“BİR ƏLİ NAĞIYEV, BİR DƏ JİRİNOVSKİ…” - Təhsil ekspertindən sabiq nazirə cavab

7-11-2016, 01:15           
“BİR ƏLİ NAĞIYEV, BİR DƏ JİRİNOVSKİ…” - Təhsil ekspertindən sabiq nazirə cavab
YAP-ın qurucularından biri, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri, professor Əli Nağıyev mətbuata müsahibəsində ölkədə təhsilin vəziyyəti haqqında açıqlamalarla çıxış edib. O, təhsilin ağır durumda olduğunu iddia edərək, ölkədəki az qala bütün problemləri bununla əlaqələndirib. Bu iddialarla bağlı təhsil eksperti, “XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevin fikirlərini öyrəndik.

- Etibar müəllim, sabiq nazir Əli Nağıyev modern.az-a verdyi müsahibəsində ölkədə təhsilin vəziyyətinin ağır durumda olduğunu bildirib. Əli Nağıyev bildirib ki, “Azərbaycanda təhsil yarımcan vəziyyətdədir. Bir var görkəm, bir də var məna… Təbii ki, təhsildə görkəmlə çox şey dəyişib…. Mənaca isə daha da pisləşib”. Siz həm bir təhsil eksperti, həm də Əli Nağıyevi tanıyan bir şəxs kimi, onun bu fikirlərini nə qədər doğru və səmimi hesab edirsiniz?

-Yaxşı yadımdadır, Əli Nağıyev deputat olduğu vaxtlar Milli Məclisin tribunasından təhsili möhkəm tənqid edəndə, Misir Mərdanov ona cavab olaraq dedi ki, xalqımızın səviyyəsini bir Əli Nağıyev, bir də Jirinovski aşağılayıb. Ondan sonra Nağıyevin səsi çıxmadı. İndi təhsilin onun hardan yadına düşməsini bilmirəm. Ancaq bir şeyi bilirəm ki, insanın dedikləri ilə əməlləri üst-üstə düşməlidir. Soruşmaq lazımdır, fizika-riyaziyyat emləri doktoru, professor olaraq onun təbirincə desək niyə yarımcan təhsili canlı təhsilə çevirmək üçün bir işin qulpundan yapışmır? Niyə dərs demir? Niyə kitab yazmır? Niyə bir nəfər də olsa kasıb istedadlı uşağa kömək etmir və s. Əli müəllimi axırıncı dəfə auditoriyada görən olubmu? Məsələn Əli Nağıyev kimi xeyli məmur və deputat vəzifə tutduqları vaxt ali məktəblərdə dərs yüklərini və kafedra müdiri vəzifəsini saxlayıblar. Auditoriyada onları başqa müəllimlər əvəz edib. “Təhsil millətin gələcəyidir” ifadəsi gözəldir. Ancaq hamı bu məsuliyyəti dərk etməlidir. Səmimi deyirəm, bu gün fənn olimpadasında yer tutan məktəbli daha çox təhsilin qulpundan yapışır, nəinki Əli Nağıyev kimi professorlar.


- Əli müəllim müsahibəsində deyir ki, nə qədər məktəb tikilib, nə qədər məktəbin içi abadlaşdırılıb. Bunlar təhsilə xidmətdir. Ancaq təhsilin durumu daha da pisləşib. Sübut kimi də,10 il qabaq ali məktəblərə ən aşağı qəbul balının 300, indi isə 150 olmasını göstərir. Bunun prezidenti və milləti aldatmaq olduğunu bildirərək, belə bir vəziyyətiun yaranmasında hazırda təhsilə rəhbərlik edən şəxsləri ittiham edir.

