QURTARMAQ BİLMƏYƏN RUSİYA DÖVRÜ – Tramp və Putin çox tezliklə qarşılaşacaqlar, onda…
24-11-2016, 12:26
Ağ Evin gələcək “sahibi” Donlad Trampın özünə bu sualı verəcəyi və həmin sualdan irəli gələn nəticələrlə qarşılaşacağı gün heç də uzaqda deyil. Amma bu asan olmayacaq. Çünki Putinin nə istəmədiyini bilmək, onun nə istədiyini bilməkdən daha asandır. O, Avropa və Asiya tarixinin qamçı və maarifçilik irsini daşıyır.
O, bərkimiş köhnə kommunist deyil və Lenin, Stalin irsinə tənqidi yanaşır. Putin anlayır ki, Sovet İttifaqının geniş əraziyə malik olmasına baxmayaraq, onun siyasi modeli qətiyyən uğurlu nümunə deyildi. Lakin sovet çekistlərinin arsenalından Putin özü üçün bir şey götürüb. Bu hakimiyyət vertikalı konsepsiyasıdır. Bu o deməkdir ki, dövlət İsveçrə saatı kimi işləməlidir. Həqiqətən də, belə böyük bir dövlət üçün hələ də aktual olan bir fraza qalmaqdadır: ”Çar da səma qədər əlçatmazdır”.
Keçmişdən miras qalan əminlikdən biri də, Rusiyanın möhkəm əllə idarə olunması və həmçinin də xüsusi xidmət orqanının dövlətlə eyniləşdirilməsi təfəkkürüdür. Bəs, görəsən Vaşinqtondakı yeni administrasiya nəyə ümid bəsləyir? Otuz il bundan əvvəl neftin qiymətinin aşağı düşməsi nəticəsində böyük əraziyə yayılmış Sovet İttifaqı zəiflədi, sistem xaosa qərq oldu, nəticədə çöküş və parçalanma başladı. Rusiya hələ də neft dövləti və xammal ixracatçısı olaraq qalıb. ”Neft lənəti” ifadəsi hansı anlama gəlir: ”Güclü səy göstərmədən gəlir qazanmaq, təkmilləşdirmə aparmadan zənginlik əldə etmək, böyümədən durğunluq keçirmək”.
Məgər böyük hərbi-sənaye kompeksinin məhsullarını innovasiya saymaq olar?
Oktyabr inqilabından keçən yüz ildən sonra Rusiyanın indiki obrazını necə dəyərləndirmək olar? Əgər obyektiv dəyərləndirmək istəyiriksə, onda yerdə yalnız özünün bütün ziddiyyətləri ilə çarizm qalır. Həm də ki, çarizmin müasir şəxsiyyətlərə bənzəməsi də təsadüf deyil. Hələ Böyük Yekatrina Rusiyanın yerləşdiyi coğrafi mövqedən şikayətlənirdi və ona görə də dövlətin durmadan genişlənməsinə göstəriş vermişdi. Çünki ölkəni yalnız sərhəd vilayatlərinin yenilənməsi və genişlənməsi hesabına qoruya bilərdi. Knyaz Potyomkin Krım yarımadasını ələ keçirdikdən sonra II Yekatrina “Böyük” titulu qazandı. Amma Krımın ələ keçirilməsinə baxmayaraq, II Yekatrina nəzərlərini Aralıq dənizinə tərəf yönəltdi. Bugünkü yanaşma ilə baxsaq, onda görərik ki, nəzərlər Suriyaya, cənubi Dunaya və ən əsası da Dardanelə yönəlmişdi.
Krıma yiyələndikdən qırx il sonra Napoleon ordusu məğlubiyyətə uğrayanda və Vyana konfransında sərhədlər yenidən cızılanda, praktik olaraq Rusiya bütün Avropanı zəbt etmişdi. Çar I Aleksandr yaxşı bilirdi ki, Rusiya ordusu olmasaydı, şərtləri Napoleon diktə edəcəkdi. Bu həqiqəti Avropa ölkələri də anlayırdı.
Ona görə də 1815-ci ildəki Vaterloo döyüşünün əhəmiyyəti, rusların müdaxiləsi olmadan britaniyalılar və prussiyalıların müharibədə dönüş yarada bilməsindən ibarət oldu. Ancaq ortada bir problem qalmışdı – şərqdən gəlmiş vəhşiləri Avropadan necə çıxarmaq və eyni zamanda etibarlı tarazılığı necə yaratmaq. Belə bir həll yolu tapıldı: Polşa bölündü və buradakı “şir payı” Rusiyaya, qərb əyalətləri isə Prussiya və Avstriyaya keçdi.
Sonradan çar Rusiya-Türkiyə müharibəsini başlatdı. Ruslar Mərkəzi Asiyada biritaniyalılara qarşı “Böyük oyun” adlandırılan mübarizəyə girişməklə yanaşı Dardaneli ələ keçirmək istədilər. Böyük Britaniya Fransa ilə ittifaqda Krıma ordu yeritdi. Sevastopol rusların əlindən alındı. Müharibədəki fəlakət dövlətin daxili işlərinə də ciddi şəkildə sirayət etdi. Çar rejimi laxladı. Nəticədə islahat və zorakılıq toxumları bir-birini əvəz etdi.
Növbəti Rusiya-Türkiyə müharibəsində çar generallarının əsas məqsədi Bolqarıstan və hətta Qərbi Balkanlara çıxmaqdan ibarət idi. Avropadakı tarazlığın himayəçisi sayılan Britaniya donanması onların bu arzularına qarşıydı. Rusiya və Qərb arasında müharibə təhlükəsi yaranmışdı. Bismark uzun müddət tərəddüd etmişdi. Nəhayət, Bismark “səmimi makler” rolunda çıxış edərək, sülhün qorunmasına yardım göstərdi. Bismarkın bu hərəkətlərinin əvəzini britaniyalılar ona qarşı minnətdarsızlıqla ödədilər. Ruslar isə Bismarkdan incik qaldılar. Çünki onların Aralıq dənizi ilə bağlı olan dərin strategiyası uğursuzluğa düçar olmuşdu.
Baş verən iki dünya müharibəsindən sonra amerikalı diplomat və tarixçi Corc Frost Kennan dövlətlərin Bismark ittifaqı barəsində özünəməxsus şəkildə nekroloq hazırladı. O, 1878-ci ildə şərqi Aralıq dənizində başlamış dövlət sərhədlərinin silinməsi, tarazlığın pozulması və inqilablar barəsində belə bir müəyənləşdirmə vermişdi: “Bizim əsrin fəlakətinin böyük mənbəyi”.
Çox tezliklə Tramp Putinlə qarşılaşacaq, onda dünyanın ən qüdrətli liderlərinin önündə hərb və sülh barəsində sual meydana gələcək. Onda dünya nəfəsini çəkib, buradan çıxacaq nəticəni gözləyəcək. Tarix heç yana getmir, o özünün əsas elementləri ilə hərdən təkrar olunur. Onlar isə öz növbəsində həqiqətin sirlərini aşkarlayaraq, təhlükələri üzə çıxarır.
(“Die Welt”-Almaniya)