Terror, çevriliş, siyasət: CİA-nın gizli tarixi - DOSYE

7-11-2016, 15:57           

Müasir dünyada hər bir dövlət uğulu xarici siyasət yürüdə bilmək üçün dəqiq və qabaqlayıcı informasiyalara – o cümlədən, kəşfiyyat materiallarına ehtiyac duyur. Lakin diplomatiya tarixində heç bir təşkilat Amerikanın gizli servisi CİA (Central İntelligence Agency) qədər həlledici rola malik olmayıb. Hər birimizə ən azı filmlərdən tanış olan və mərkəzi qərərgahı Lenqlidə (Virciniya ştatı) yerləşən bu təşkilat İkinci Dünya Müharibəsindən sonra Amerikanın xarici siyasətinin ən önəmli sütünu olmağa başladı.

CİA 1947-ci ilin 18 sentyabrında yaradılıb, 20 mindən çox işçisi var. Büdcəsi gizli saxlanılır. CİA-nın qurucusu Villiam Donovandır. Hüquqşünas, hərbçi və kəşfiyyatçı olan general Villiam Josef Donovan İrlandiyada mənşəlidir, birinci dünya müharibəsində Fransa cəbhəsində “Vəhşi Bill” adını qazanmışdı. İki dünya müharibəsi arasındakı dövürdə Amerikanın Avropa dövlətlərilə diplomatik münasibətlərinin genişlənməsi üçün çalışan Donovan prezident Ruzveltin dostluğunu qazana bilib. Bu dostluq onu Amerika kəşfiyyatının atası sayılan OSS (Office of Strategic Services - Strateji Xidmətlər İdarəsi) rəhbəri vəzifəsinə qədər yüksəltdi. Donovan ölənədək Amerika prezidentlərinin kəşfiyyat məsələləri üzrə məsləhətçisi olmuşdu.

Donovan hələ İkinci Dünya Müharibəsi dövründə Amerikanın kəşfiyyat idarəsinə ehtiyacı olduğunu deyirdi.1942-ci ilin 13 yanvarında Franklin Delano Ruzveltin əmri ilə OSS quruldu. Bu idarənin qurulmasında məqsəd Almaniya, İtaliya və Yaponiyanın işğal altındakı torpaqlarında kəşfiyyat və sabotaj fəaliyyətilə məşğul olmaq idi. Savaş bitdikdən sonra OSS ləğv edildi, səlahiyyətləri isə Xarici İşlər Nazirliyinə verildi. Lakin müstəqil kəşfiyyat idarəsinə ehtiyac da gündən-günə artmaqda idi.

İkinci dünya müharibəsi bitdikdən sonra Sovetlər Birliyinin Şərqi Avropada mövqeyi güclənməyə başlayır. Amerika isə buna cavab olaraq Qərbi Avropa ölkələrini öz təsiri altına almağa çalışırdı. Bu, Amerikanın xarici siyasətinin hədəflərindən sadəcə biri idi. ABŞ komunizmə qarşı hər vasitə ilə mübarizə aparmaqda israrlı idi. Prezidenti Harri Truman 1947-ci ildə CİA-nın yaradılmasına yaşıl işıq yandırır.

CİA Avropada: “Gladio”

CİA-nın ilk işlərindən biri 1948-ci ildə İtaliyada keçirilən seçkilərdə kommunistlərin hakimiyyətə gəlməsinin qarşısını almaq idi. Truman Qərbi Avropada komunistlərin hakimiyyətə gəlməsinə göz yuma bilməzdi. Bu kampaniyaya 10 milyondan çox vəsait xərcləndi. Hətta CİA mətbuata da əl atmışdı. Belə ki, komunistlərin hakimiyyətə gələcəkləri təqdirdə din adamlarını qıracaqlarına dair yalan məlumatlar dərc etdirərək, qorxu yaratmağa çalışırdı. Bütün bu addımlar nəticəsiz qalmadı. Seçkiləri Xristian Demokrat Partiyası qazandı. CİA tərəfindən İtaliyada aparılan bu əməliyyatlar “İtalian job” kod adıyla kəşfiyyat tarixinə düşüb.



CİA təkcə İtaliyada kommunistlərə qarşı mübarizə aparmaqla kifayətlənmirdi. Qərbi Avopanın digər ölkələrində də kommunistlərin hakimiyyətə gəlməməsi üçün nəhəng gizli təşkilatlar qurmuşdu. Gizli təşkilatlardan sadəcə biri olan və “Gladio” adı verilən servis 15 min nəfərlik ordudan ibarət idi.

“Gladio” təşkilatı Fransa, Belçika, Hollandiya, Qərbi Almaniya və Türkiyə başda olmaqla, bütün NATO ölkələrində müxtəlif adlarla, amma eyni məqsədlə fəaliyyət göstərirdi. Latın dilində tərcümədən “qılınc” mənasını verən “Gladio” sol qüvvələrin hakimiyyətə gəlməməsi üçün bütün vasitələrdən, hətta terrordan da istifadə etməli idi və edirdi də. Şimali İtaliyada 139 yerdə silah ambarları var idi. 1990-cı ildə aparılan araşdırmalar nəticəsində “Gladio”nun 622 nəfər qrup rəhbərinin olduğu aşkarlanmışdı. Hər bir qrup liderinin isə bəlli sayda “döyüşçüsü” var idi. 1969-80-cı illər ərzində İtaliyada törədilmiş 4300 teror hadisəsində “Gladio”nun əli var idi.

Onun Avropadakı bir çox əməlləri hələ də müəmma olaraq qalır. Amma “Gladio”nun NATO ilə iş birliyində olduğu və ABŞ-ın gizli serverləri tərəfindən idarə olunduğu birmənalıdır. Təşkilatın İtaliyada adı “Gladio” idisə, Yunanistanda “B-8” ya da “SheepSkin”, Belçikada “SDRA-8”, Hollandiyada “NATO Command”, Qərbi Almaniyada “Gehlen” təşkilatı, Avstriyada “Schvert”, Fransada “Külək Gülü”, İspaniyada “Anti-Terror Qrupu” (GAL), İngiltərədə isə “Secret British Network” olaraq tanınır.

Keçmiş nasistlər iş başında

“Gehlen” təşkilatı haqda xüsusi danışmağa ehtiyac var. İkinci Dünya Müharibəsinin qalibləri Nurenberq Məhkəməsində nasistlərin liderlərini cəzalandırsalar da, Amerika onlardan bəzilərilə iş birliyindən çəkinmədi. Belə şəxslərdən biri Nasist Almaniyasının casusu Reinhard Gehlen idi. ABŞ-ın SSSRİ haqqında önəmli bilgilərə malik olan olan Gehlen kimi bir casusa ehtiyacı vardı. OSS-in direktoru Donovanla görüşdükdən sonra o, Qərbi Almaniyada öz adını daşıyan “Gehlen təşkilatı”nı qurur. Bu təşkilat Almaniya Federativ Respublikası qurulana kimi fəaliyyət göstərir, 1956-cı ildə isə onun əsasında BND - Qərbi Almaniya Kəşfiyyat Servisi yaradılır. Alman ordusunun 350 keçmiş kəşfiyyatçısı bu təşkilatda işə götürülmüşdü.

CİA İranda: “Ayaks” əməliyyatı

1951-ci ildə İran neftini milliləşdirən baş nazir Məhəmməd Musəddiq bu hərəkətilə İngiltərənin Yaxın Şərqdəki neft siyasətinə həm böyük zərbə vurdu, həm də İkinci Dünya Müharibəsindən sonra qalib ölkələrin regionda yürütmək istədikləri siyasətlə barışmadığını göstərdi. Baş verən hadisələr CİA üçün İngilislərin gizli təşkilatı olan MI6 ilə birlikdə “Ayaks əməliyyatı”nı həyata keçirməyə fürsət yaratdı.

Əməliyyatın İrandakı gizli adamı Ruzveltin nəvəsi, OSS-in keçmiş əməkdaşı Kermit Ruzvelt idi. İran mediasında Musəddiqə qarşı kampaniya başladıldı. Əhali pul verilərək, şahı dəstəkləmək üçün küçələrə çıxarıldı. Ordunun da onlara dəstək verməsi ilə Musəddiqin üsyanı sona çatdı.

“Ayaks” əməliyyatının uğurla getdiyi dövürdə CİA rəhbərliyinə Alen Dalles gətirildi.

Dalles karyerasına xarici işlər nazirliyində başlayıb.Osmanlı imperiyası və daha sonra Türkiyə Cumhuriyyəti ilə Amerika arasında münasibətlərin inkişafında böyük rolu olub. OSS-da çalışdığı müddətdə alman zabitlərilə yaxın əlaqələr quraraq, V1 və V2 raket proqramları ilə bağlı mühüm məlumatlar əldə etmişdi.

İranda əldə edilən uğur Dallesi bu dəfə Qvatamelaya müdaxilə etməyə cəsarətləndirir. Məqsəd ölkənin solçu rəhbəri Jakobo Arbenz Quzmanı devirmək idi. Quzmanın hədəf seçilməsinə səbəb ölkəsindəki Amerika ərzaq şirkətini milliləşdirmək istəməsi idi.

Qvatemalada siyasi vəziyyəti gərginləşdirmək üçün müxtəlif sabotajlar edilirdi. Hətta CİA qonşu Hondurasda üsyançı bir ordu yaratdı. CİA tərəfindən tutulan Amerikalı pilotun Qvatamela ordusuna aid tankları bombalaması ilə ölkədə vəziyyət daha da pisləşdi və Arbenzin devrilməsilə yekunlaşdı. Hakimiyyət isə Amerikanın dəstəklədiyi generallardan birinin əlinə keçdi.

CİA-nın “uçan gözləri”: U2

SSR-nin artan nüvə gücündən narahat olan CİA düşməni daha yaxından izləyə bilmək üçün olduqca bahalı və riskli əməliyyata başladı. Nəticəsində “U2” casus təyyarəsi yarandıldı. Prezident Eyzenhauer bu təyyarə ilə sovet əraziləri üzərində gizli uçuşların edilməsinə icazə verdi.

Pakistanda U2 təyyarələri üçün xüsusi hava limanın ayırılmasına da nail olundu. Bu bölgə Orta Asiyadakı Sovet Respublikalarının izlənməsi üçün əlverişli yer idi.

9 aprel 1960-cı ildə rəsmi tapşırıqla havaya qalxan U2 Orta Asiya səmasında uçub, Rusiyanın nüvə sınağını keçirdiyi yerləri müşahidə edib, Baykonur kosmik bazasının və digər strateji obyektlərin şəkillərini çəkdi.azvizion/

(Ardı var)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.