Əli Abbasov və Vidadi Zeynalovun qohumbazlığı, dostları və silinən milyonlar – 153 milyon necə yeyilib?

24-11-2016, 12:02           
Əli Abbasov və Vidadi Zeynalovun qohumbazlığı, dostları və silinən milyonlar – 153 milyon necə yeyilib?
“Rabitə işi”nə görə həbs edilənlər arasında adı ən çox çəkilən sabiq aparat rəhbəri Vidadi Zeynalovdur. Rəsmi ittihamda nazirliyin sabiq əməkdaşları “dəstə” adlandırılır və başçı olaraq da Zeynalov göstərilir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dövlət büdcəsindən ayrılmış vəsaitlərin və nazirliyin tabeliyində olan müəssisələrdən daxil olan gəlirlərin necə mənmsənilməsini sübut edən kifayət qədər dəlillər istintaq materiallarında yer alır. Bu cür qanunsuz əməllərə göz yumanlardan biri də sabiq nazir Əli Abbasovun özü olub. Elə Əli Abbasovun özünün və Vidadi Zeynalovun cinayət əməllərini istintaq zamanı onların yaxın adamları, qohumları da danışıb. Həm də istintaq zamanı məlum olur ki, Əli Abbasov və Vidadi Zeynalov “mənimsəmə əməliyyatı”nı öz yaxın adamlarının adına olan şirkətlər vasitəsi ilə həyata keçiriblər.

Musavat.com saytı Əli Abbasov və Vidadi Zeynalovun yaxınlarının adına olan şirkətlərin “mənimsəmə fəaliyyəti” ilə bağlı cinayət işində yer alan məqamları təqdim edir:

Əli Abbasovun keçmiş iş yoldaşının kürəkəni

Şahid qismində dindirilmiş Emil İbrahimov nazirliklə əlaqələrinin necə yarandığından danışıb. O, bildirib ki, əvvəllər müxtəlif işlərdə, o cümlədən tikinti şirkətində işləyib. 2011-ci ildə “Elor-İC” MMC-ni təsis edib və sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb.

İlk vaxtlarda fəaliyyəti geniş olmayan E.İbrahimovun yadına AMEA-da işləmiş mərhum qayınatası Aydın Cəfərovun iş yoldaşı olmuş sabiq nazir Əli Abbasov düşüb. Şahid deyib ki, o zaman nazir olan Əli Abbasovun qəbuluna gedib.

Onun iş xahişinə müsbət cavab verən nazir Emil İbrahimovu Vidadi Zeynalovun yanına göndərib. Zeynalov isə ona deyib ki, nazirliyin qurumlarında aparılacaq təmir-tikinti işlərinin bir hissəsini ona həvalə edəcək.

Bir müddət sonra İbrahimov “Azərpoçt” MMC-nin təmir-tikinti işlərinə nəzarət edən Abdulla Qeybullayevlə görüşüb və ona Göyçay Poçt Filialının 3 şöbə binasının tikilməsi tapşırılıb. Tikintilər üçün keçirilən “kodirovka” sorğusunda onun təşkilatı formal olaraq qalib elan edilib. İbrahimova şərt qoyulub ki, tikinti üçün ayrılan vəsaitdən ƏDV çıxılmaqla, ümumi məbləğin 35 faizini onlara nağd şəkildə verməlidir. O, da razılaşıb.

560 manata olan kompüter 1400 manata sənədləşdirilib...

İstintaq zamanı şahid qismində Rəfiqə Məmmədova da dindirilib. O da nazirlikdə yeyinti işlərinin aparılmasına yardımçı olanlardandır. “Naksuana” MMC-ni təsisçisi olan R.Məmmədova kompüter avadanlıqlarının alqı-satqısı ilə məşğul olub.

R.Məmmədova ifadəsində deyib ki, iş üçün nazirliyə müraciət edib. O zamankı aparat rəhbəri Vidadi Zeynalovla görüşüb. Zeynalov onu “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayevin yanına göndərib. R.Məmmədovadan “Azərpoçt” üçün blank və kompüter dəstləri istənilib. Təklif yenə də eyni qaydada olub. Ondan ayrılan vəsaitin 40 faizini nağd şəkildə Qəmbər Bəybalayevə verməsini istəyiblər. O, ifadəsində əlavə edib ki, 560 manata alınan kompüteri 1400 manata rəsmiləşdiriblər.

Olmayan şirkətin adına ayrılan pullar

İstintaq zamanı üzə çıxan faktlardan biri isə olmayan şirkətlərin adına nazirlik rəsmilərinin pullar ayırması olub.

