Asiyada satılan bir içki necə dünya brendinə çevrildi?
Bu gün, 17:44

Dünyada az sayda brend var ki, adı çəkilən kimi insanlarda dərhal emosional təsir oyatsın. Amma bəzi brendlər var ki, onların adını eşidən kimi beynimizdə qoyduqarı izlərə bir də dönüb baxırıq. Onlardan biri də “Red Bull”dur.
Bir çox brend kimi “Red Bull”un da maraqlı hekayəsi var.
Valyuta.az xəbər verir ki, “Red Bull”un hekayəsi Taylandda başlayıb. Avstriyalı sahibkar Ditrich Mateschitz səfəri zamanı yerli “Krating Daeng” içkisini kəşf edib. Onun bazarda yaratdığı enerjini və populyarlığı görən Mateschitz bu məhsulu Qərb auditoriyasına uyğunlaşdırmaq qərarına gəlib. 1987-ci ildə o, tailandlı iş adamı Çaleo Yoovidhya ilə birgə “Red Bull”u təsis edib. Beləliklə, içkinin dadı dəyişdirildi, qablaşdırma yeniləndi və ən əsası yeni marketinq yanaşması formalaşdırıldı.
“Red Bull” sadəcə içki satmadı, bir həyat tərzi satdı. Ənənəvi reklam kanalları əvəzinə şirkət gənclərin maraqlarına yönəldi: ekstremal idman növlərinə sponsorluq etdi, musiqi festivallarına dəstək verdi.
2012-ci ildə Felix Baumgartner-in stratosferdən atlayışı şirkətin ən böyük PR uğurlarından biri oldu. Dünyanın gözü qarşısında həyata keçirilən bu addım təkcə idman nailiyyəti deyil, həm də “Red Bull”un sərgüzəşt və innovasiya brendi olduğunu təsdiqlədi.
Mübahisələr və çətin dövrlər
Brendin yolu daim hamar olmayıb. 2000-ci illərdə şirkət bəzi ölkələrdə sağlamlıq iddiaları səbəbilə məhkəmə işləri ilə üzləşdi. Enerji içkilərinin təsirləri ilə bağlı müzakirələr, hətta qanunvericilik dəyişikliklərinə səbəb oldu. Buna baxmayaraq, “Red Bull” böhranları fürsətə çevirərək daha güclü brend mövqeyi qazandı.
Formula 1 və Maks Ferstappen faktoru
Şirkətin idman sahəsindəki ən böyük yatırımlarından biri Formula 1 komandasının qurulması oldu. 2014-cü ildə gənc sürücü Maks Ferstappen “Red Bull”la müqavilə imzaladı. Onun sonradan dördqat dünya çempionuna çevrilməsi markanın imicini daha da möhkəmləndirdi. Ferstappenin sürəti və enerjisi “Red Bull”un ruhunu təcəssüm etdirirdi.
Beləliklə, bir vaxtlar yalnız Asiyada tanınan “Krating Daeng” içkisi bu gün “Red Bull” adı ilə qlobal arenada milyardlarla insanın bildiyi, istifadə etdiyi və heyran olduğu brendə çevrilib. Onun uğuru göstərir ki, cəsarət, vizyon və davamlı innovasiya ilə sadə bir məhsul dünyanın ən güclü brendlərindən birinə çevrilə bilər.