-Mən bu müsahibəmdə heç kimin tərəfini tutmaq niyyətində deyiləm. Ancaq Əli müəllim yanlışlığa yol verir. Artıq ötən tədris ilindən ali məktəblərə keçid balı 200 bal müəyyənləşdirilib. Obyektivlik naminə demək lazımdır ki, bu qərar Mikayıl Cabbarovun təklifi əsasında gerçəkləşib. Bu faktın özü onu göstərir ki, professor Nağıyev təhsildə gedən proseslərdən xəbərdar deyil. Yəqin ki, o, bu il Azərbaycan məktəblilərinin Beynəlxalq fənn olimpiadalarında möhtəşəm qələbələrindən də xəbərsizdir. Əli müəllim bilirmi ki, 2016-2017-ci tədris ilində qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı 34475 nəfər (43,9%) təşkil edib ki, bu da ötən ilki göstəricidən 3,9%, 2014-ci ildəki göstəricidən isə 9,2% artıqdır. Bilirsiniz yüksək elmi titul daşıyan adamlar analitik düşüncəyə sahib olmalıdırlar. Təəssüflər olsun ki, bu çox vaxt belə olmur. Biz də bilirik ki, təhsilimiz ideal vəziyyətdə deyil. Ancaq bunun səbəblərini gərək obyektiv qiymətləndirəsən. Uzun illər ərzində təhsilimizdə mövcud olmuş, yığılıb qalmış problemləri bir-iki ilin ərzində aradan qaldırmaq mümkün deyil. Bu baxımdan Əli müəllim problemlərdən danışırsa, yaxşı olardı ki, bunun nə zamandan bəri mövcud olduğunu da açıqlayardı. Onun son illər təhsildə aparılan ciddi islahatları görməzdən gəlməsi də, obyektivliyinə şübhə yaradır.
Eləcə də, ölkədəki bəzi sosial problemləri təhsillə əlaqələndirməsini doğru hesab etmək mümkün deyil. Əli müəllim intiharları, yol qəzalarını təhsilin səviyyəsinin aşağı olması ilə bağlayır. Onda belə çıxır ki, ən çox intihar halları baş verən Skandinaviya ölkələrində təhsilin səviyyəsi aşağıdır? Yol qəzalarını törədənlərin peşəsinə baxanda onların içərisində həkim də var, müəllim də var, alim də var. Bu fenomenləri birmənalı şəkildə təhsilə bağlamaq doğru deyil.

-Etibar müəllim Əli Nağıyev müsahibəsində deyir ki, “təhsil naziri proqram qurmalıdır və gedib prezidentə təhsili yarımcan vəziyyətdən qurtarmaq üçün 1, 3, 5, hətta 10-cu tədbirin nədən ibarət olacağını da məruzə etməlidir. Bu işlər görülsə, 3 ildən sonra nə baş verəcək, 5 ildən sonra hansı nəticəni əldə edəcəyik? O zaman təhsili yarımcan vəziyyətdən normal Avropa təhsili səviyyəsinə yüksəltmək olar”. Sizcə nazirliyin inkişaf proqramı yoxdur?

-Ölkə başçısının sərəncamı ilə Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Starategiyası sənədi qəbul olunub. Bu sənəd çox mükəmməl sənəddir və onun icrası təhsilin bütün pillələrinin inkişafına xidmət edir. Yəni 3 ildən sonra 5 ildən sonra hansı nəticələrin əldə olunması izlənilir. Əli müəllim kifayət qədər ağıllı adamdır və təhsilin yarımcan vəziyyətə salınmasının dövrünü çox yaxşı bilir. Bu onun Milli Məclisdə etdiyi pafoslu çıxışı əhatə edən dövrlərdir. Məktəb direktorlarının imtahanla təyin olunmasını, tələbə köçürmələrinin elektron formada həyata keçirilməsini, təhsil sahəsində istedadlı gənclərin təmənnasız irəli çəkilməsini, uşaqların və gənclərin elmə həvəsinin artırılması istiqamətində ciddi işlərin görüldüyünü hamı bilir. Əli müəllim fikirlərində səmimi olsaydı heç olmasa son 3 ildə saxta diplomların kökünün kəsilməsi istiqamətində aparılan qətiyyətli işlərin faydasından da danışardı.
Mərhum Əlövsət Osmanlı son nəfəsinə qədər təhsilimizdəki neqativ hallara qarşı mübarizə apardı. O, Əli müəllimdən fərqli olaraq mübarizə apardığı dövrdə təhsilimizi reanimasiyada görürdü. Əli müəllim sadəcə həmin dövrün təhsilini başqa cür adlandırıb. Bir də vəzifədən düşən adamlar nədənsə, yaman pessimist olurlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.