Bakıda qısqanclıq cinayətə çevrildi — TƏFƏRRÜAT
Bu gün, 08:24

Bakının Sabunçu rayonunda 38 yaşlı kişinin həyat yoldaşı ilə mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Bərdə rayon sakini, 1987-ci il təvəllüdlü Babək yaşadığı evim qonaq otağında qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı arvadı Xatirəni (adlar şərtidir – red.) əl zərbələri ilə sifətindən, baş nahiyəsindən və qolundan vurub.
Hadisəni törədən Babəkin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona verilən ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs onun həyat yoldaşıdır: “Hadisə günü, səhərə yaxın saat 6 radələrində evə gəldim. Evdə bir qədər yatmaq üçün uzansam da, yuxum gəlmədiyi üçün arvadımın mobil telefonunu götürərək vaxt keçirmək istədim. Onun mobil telefonunda bir qədər sosial şəbəkə instaqrama daxil oldum. Baxdıqda orada arvadımın başqa bir kişi ilə yazışmalarını gördüm. Həmin günü saat 9 radələri olardı. Xatirəni yanıma çağırdım və həmin yazışma barədə dedim, aydınlıq gətirməsini tələb etdim. Buna görə aramızda mübahisə yarandı. Arvadım uşaqlar olan otağa keçdi. Xatirənin uşaqlar olan otaqda olmağına görə dəfələrlə çağırsam da, onun otaqdan çıxmadığını görərək yanına getmədim. Xatirənin yanında uşaqlar olduğuna görə sakitləşdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, gün ərzində evdə olarkən uşaqlara görə evdə söz-söhbət salmayıb: “Lakin ara-sıra sözlə Xatirəni hədələyərək məsələyə aydınlıq gətirməsini, bu barədə valideynlərinə zəng edərək özünün deməsini tələb etdim. Xatirə isə dediklərimə əməl etmədiyindən və nə üçün başqa kişi ilə əlaqə saxlamasını açıqlamadığı üçün həmin günü saat təxminən 18 radələrində uşaqlar yatan zaman ondan uşaqların, özümün şəxsiyyət vəsiqələrini, arvadımın özünün maaş kartını istədim. Xatirə yenə dediyini etməyərək istədiklərini verməkdən imtina etdi. Bu səbəbdən yenidən əsəbləşdim və aramızda yenidən mübahisə yarandı. Bu zaman Xatirə öz şəxsiyyət vəsiqəsini və maaş kartını eyvandan yerə atdı. Onun hərəkətlərinə artıq dözə bilmədiyi üçün daha da əsəbləşdim. Şillə və yumruqla onun sifətindən, baş nahiyəsindən, eyni zamanda qollarına vurdum. Qolundan tutaraq dəhlizdən qonaq otağına dartdım. Qonaq otağına daxil olan kimi yenə Xatirədən telefondakı mesajla bağlı hər şeyi deməsini tələb etdim. Bu zaman Xatirə evdən həyətə düşdü. Mən isə evdə qaldım. Bir qədər sonra polis əməkdaşları gəldi. Məlum oldu ki, Xatirə tərəfimdən döyülməyilə bağlı polisə şikayət edim”.
İş üzrə zərərçəkmiş Xatirənin sözlərinə görə, 2016-cü ildə Babəklə rəsmi ailə həyatı qurub, bu nikahdan 2 azyaşlı oğlan övladları var: “2018-ci ildən etibarən Sabunçu rayonunda yaşamağa başladıq. Hər bir ailədə olduğu kimi bizim də ailəmizdə söz-söhbətlərimiz olub. Lakin indiyədək polisdə şikayətləri olmayıb”.
Zərərçəkmiş qeyd edib ki, yaşadıqları evdə olarkən təxminən səhər saat 6 radələrində əri Babək evə gəlib: “Həmin günü saat 9 radələrində Babək evdə olan zaman məni yanına çağırdı və telefonumda digər şəxslə olan yazışmamı göstərdi. Buna görə aramızda mübahisələrimiz yarandı. Mən uşaqlar olan otağa keçdim. Babək mənim uşaqlar olan otaqda olmağıma görə dəfələrlə çağırsa da, getmədim. Babək isə uşaqların yanında olduğuma görə sakitləşdim. Gün ərzində evdə olarkən uşaqlara görə ərim mənə sözlə hədə-qorxu gəlsə də, hər hansı bir fiziki güc tətbiq etmədi”.
Zərərçəkmiş şəxsin ifadəsinə görə, həmin günü saat təxminən 18 radələrində Babək ondan uşaqların və onun şəxsiyyət vəsiqələrini, onun maaş kartını istəyib: “Mən vermək istəmədim. Bu səbəbdən Babək yenidən əsəbləşərək mənimlə yenidən mübahisə etməyə başladı. Bu zaman öz şəxsiyyət vəsiqəmi və maaş kartımı eyvandan yerə atdım. Babək bu hərəkətinə daha da əsəbləşdi. Şillə və yumruqla sifətimdən, baş nahiyəmdən, eyni zamanda qollarıma vurdu. Sonra sol qolumdan tutaraq dəhlizdən qonaq otağına dartdı. Qonaq otağına daxil olan kimi Babək üzərimə gələndə birtəhər evdən çıxdım. Bundan sonra baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək məlumat verdim”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkən təqsirləndirilən şəxsə qarşı şikayətini geri götürüb.
Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.