Abramoviçin "Çelsi"nin satışından əldə etdiyi 2,35 milyardın aqibəti necə olacaq?
Dünən, 17:24

Rusiya oliqarxı Roman Abramoviçin futbol klubu "Çelsi"nin satışından əldə etdiyi 2,35 milyard funt-sterlinq dəyərindəki vəsait Ukraynaya heç vaxt çatmaya bilər.
Valyuta.az "The Telegraph"a istinadən xəbər verir ki, Britaniya hökuməti bu riski əvvəldən bilirmiş.
Nəşrin məlumatına görə, Abramoviçin Rusiya prezidenti Vladimir Putinlə ehtimal olunan əlaqələrinə görə sanksiya tətbiq edildiyi vaxtda, "Çelsi" klubunun satışından əldə olunan vəsaitin necə xərclənməsi ilə bağlı hökumətlə oliqarx arasında hüquqi mübahisəyə hazırlıq aparılıb. Müzakirələr "öhdəlik müqaviləsi"nin şərhlərinə əsaslanır. Həmin müqavilədə Abramoviç pulu Ukrayna müharibəsinin qurbanlarına yardım məqsədilə xeyriyyəçilik üçün yönəltməyə razılıq vermişdi.
Klubu satışa çıxararkən Abramoviç bəyan etmişdi ki, vəsait Ukrayna müharibəsinin bütün qurbanlarının xeyrinə istifadə olunmalıdır. O, bu sıraya Rusiyadan olan bəzi şəxsləri də daxil etmək istəmiş, lakin bu fikir qəbul edilməmişdi.
2022-ci ildə aparılan danışıqlarda iştirak edən məmurlardan biri bildirib: "İlk gündən bu ehtimal bizi narahat edirdi. Bilirdik ki, belə bir risk var. Amma alternativ yox idi".
Onun sözlərinə görə, o dövrdə əsas qorxu bu idi ki, Abramoviç klubu vaxtında satmasa, "Çelsi"nin dağılması baş verə bilər və ya sanksiyalar ləğv olunduğu təqdirdə o, bu vəsaiti özünə qaytarmağa cəhd edərdi.
"Ona görə qərara alındı ki, pullar elə bir yerə yerləşdirilsin ki, Abramoviç onlara çata bilməsin. Sonra isə bu vəsaiti ağıllı şəkildə xərcləyəcək xeyriyyə fondu qurulsun. Bu işin indiyə qədər uzanması göstərir ki, hökumət bu əvvəlcədən məlum olan problemi həll etmək üçün nə səylər, nə resurs, nə də siyasi iradə ortaya qoyub", deyə məmur əlavə edib.
Müxtəlif mənbələr bu məsələni "kabusa çevrilmiş problem" adlandıraraq, Rusiya aktivlərinin müsadirəsini "siyasi baxımdan partlayıcı" adlandırıblar.
"Çelsi"nin satışından dondurulmuş vəsaitlər
Abramoviçin "Çelsi" klubunun satışından əldə etdiyi vəsait - təxminən 2,3 milyard funt-sterlinq - Ukraynaya yönəldilməli idi. Məlumatlara görə, bu məbləğə nəzarət etməli olan fondun rəhbəri BMT-nin Uşaq Fondunun (UNICEF) Böyük Britaniya üzrə keçmiş icraçı direktoru Mayk Penrouzdur. Vəsaitin əsasən təhsil müəssisələrinin bərpası, tibbi yardım və digər humanitar məqsədlərə sərf olunacağı planlaşdırılırdı.
Lakin sonradan "The Times" yazmışdı ki, Abramoviçin milyardları hələ də Ukrayna üçün əlçatan deyil. "Redress" təşkilatının hüquq müşaviri Lira Naytinqeyl bildirmişdi ki, vəsait naməlum səbəbdən istifadə olunmayıb.
2025-ci il iyunun 3-də məlum olub ki, Böyük Britaniya hökuməti bu pulu Ukraynaya yönləndirmək məqsədilə Abramoviçə qarşı məhkəmə iddiası qaldırmağa hazırlaşır.
Paşa Məmmədli