Böhran PAŞA Banka niyə təsir etmir?

7-11-2016, 20:55           
Böhran PAŞA Banka niyə təsir etmir?
Bankların sıradan çıxdığı bir vaxtda bu bankın gəlirləri 84,5 faiz artıb

PAŞA Bank ASC 2016-cı ilin 9 ayını 12 milyon 654 min manat xalis mənfəət ilə başa vurub


“Marja” Paşa Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, yanvar-sentyabr aylarında bankın cəmi gəlirləri 137 milyon 315 min manat, o cümlədən, faiz gəlirləri 77 milyon 53 min manat, qeyri-faiz gəlirləri 60 milyon 262 min manat təşkil edib. Qeyri-faiz gəlirlərinin 43 milyon 346 min manatını məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir təşkil edib.

Ötən ilin analoji dövrü ilə müqayisədə PAŞA Bankın cəmi gəlirləri 84,5 faiz artıb. Hesabat dövründə PAŞA Bankın xalis əməliyyat mənfəəti 66 milyon 602 min manat təşkil edib. Xalis əməliyyat mənfəətinin 46 milyon 672 min manatı ehtiyatılara ayrılıb, 7 milyon 277 min manatı isə mənfəəti vergisi olaraq ödənilib. PAŞA Bank 2015-ci ilin yanvar-sentyabr ayında 74 milyon 442 min manat cəmi gəlir əldə etmiş, 7 milyon 602 min manat zərər açıqlamışdı. 30 Sentyabr 2016-cı il tarixinə PAŞA Bankın cəmi aktivləri 2 milyard 782 milyon 552.88 min manat, öhdəlikləri 2 milyard 413 milyon 947.21 min manat, cəmi kapitalı isə 368 milyon 605 min manat təşkil edib.

31 Dekabr 2015-ci il tarixində, PAŞA Bank 2 milyard 136 milyon 163.69 manat cəmi aktivlərə, 1 milyard 776 milyon 125.54 min manat cəmi öhdəliklərə, 360 milyon 38.15 min manat cəmi kapitala malik idi. Bu ilin 9 ayında, ötən ilin sonu ilə müqayisədə Bankın aktivləri 30,3 faiz artıb.

Azərbaycanda maliyyə böhranının dərinləşdiyi bir vaxtda PAŞA Bank-ın gəlirlərinin artması təəccüb doğurur. Banklar arda-arda sıradan çıxarır, kreditlərlə bağlı güzəşt məsələsi gündəmə gələndə hökumət rəsmiləri bunun onsuz da böhran keçirən banklara ciddi zərbə olacağını vurğulayır, amma bütün bunlara baxmayaraq, yalnız PAŞA Bank varlanır? Bunun sirri nədədir? Necə olur ki, ölkə böhranın içində çabaladığı bir dönəmdə bir bank digər banklardan fərqli olaraq mənfəətini artıra bilir?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.