"Azercell" nömrəsi işlədənlərin diqqətinə - Yeni qayda belə olacaq - YENİLƏNDİ

4-06-2025, 12:24           
"Azercell" nömrəsi işlədənlərin diqqətinə - Yeni qayda belə olacaq - YENİLƏNDİ
"Azercell" 1 iyul tarixindən danışıq kartlarının istifadə müddəti və internet tarifləri ilə bağlı tətbiq etdiyi yeni dəyişikliklər geniş müzakirələrə səbəb olub. Xüsusilə, sosial şəbəkələrdə istifadəçilər dəyişiklər nəticəsində tariflərin qalxacağı və danışıq kartlarının nominalına uyğun istifadə müddətinin azalacağından şikayətlənərək, mobil operatorun boykot edilməsi yönündə çağırışlar edirlər.
"Azercell"dən məsələ ilə bağlı Teleqraf-ın sorğusuna cavabda qeyd edildi ki, 19 iyun 2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt nömrələrində danışıq kartlarının istifadəsi ilə bağlı yeni yanaşma tətbiq ediləcək:

"Bu dəyişiklik çərçivəsində, balansın mütəmadi şəkildə artırılması zərurəti aradan qaldırılır. Belə ki, balansda yetərli vəsait olduğu halda tarif paketinin aylıq abunə haqqı balansdan avtomatik çıxılacaq və nömrə 30 gün müddətində ikitərəfli, bu müddətdən sonra isə 90 gün ərzində birtərəfli (yəni müştəri ona gələn zəng və SMS-ləri qəbul edə bilir) olaraq açıq qalmağa davam edəcək.

Yeni yanaşmanın üstünlüyü ondan ibarətdir ki, tarifin istifadə müddəti ərzində abunəçi xəttini ikitərəfli açıq saxlamaqla yanaşı, tarifinin dəqiqə və internetindən tam yararlana biləcək. Məsələn, 2 AZN-lik istənilən tarif paketində abunəçiyə ödəniş müqabilində 25 dəqiqə şəbəkədaxili danışıq və 250 MB internet təqdim olunur. Müqayisə üçün qeyd edək ki, dəyişiklikdən öncə bu tariflərdən istifadə edən abunəçinin nömrəsinin 30 gün aktiv qalması üçün minimal 5 AZN, daha uzun müddət üçün isə 10 AZN (60 gün üçün) və 25 AZN (90 gün üçün) yükləməsi tələb olunurdu.

Mobil operator həmçinin bildirdi ki, 01 iyul 2025-ci il tarixindən etibarən bütün nominallara (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) dair yeni istifadə müddətləri müəyyənləşdirilib:

"Lakin əvvəlki qaydalarda da olduğu kimi kartın istifadə müddəti bitdikdən sonra belə, abunəçinin nömrəsi 90 gün ərzində birtərəfli olaraq açıq qalır". Yəni müştəri gələn zəng və SMS-ləri qəbul edə bilir.

Bundan başqa, şirkət Fakturasız (SimSim) xətt nömrələrinə aid bəzi tariflərə yeni qoşulmaları dayandıracaq. Belə ki, abunəçilər üçün daha əlverişli olan alternativ tarif paketlərini (məs. “Supersən”) nəzərə alaraq, aktuallığını itirməkdə olan “Azercellim”, “Bölgə”, “GəncSim”, “Sadə6”, “GəncOl həftəlik”, “GəncOl 6” və “GəncOl 9” tarif paketlərinə iyulun 1-dən yeni qoşulmalar mümkün olmayacaq.

"Onu da qeyd edək ki, dəyişiklik hazırda bu tariflərdən istifadə edən cari müştərilərə şamil olunmur. İyulun 1-nə kimi abunəçilər özləri bu paketlərdən imtina edib başqa tarifə keçid etməsələr, yuxarıda sözügedən tarif paketlərindən istifadəyə davam edə biləcəklər.

Nəticə olaraq bildiririk ki, müvafiq dəyişiklik Abunə Müqaviləsinin şərtlərinə və həmçinin Azərbaycanın qanunvericiliyinə uyğundur. Abunə Müqaviləsinin 2.7.-ci maddəsinə əsasən, Tariflər "Azercell" tərəfindən birtərəfli qaydada, Abunəçini ən azı 30 (otuz) təqvim günü əvvəl, müvafiq hallarda xidmətlərin xüsusiyyətləri, müəyyən müddətləri, bayram və əhəmiyyətli tarixləri, o cümlədən, müəyyən qrup və ya müxtəlif kateqoriya abunəçiləri əhatə edən kampaniya, aksiya və sair tədbirlər ilə əlaqədar isə ən azı 10 (on) təqvim günü əvvəl, abunəçilər üçün daha əlverişli, güzəştli və sərfəli vəziyyət yaradılan zaman isə öz mülahizəsinə əsasən dərhal və ya istənilən an kütləvi informasiya vasitələri ilə bu Müqavilədə müəyyən edilmiş qaydada, xəbərdar etməklə mövcud qanunvericiliyə uyğun olaraq, sərbəst şəkildə dəyişdirilə bilər", - şirkət açıqlamasında əlavə etdi.


