilsə də, Baş nazir Nikol Paşinyan bu çağırışları "qulaqardına" vurdu. Çünki Paşinyanla eyni adı daşıyan babası Nikol Paşinyan da 1943-cü ildə Qarehin Njdenin legionunda Almaniya cəbhəsində vuruşub".
Sonda vurğulanıb ki, faşizm üzərində qələbənin 80-ci ili qeyd olunduğu dövrdə Ermənistan nasizmin qəhrəmanlaşdırılması və təbliği siyasətindən əl çəkməyib: "Lakin bunun nəhayətdə sonu olacaq. Vətən müharibəsindən sonra Qərbi Azərbaycana, ötən əsrin əvvəlində nasist Njde və dəstəsinin qırğınlar törətdiyi torpaqlara qayıdış reallığı yaranıb. Artıq Njdenin Zəngəzurda və İrəvanda qoyulmuş abidələrinin sökülməsinin, Cənubi Qafqazda, ümumilikdə post-sovet məkanında nasizmin qəhrəmanlaşdırılmasına son qoyulmasının vaxtı çatıb".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: