İki il ərzində Allahşükür Paşazadəni necə bitirdilər – prosesin pərdəarxası

3-11-2016, 11:43           
İki il ərzində Allahşükür Paşazadəni necə bitirdilər – prosesin pərdəarxası
Məhdudiyyətlər və leksiyalar Azərbaycanda dini mühiti dəyişə biləcəkmi; Şeyximiz niyə küncə sıxışdırılıb
rrAzərbaycanın dini mühitində son illərdə ciddi hadisələr baş verib. Ancaq bunların içərisində diqqət çəkən səs-küylü olaylar olsa da, eyni zamanda kölgədə qalan çox mühüm hadisələr var. Ən ciddi proses isə son iki ildə faktiki olaraq dövlətin dini proseslərə, necə deyərlər, “əl qoyması” tendensiyasıdır. Hər şey 2014-cü ilin əvvəlindən başladı.
Şeyxə olan ümidlər itdi
2014-cü ilin əvvəlində bir neçə hadisə baş verdi ki, bunlar hökumətin din sahəsində müəyyən addımlar atmasına və ya bu prosesi başlatmasına səbəb oldu. 2010-cu ildən sonra başlayan hicab qadağası etirazları, həbslər və dini zəmində gərginlik zamanı o vaxta qədər dini sahənin əsas kuratoru Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbəri faktiki kənarda qaldı. Daha sonra hökumət DQİDK sədrini dəyişdi və bundan sonrakı prosesdə dövlət özü dini icmalarla birbaşa iş görməyə başladı. Məlum oldu ki, dövlət qurumları artıq faktiki olaraq QMİ olmadan da dini prosesi idarə edir.
2014-cü ilin əvvəlində Suriyada islamçı qruplar arasında savaş başladıqdan sonra orda döyüşlərdə ölən azərbaycanlılar barədə xəbərlər artdı və ölkədə reaksiyalar göstərdi ki, QMİ, ümumiyyətlə, dini situasiyaya birbaşa təsir imkanını itirib. Yanvarda QMİ-nin verdiyi Suriya savaşı ilə bağlı fətvası isə ümumiyyətlə, çox təsirsiz oldu, heç bir ciddi reaksiya doğurmadı. Məlum oldu ki, Şeyxin təsir imkanı, sadəcə, məscidlərə axund təyinatı və son həddə polisi, yəni dövləti köməyə çağırıb hər şeyi polis gücü ilə həll etməyə çatır. Bunu isə istənilən əlaqədar qurum edə bilər. QMİ faktiki olaraq zəif quruma çevrilmişdi.
Image result for QMİ

Dövlət dini fəaliyyəti ələ alır
Ancaq təbii ki, Şeyxə və onun şəxsində QMİ-yə qarşı münasibətin kökündə başqa amillər də vardı. QMİ sədrinin klanının formalaşması, prezidentə yaxın və birbaşa təsir imkanının olması, nəzarətində və ya ətrafında toplanan iqtisadi güc onun rəqiblərini də çoxaltmışdı. Digər tərəfdən, son 10 ildə ölkədə baş verənlər göstərdi ki, Azərbaycanda əsas ictimai-siyasi proseslər məhz din amili üzərindən inkişaf edir və ya din amilinin təsiri var. Bu səbəbdən də belə bir həssas sahəni yalnız Şeyxə vermək olmazdı, din daha əvvəl olduğu kimi mənəvi məsələ deyildi, indi artıq həm də siyasi, iqtisadi, təhlükəsizlik məsələləri ilə bağlıdır.
Bu səbəbdən də dövlət başçısının sərəncamı ilə 2014-cü il fevralın 28-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidməti təsis edildi. Professor Kamal Abdulla isə prezidentin müşaviri təyin edildi. 2014-cü il mayın 15-də prezidentin fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. 2014-cü il oktyabrın 20-də DİQDK-da sədr Mübariz Qurbanlının iştirakı ilə bir qrup dinşünas və müxtəlif dini konfessiyaların nümayəndələrinin iştirak etdiyi toplantı keçirildi. Həmin toplantıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni dinşünaslıq üzrə komissiya yaradıldığı elan edildi.
Diqqət çəkən odur ki, hər iki dövlət qurumu – həm müşavirlik, həm də DQİDK – məhz həmin ildən dini maarifçilik fəaliyyətini həyata keçirəcəklərini bəyan etdilər. Halbuki müşavirlik həmin il yaransa da, DQİDK artıq 13 il idi ki, fəaliyyət göstərirdi və bu müddətdə dövlət qurumu dini təbliğat, maarifçilik kimi fəaliyyətlər həyata keçirmirdi. Çünki Azərbaycanda konstitusiyaya əsasən, din dövlətdən ayrıdır və dövlət qurumunun dini maarifçilik, dini təbliğat aparması ana qanuna ziddir. Ancaq bu çağa qədər formal da olsa bu normaya əməl edib. Ancaq 2014-cü ildən başlayaraq artıq hökumət dini fəaliyyətləri öz üzərinə götürdü.
Baxmayaraq ki, hələ də qüvvədə olan konstitusiya dövlətin dini fəaliyyətini yasaqlayır. Həmin il dövlətin müsəlman dini icmalarına yardımı ilk dəfə olaraq QMİ vasitəsilə deyil, DQİDK vasitəsilə verildi. Buna qədər isə hər il dövlətin qeyri – müsəlman dini icmalara yardımları DQİDK-ya ayrılır, dövlət qurumu sonra bu pulu bölürdü. Müsəlman icmalarına yardım isə QMİ vasitəsilə ayrılırdı. Ancaq 2014-cü ildə bu qayda dəyişdi. Bundan başqa yenə həmin il dövlət orqanları QMİ-nin başı üzərindən qərar qəbul edərək ehsan süfrələrini ləğv etdi. İlk dəfə bu zaman QMİ ilə hökumət qurumları arasında çat ortaya çıxdı.
Gələcəyə Şeyxlə Şeyxsiz

Image result for Allahşükür
Yaxın Şərq və Mərkəzi Asiyada davam edən gərginlik Azərbaycana da istər-istəməz sirayət edir, dini sahədə gərgin atmosfer, dövlət orqanlarının sıx nəzarətini qaçılmaz edir. Bir tərəfdən artan radikalizm, bölgəmizdə din amilinin hədsiz siyasiləşməsi faktoru fonunda hökumətin vəziyyətlə bağlı konkret fəaliyyət proqramının olmaması görünür. Daha doğrusu, ənənəvi metodlardan o tərəfə keçmir. Hələlik hökumətin elan etdiyi dini radikalizm və xurafata qarşı mübarizə yalnız dini kitabların müsadirəsi, dini atributların yığışdırılması və bir də az qala hər rayonda və kəndlərdə keçirilən konfranslardan ibarətdir. Rayon fəalları və dövlət orqanları işçiləri ilə keçirilən konfransların hansı təsirinin olduğu hələ ki bizə məlum olmasa da, paralel olaraq məhdudiyyətlərin artması açıq gözlə müşahidə olunur. Din sahəsində son illərdə davamlı olaraq qanunlar sərtləşdirilib, qadağalar, məhdudiyyətlər artırılıb. Bunların yanında elementar dini maarifçilik fəaliyyəti olan Quran kursları, dini tədris müəssisələrinin sayı yox deyiləcək qədər azalıb. Bunların da çox hissəsi əsas böyük məscidlərdə və daha əvvəldən mövcud olanlardır. Bu isə onu göstərir ki, dövlətin faktiki olaraq dini maarifçilik fəaliyyəti yoxdur, bu fəaliyyət adı ilə əsasən radikalizmə qarşı sovet dövrünün təcrübəsi olan leksiyalar aparılır.
Təbii ki, Azərbaycanda dini maarifçilik aparılır, ancaq gizli şəkildə, məscidlərdə, icmalarda, mədrəsələrdə öyrədilməyən din, Quran evlərdə, fərdi, yəni həm də gizli olaraq aparılır. Gizlilik isə dövlət üçün zərərlidir.
Bütün bunların fonunda QMİ həm rəqibləri tərəfindən çıxışdırılması, həm də faktiki olaraq hərəkətsiz olması səbəbindən proseslərdən tamamilə kənarda qalıb. Demək olar ki, QMİ-nin xətti ilə heç bir dini fəaliyyət yoxdur. Dini mövzulu dövlət tədbirlərinə isə QMİ nümayəndələri qonaq kimi dəvət olunur. Digər tərəfdən, builki Aşura mərasimi zamanı «Təzəpir» məscidindəki əhalinin sayı göstərdi ki, QMİ-nin dini camiədə, dindarlar arasında hətta bir neçə il əvvəl olduğu qədər nüfuzu qalmayıb.
Təbii ki, Şeyxin şəxsi nüfuzu və rəhbərlik etdiyi qurumun tarixi ənənəsi, adı belə Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Bu səbəbdən QMİ hələ də formal da olsa dini idarə, ruhani mərkəz olaraq qalır. Amma faktiki olaraq Şeyxin və QMİ-nin dini proseslərə ciddi təsir imkanları yoxdur.

Kənan RÖVŞƏNOĞLU












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.