***

15:24

"Azercell" 1 iyul tarixindən danışıq kartlarının istifadə müddəti və internet tarifləri ilə bağlı tətbiq etdiyi yeni dəyişikliklər geniş müzakirələrə səbəb olub. Xüsusilə, sosial şəbəkələrdə istifadəçilər dəyişiklər nəticəsində tariflərin qalxacağı və danışıq kartlarının nominalına uyğun istifadə müddətinin azalacağından şikayətlənərək, mobil operatorun boykot edilməsi yönündə çağırışlar edirlər.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Teleqraf-a açıqlamasında bildirdi ki, əvvəllər insanlar sadəcə 1–2 manat balans yükləməklə nömrələrini daha çox açıq saxlaya bilirdilərsə, yeni qaydalarla bu artıq mümkün olmayacaq:

“Bu sistem azgəlirli ailələr, yaşlı istifadəçilər, yalnız əlaqə üçün nömrə saxlayan uşaqlı ailələr və kənd yerlərində yaşayanlar üçün müəyyən rahatlıq təmin edirdi.

Məsələn, indiyədək 5 manat ödəyib 1 ay aktiv nömrə işlətmək, yəni kiməsə zəng etməklə danışmaq mümkün idi. İndi təklif olunan qaydalara görə isə bu 5 manatla vətəndaşın nömrəsi yalnız 5 gün aktiv olacaq. Balansda pul olsa da, danışmaq mümkün olmayacaq, bundan sonra sizin konturunuzun bəlli bir danışıq günü olacaq.

Tarifə qoşulanlar üçün isə vəziyyət daha incədir: Tarifiniz varsa, yalnız o tarifin tam haqqını yüklədikdə (məsələn, 10 manat), nömrəniz 30 gün açıq qalacaq. Əgər balansa 1 və ya 2 manat yükləsəniz – heç bir resurs aktivləşməyəcək, nömrə də cəmi 1-2 gün açıq qalacaq. Tarif “varmış” kimi görünür, amma realda istifadə etməyə icazə verilmir. Hər halda, görünən hələlik belədir”.

Osman Gündüz qeyd edib ki, rəqəmsal taransformasiyaya cavabdeh qurumlar fərqində olmalıdır ki, “Azercell” dövlət şirkətinin bu addımı dolayısıyla rəqəmsallaşmaya da mənfi təsir göstərəcək:

“Düşünürəm ki, Azercell tarif qaydalarına yenidən nəzər salmalı, ”1 manat – 1 gün” prinsipi ləğv edilməli, daha ağlabatan, müştəriyə yönəlik tariflər müəyyən etməlidir”.

“Azercell” şirkətinin media açıqlamasında bildirilir ki, yeni qaydalara əsasən, abunəçi balansına tarif haqqı qədər vəsait əlavə etdikdə – misal üçün, 2 AZN – tarif avtomatik olaraq yenilənəcək və nömrə 30 gün müddətində aktiv qalacaq. Bu, təqdim olunan danışıq və internet resurslarından tam və fasiləsiz istifadə üçün imkan yaradacaq.

Qeyd edək ki, əvvəlki sistemdə nömrənin aktiv qalma müddəti balansa yüklənən məbləğə əsasən müəyyən edilirdi. Müddət bitdikdə balansda istifadə olunmamış resurslar mövcud olsa belə, xidmətlər dayandırılırdı. Məsələn, “Azercellim” və ya “Bölgə” tariflərinə qoşulmuş istifadəçi 2 AZN yüklədikdə nömrə yalnız 10 gün açıq qalırdı. Bu isə istifadə olunmamış internet və danışıq resurslarından yararlanmağa imkan vermirdi.

Yeni mexanizm bu məhdudiyyəti aradan qaldıraraq istifadəçilərə daha çevik və müştəri yönümlü təcrübə təqdim edir.

Dəyişiklik bütün növ danışıq kartlarına (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) və elektron balans artırma üsullarına şamil olunur. Artıq balansa yükləmə məbləğdən asılı olmayaraq, sadəcə tarif ödənişi etməklə nömrəni tarif müddəti ərzində aktiv saxlamaq mümkün olacaq.

Bu yenilik “Azercell Telekom”un müştəri təcrübəsini təkmilləşdirməyə və abunəçilərə gündəlik rabitə ehtiyaclarına uyğun daha səmərəli xidmətlər təqdim etməyə yönəlmiş strategiyasının bir hissəsidir.

İKT mütəxəssisi, texnobloger Fərid Pərdəşünas isə sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib ki, istifadəçilərin xəttlərinin aktiv saxlanması üçün gündə 1 manat, ayda 30 manat balansa ehtiyac yoxdur. Tarif planının aylıq haqqını ödəmək kifayət edir. "Azercell"im və "Bölgə" planlarında olanlar və ya indidən keçid edib və plandan çıxmayanlar ayda 2 manat ödəməklə davam edə biləcəklər.

"Beləliklə, 30 gün xəttiniz açıq qalacaq. Tarif hər ay 2 manata yenilənəcək. 2 manat yükləmədiyiniz halda isə xətt 90 gün bir tərəfli açıq qalacaq. Məsləhətim odur ki, tarif paketlərinizi indidən öyrənin və ödənişləri ona görə həyata keçirdin", - mütəxəssis əlavə edib.

Xatırladaq ki, yanvar-aprel aylarında mobil operatorlar 388 milyon manat gəlir əldə ediblər. Bu sahədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 7,8% artaraq 1122,3 milyon manat təşkil edib ki, onun da 74,6%-i əhali tərəfindən istehlak olunub.

Hesabat dövründə rabitə xidmətlərinin qiymət indeksi 2024-cü ilin yanvar-aprel aylarına nisbətən 0.1% artıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.