MTN-də TANAP haqda şübhəli sual: - Çovdarov BP-nin işçisini niyə dinlədib...
7-11-2016, 13:55
Ləğv edilmiş MTN-nin keçmiş idarə rəisi, general Akif Çovdarovun işi üzrə zərərçəkənlərdən biri də BP şirkətinin əlaqələr üzrə aparıcı mütəxəssisi İbrahimov Emil Əli oğludur.
Virtualaz.org xəbər verir ki, onun adı bir qrup sahibkarın telefonlarının qanunsuz dinlənilməsi epizodu üzrə keçir. Belə məlum olur ki, Çovdarovun idarəsi həmin əməkdaşa BP tərəfindən verilmiş korporativ telefon nömrəsini qanunsuz dinləməyə qoyub.
Emil İbrahimov ifadəsində deyib ki, 2014-cü ilin aprel ayından BP-də əlaqələr üzrə aparıcı mütəxəssis işləyir. İşi şirkətin həyata keçirdiyi layihələr üzrə əlaqələndirməni həyata keçirməkdir. İbrahimovun bildirdiyinə görə 2015-ci ilin may ayında, saat 10 radələrində onun həmin telefon nömrəsinə zəng edilib. Zəng edən şəxs özünü MTN əməkdaşı kimi təqdim edib, ona bildirib ki, təcili nazirliyə gəlsin.
BP əməkdaşı cəmi iki saat sonra MTN-də olur. Onu qapıda qarşılayıb MTN-nin inzibati binasının 4-cü mərtəbəsinə (Çovdarovun idarəsinin yerləşdiyi mərtəbəyə) qaldırırlar. İbrahimovu dəhlizdə bir qədər gözlədirlər və daha sonra otaqlardan birinə aparırlar. Orada onu 35-37 yaşlı, adını, vəzifəsini bilmədiyi MTN əməkdaşı qəbul edib.
Həmin MTN vəzifəlisi əvvəlcə BP əməkdaşından ümumi məlumatları soruşur, şirkətdə işinin nədən ibarət olduğu haqda suallar verir. İbrahimov bildirir ki, işi əsasən TANAP və TAP qaz kəmərləri layihəsi ilə bağlı əlaqələndirməni həyata keçirməkdən ibarətdir. MTN əməkdaşı (Çovdarovun idarəsinin işçisi Akif Əliyev) bu zaman BP əməkdaşına TANAP və TAP layihələri ilə bağlı şübhəli sual verir. “Bu layihələrin Azərbaycan respublikası üçün hansı siyasi riskləri var?”-deyə ondan soruşur.
BP işçisi cavabında deyir ki, bu kimi siyasi suallara cavab vermək səlahiyyətində deyil. Çünki işi ancaq şirkətdaxili əlaqələndirmədən ibarətdir. Daha sonra MTN əməkdaşı torpaq və əmlak proqramı ilə əlaqəli suallar verib. İbrahimovu MTN-də təxminən 3-4 saat saxlayıblar. Deyir ki, nazirlikdə ona qarşı qanunsuz rəftar olmayıb, MTN işçilərindən heç kimi şəxsən tanımır.
Bu epizoddan məlum olur ki, Çovdarovun idarəsi “Avromed” MMC-nin direktoru Elşad Abdullayevin, əczaçılıq sektorunda fəaliyyət göstərən “Paşalar” MMC-nin təsisçisi Vüqar Əliyevin, tibbi ləvazimatların satışı ilə məşğul olan “Vivalap” firmasının rəhbəri İlqar Budaqovun da telefonlarını dinlədib.
Zərərçəkmiş şəxslərdən İlqar Budaqov deyir ki, onun “Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən ofisinə 2015-ci ilin mart ayında bir qrup MTN əməkdaşı daxil olub. Onlardan biri özünü Azər Əliyev (ötən il özünü binadan ataraq intihar edib.-red) kimi təqdim edib. Məhkəmə qərarını göstərərək ofisində axtarış aparılacağını bildirib. 1 saatdan çox axtarış aparılsa da MTN-çilər heç nə götürməyiblər.
Ancaq Azər Əliyev deyib ki, Budaqov qeyri-qanuni dərman alveri ilə məşğul olur və 30 min manat verməsə onu “podvala basdıracaq”. Bir gün sonra MTN əməkdaşı ona zəng vurub biznesinə “krışalıq” təklif edir. Budaqov MTN-çinin dediyi məbləğə gücünün çatmadığını bildirir, Əliyev məbləği 10 minə salır. Ancaq sahibkar buna da razılaşmır. MTN-çi onu təhdid etməkdə davam edir. Nəhayət ona deyir ki, ayda 1000 manat versə biznesinə “krışalıq” edə bilər. Budaqov isə ayda 200 manata razılaşır, ancaq bir müddət sonra eşidir ki, “krışa” özünü yaşadığı evin “krışa”sından ataraq intihar edib...