Yeni tikililərin qaz və “kupça” probleminin əsl səbəbi... - İLGİNC
23-11-2016, 11:06
Bakıda yeni tikilən binaların ən böyük problemlərindən biri də onların istismara qəbul olunmaması və dövlət qeydiyyatından keçməməsi ilə bağlıdır. Həmin binalarda yaşayış olsa da, texniki baxışdan keçmədiyi üçün dövlət tərəfindən təhvil alınmır. Nəticədə həmin binalara çıxarış verilmir. Digər tərəfdən, texniki baxışdan keçməyən binaların daha böyük problemi həmin binalara qaz verilməməsidir. Bu yeni tikililərin sakinləri uzun illərdir məişətdə elektrik enerjisindən istifadə edirlər.
Son olaraq mətbuatda, paytaxtın Həsən bəy Zərdabi küçəsində yerləşən “Üç Tac” (“Tri Korona) yaşayış kompleksinin sakinlərinin 16 ildir mavi qaz və çıxarış üzünə həsrət qaldığı yazılmışdı. Səbəb isə odur ki, bina FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müayinəsindən keçib və orada çatışmayan cəhətlər qeydə alınıb. Bina hələ də istismara qəbul edilməyib.
Qeyd edək ki, paytaxtda belə binaların sayı həddindən artıq çoxdur. Problemə münasibət bildirən daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı dedi ki, binaların dövlət qurumları tərəfindən istismara qəbul olunmamasının iki səbəbi ola bilər: “Mənzil tikinti korporativlərinin ya dövlət sənədlərində ciddi problemlər olur, ya sonradan tikinti üçün tələb olunan sənədlərdə problemlər olur. Bu iki problem səbəbindən sonradan koorporativlər texniki şərtləri almaqda çətinlik yaşayırlar. Üstəgəl, ayrı-ayrı dövlət qurumlarının problemə yanaşmasındakı qüsurlar, məqsədyönlü şəkildə bəzi məsələlərə göz yummaları bu cür problemlərin yaranmasına gətirib çıxarır. Faktiki olaraq bu sahədəki vəziyyət qənaətbəxş deyil. Nəticədə bu tipli yeni binalarda qaz xətti çəkilməyib. Bu da sakinlərin daha çox vəsait xərcləməsinə səbəb olur. Əgər həmin binaların qazı vaxtında çəkilmiş olsaydı, sakinlər normal şəkildə qazla təmin olunsaydı, onun aylıq kommunal xərcləri 50-60 manat olardı. İndiki halda isə qaz verilmədiyi üçün elektrik xərcləri bu rəqəmdən iki dəfə baha başa gəlir. Bu mənada problemin qarşısının alınması üçün addımlar atılmalıdır. Lakin bu istiqamətdə görülən işlər hələ ki qənaətbəxş deyil”.
Binalara texniki şərtlərin verilməsi ilə bağlı məsələdə korrupsiya məqamları da müzakirə mövzusudur. İddialara görə, Bakı Şəhər İcra Hakimiyyəti bir binanı qeydiyyatdan keçirmək üçün sahibkardan həmin binanın 15 faizini ya mənzil, ya da nağd pul şəklində tələb edir.
Bu məsələyə münasibət bildirən Ramil Osmanlı qeyd etdi ki, qanunvericilikdə bu nəzərdə tutulur, ancaq çox zaman məmurlar bundan sui-istifadə edir: “Azərbaycan qanunvericiliyində bu məsələ var ki, tikinti şirkətləri respublika ərazisində tikdikləri mənzillərin 10 faizini dövlət qurumuna verməlidirlər. Hazırda tikintiyə nəzarəti Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirdiyinə görə həmin mənzilləri də məhz BŞİH qəbul edir. Lakin burada 5 faiz də artıq tələb olunur. Təəssüflər olsun ki, tikiləcək binanın 10 faizi hələ tikintinin əvvəlində pul şəklində şirkətlərdən alınır. Ümumilikdə Bakıda tikintiyə nəzarət bu gün BŞİH-in əlindədir. Çünki tikintidə tələb olunan 3 vacib sənəd var. Bu sənədlərin içərisində onlarla sənəd birləşir, müxtəlif qurumlardan FHN-dən, Arxitektura və Şəhərsalma Komitəsindən, ”Azərsu", “Azərqaz” və “Azərişıq” kimi qurumlardan rəylər alınır. Yekunda bütün bu sənədlər toplusuna rəy verən qurum Bakı Şəhər İcra Hakimiyyətidir. Bu da BŞİH-in qeyri-leqal fəaliyyət imkanlarını artırır. Əslində 10 faiz mənzil formasında dövlət fonduna ödənilməlidir. Hansı kriteriyalarla, necə qiymətləndirildiyini bilmirəm, ancaq pul şəklində tikinti şirkətindən alınır. Aydın məsələdir ki, Azərbaycanda pul alınma məqamlarında çox zaman korrupsiya müşahidə olunur. Heç kimə sirr deyil ki, sənədlərdə göstərilən rəqəm faktiki alınan rəqəmdən iki dəfə aşağıdır".
Digər bir məqam odur ki, binaların istismara qəbul edilməməsi MTK-ların da işinə yarayır. Belə ki, həmin binadakı mənzillərin alış-satışı zamanı sənədləşmədə MTK birbaşa iştirak edir və prosesdən qazanclı çıxır.
Bu məqama diqqət çəkən Ramil Osmanlı MTK-ların bu yolla ciddi məbləğdə vəsait qazandığını açıqladı: “Dövlət qeydiyyatından keçməyən binalarda MTK rəsmiləri alqı-satqı zamanı vətəndaşlardan pul tələb edirlər. Şəhərətrafı qəsəbələrdə 2500-3000 manat, şəhər mərkəzinə yaxınlaşdıqca daha böyük məbləğlər tələb olunur. Nəzərə alsaq ki, bir il ərzində bir MTK-nın binasında təqribən 10 mənzil alqı-satqı predmeti olursa, mənzil tikinti korporativinin rəhbəri bu prosesdən 50-60 min, bəzən isə 100 min manata qədər gəlir əldə etmiş olur. Halbuki sənədləşmə olsaydı həmin vəsaitlər birbaşa dövlət büdcəsinə ödənilə bilərdi. Binaların istismara qəbulunun qarşısını alan qurumlar, əksinə, bunda maraqlı olmalıdırlar. Çalışmalıdırlar ki, binaların qəbulu məsələsi sürətləndirilsin. Əgər Azərbaycanda mənzillərin ilkin qeydiyyatı ilə bağlı problem aradan qalxarsa, dövlətin mənzil fondunun zənginləşməsinə, beynəlxalq hesabatlarda ölkənin mövqeyinin daha da yaxşılaşmasına və sonda alqı-satqı əməliyyatları zamanı dövlət büdcəsinə əlavə vəsaitlərin cəlb olunmasına şərait yarada bilər”.