Şahid qismində dindirilmiş Muxtar Abdullayev deyib ki, təsisçisi və direktoru olduğu “Stabil Biznes-12” MMC-nin faktiki olaraq hər hansı fəaliyyəti olmayıb. MMC nazirliyin hər hansı qurumunda, o cümlədən “Azərpoçt”da heç bir iş görməyib. O, deyib ki, şirkəti iş görmədiyi halda onun adına pul yazılamasından, həmin pulların kimə çatmasından xəbərsizdir.

Vidadi Zeynalovun bacısının əri

İş üzrə şahid Faiq Seyidov. O, “Fərid-R” firmasının təsisçisidir. Vidadi Zeynalov onun həyat yoldaşı Əminə Seyidovanın qardaşıdır. Bu qohumluq 1989-cu ildən başlayıb.

Şahid ifadəsində deyib ki, firmanın direktoru əvvəllər özü olub. Sonra İlqar, Mahmud adlı şəxslər firmanın direktoru olublar. O, Mahmudu qohumu Vidadi Zeynalov vasitəsi ilə tanıdığını və 2015-ci ilə qədər onunla işlədiyini deyib.

Digər direktor isə Elçin Qasımov olub. Zeynalovun qohumu deyib ki, nazirliyin qurumları ilə əməkdaşlıq əvvəlki direktor Mahmudun dövrünə təsadüf edir və buna görə də işlərdən xəbəri yoxdur. “Azərpoçt” MMC-dən “Fərid-R” firmasına 2013-cü ildə 784 min manat ayrılmasından da xəbərinin olduğunu deyən Faiq Seyidov pulun hara xərcləndiyini bilmədiyini söyləyib.

Əli Abbasovun qohumu Şirinov

Şirinov Hikmət İxtiyar oğlu. O da bu iş üzrə şahid qismində dindirilib. 2012-ci ildə anası Safiyə Şirinovanın təsisçiliyi ilə “Violin Travel” MMC-ni yaratdığını və özünün direktor olduğunu deyən Şirinov Əli Abbasovla qohum olduqlarını qeyd edib. O, direktoru olduğu MMC-nin qanuni şəkildə fəaliyyət göstərdiyini və tenderlərdə qalib gəldiyini söyləyib. Bir neçə poçtun təmiri və tikintisini həyata keçirən Şirinov bu işlərdən 10 faiz qazancının olduğunu deyib.

Zeynalovun öz şirkəti- “P.L.Z” MMC

Nazirliyin müəssisələri ilə ən çox əməkdaşlıq edən MMC Vidadi Zeynalovun pvladlarının baş hərfini daşıyan “P.L.Z”dir. Məktub daşınması, tikinti və təmir işləri ilə məşğul olan MMC vasitəsi ilə Vidadi Zeynalov külli miqdarda qazanc əldə edib. O, MMC-ni sürücüsünün adına təsis edib.

Vidadi Zeynalov MMC-nin ona məxsus olmadığını desə də sürücüsü istintaqda bunun əksini deyib və şirkətin onun adına təsis edildiyini açıqlayıb.

Bağ evində işləyən usta direktor olub

Zeynalova məxsus “P.L.Z” MMC-nin sonuncu direktoru Mahmud İbrahimov olub. 2013-cü ilin əvvəllərindən “P.L.Z” MMC-də direktor kimi çalışıb. O, deyib ki, Vidadi Zeynalovla tanışlığı təsadüfən olub Belə ki, Zeynalov Şüvəlandakı bağ evinə divar kağızı alanda mağazalardan birində yaxşı usta kimi Mahmud İbrahimovu ona təqdim ediblər.

Bağ evindəki işləri görəndən sonra Vidadi Zeynalov onun işlərini və davranışlarını bəyənib. Vidadi ilə münasibəti yarandıqdan sonra “P.L.Z” MMC-nin təsisçisi, Zeynalovun sürücüsü Elçin Əliyevlə tanış olub.

O, Vidadi Zeynalov tərəfindən işlərin ona tapşırılmasından sonra MMC-də direktor olmaq təklifini qəbul edib. Şahid ifadəsində bildirib ki, Vidadi Zeynalov “Aztelekom” MMC, “Azərpoçt” MMC, BTRİB-in rəhbərlərinə tapşırıb ki, iş olanda “P.L.Z” MMC-ni qalib elan etsinlər. Bundan sonra tender və ya “kotirovka” sənədlərini formal qaydada hazırlanıb.

Qeyd edək ki, Vidadi Zeynalov və onunla birlikdə həbs olunan 10 nəfər sabiq nazirlik əməkdaşı 153 milyon manatın mənimsənilməsində ittiham olunurlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.