Rusiyada terror dalğası ola bilərmi? (ŞƏRH)
Dünən, 09:44

"Mövcud durumda Rusiyanı yeni terror aktları da bürüyə bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Yusuf Bağırzadə deyib.
Ekspert bildirib ki, İstanbulda iki görüş keçirilməsinə baxmayaraq, Ukrayna ilə Rusiya arasında münasibətlər gərgin olaraq qalır:
"Ukrayna xüsusi xidmət orqanları Rusiya ərazisində aerodromlara dronlarla hücum təşkil edərək, 41 ədəd strateji təyyarəni məhv edib. Ukrayna hərbi qüvvələri tərəfindən də Krım körpüsünə hücum təşkil olunub. Rusiya hərbi qüvvələri də Ukraynanın mülki məntəqələrinə hücumlarını davam etdirir. İyunun 5-də Baltik-NATO deyilən təlimlər başlayacaq ki, burada da ABŞ başda olmaqla 17 ölkənin 9 min əsgəri və 50-yə yaxın hərbi gəminin iştirakı gözlənilir. Rusiya da Baltik dənizindəki hərbi obyektlərin nəzarətə götürülməsi barədə bəyanatlar verir. Kiyevlə Moskva arasında İstanbulda başa çatan ikinci görüşdən sonra Rusiyaya məxsus hərbi aerodromların vurulması və uzaqməsafəli təyyarələrin 34 faizinin məhvi Rusiyanın yenidən Ukrayna tərəfindən hücuma məruz qalacağını düşünməyə əsas verir".
Bu əsasda həmsöhbətimiz Rusiyada növbəti terror aktlarının olması ehtimalını da istisna etmir:
"Hadisələrin gedişi göstərir ki, Rusiyanın müvafiq qurumları daxildə təhlükəsizliyi tam şəkildə təmin etməyə qadir deyil. Bu mənada Rusiya hələ də terror təhdidindən demək olar ki, xilas ola bilməyib".
Qeyd edək ki, Ukrayna xüsusi xidmət orqanlarının Rusiya ərazisində 41 strateji təyyarənin məhvilə nəticələnən aerodromlara etdiyi hücum, ardınca Kiyevin Krım körpüsünü partlatması Rusiyanı əməlli-başlı çaş-baş salıb. Onun nəticəsi olaraq Rusiyanın böyük şəhərlərində terror aktlarının baş verə biləcəyilə bağlı məlumatlar yayılır. Üstəlik, bir neçə gün əvvəl Moskvada terrorun qarşısı alınıb.
Rusiya İstintaq Komitəsi Moskva ərazisində ictimai yerdə terror aktı hazırlanması barədə məlumat yayıb. Əməliyyat tədbirləri zamanı partlayıcı qurğunun gizlədildiyi yer aşkar edilib.