Kreditlərlə bağlı mühüm məsələ – Bunu çoxu bilmir
Bu gün, 08:16

Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 10-da uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Sonuncu dəfə iyul ayında faiz dərəcəsi 7,25%-dən 7%-ə endirilmişdi. Bununla da insanlarda kreditlərin bir qədər ucuzlaşacağına dair ümid yaranmışdı.
Qeyd edək ki, uçot dərəcəsi Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Sadə dillə desək, AMB kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları, həm də müxtəlif şirkət və təşkilatları kreditlə təmin edir. Bu göstərici bankların əhaliyə və biznesə təqdim etdiyi kreditlərin qiymətinə də birbaşa təsir edir. Yəni uçot dərəcəsi endikdə, adətən kreditlər ucuzlaşır, qalxdıqda isə bahalaşır.
İlin sonuna qədər kredit faizləri aşağı düşəcək, yoxsa olduğu kimi qalacaq?
Globalinfo.az-a danışan iqtisadçı Eldəniz Əmirov xatırladıb ki, iyulun 23-də Mərkəzi Bank uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 7 faizə endirdi:
“Bu qərar iqtisadi artımın proqnozdan bir qədər geri qalması və digər makroiqtisadi göstəricilərdə müşahidə olunan dinamika ilə əlaqədar qəbul edilib. Hazırkı vəziyyət nəzərə alınsa, yaxın zamanda uçot dərəcəsinin artırılması gözlənilmir. Çünki iqtisadi artım hələ də proqnozdan geri qalır və bu şəraitdə faiz dərəcəsinin artırılması məqsədəuyğun olmazdı”.
İqtisadçı qeyd edib ki, uçot dərəcəsinin daha da azaldılması ehtimalı aşağıdır:
“İnflyasiya proqnoz göstəricilərini üstələdiyindən ən optimal variant uçot dərəcəsinin 7 faiz səviyyəsində saxlanılmasıdır. Böyük ehtimalla, Mərkəzi Bankın növbəti qərarı faiz dərəcəsinin dəyişdirilməməsi ilə bağlı olacaq”.
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli bildirib ki, hazırkı iqtisadi proseslər, xüsusilə inflyasiya göstəricilərinin proqnozları üstələməsi Mərkəzi Bankın uçot dərəcəsini endirmək əvəzinə, sabit saxlamağa üstünlük verəcəyini göstərir:
“Uçot dərəcəsinin endirilməsi kreditlərin daha da ucuzlaşmasına, nəticədə isə inflyasiyanın sürətlənməsinə səbəb ola bilər. Mövcud şəraitdə onun sabit qalması iqtisadi aktivliyi qoruyur və artıq tələbin qarşısını almağa kömək edir”.