Bankların bağlanması, yaxud birləşdirilməsi sürətlənəcək

25-11-2016, 12:45           
Bankların bağlanması, yaxud birləşdirilməsi sürətlənəcək
Ölkə banklarının durumu və həmçinin gələcəyi də yaxşı görünmür. Ekspertlər bankların bağlanmasının davam edəcəyini bildirsələr də, rəsmilər bunu təkzib edirlər. Ekspertlər qeyd edirlər ki, bankların birləşmək istəməməsi də onların bağlanmasına təkan verən səbəblərdəndir.

Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bankların bağlanma səbəbindən danışaraq bildirib ki, bankların vəziyyəti onlardan kredit götürmüş şəxslərin bu borca xidmət etmə imkanları ilə bağlıdır. Onun sözlərinə görə, əgər ev təsərrüfatı subyektləri öz borclarına xidmət edə bilərlərsə, bank sektorunda likvidliklə bağlı hər hansı problem yaranmaz: “Bank sektorunda bu gün yaranan və bağlanan banklarda da mövcud olan problem yalnız iqtisadi subyektlərin banklardan aldığı kreditə xidmət edə bilməməsi nəticəsində yaranıb. Fikir versəniz, bu bankların heç biri burada baş verən hər hansı əməliyyatlar səbəbindən bağlanmayıb. Düşünürük ki, baş verən devalvasiyalardan sonra iqtisadi subyektlər borclarını ödənilməsinə daha həssas yanaşacaqlar”.

Ekspert Natiq Cəfərli isə məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, bankların bağlanması prosesinin bitdiyini düşünmək doğru deyil: “Bağlanan banklar mütləq olacaq. Bankların bağlanmasının, təmərküzləşməsinin, başqa banklar tərəfindən udulmasının şahidi olacağıq. Çünki dövlət başçısının da çıxışında, 2017-ci il büdcəsinin son layihəsində də bank sistemində təmərküzləşmə proseslərinin, sağlamlaşdırma prosesinin davamlı şəkildə keçəcəyinə vurğu var. Bankların sağlamlaşdırılması dedikdə, təbii ki, əsas məsələ bankların bağlanması və çürük bankların sıradan çıxarılması, yaxud da birləşdirilməsidir. Bu proses gedəcək. Bu il bir neçə bank bağlandı. Sonuncu bağlanan ”Bank Standard"la bağlı ciddi problemlər yaşandı. Hökumət məcbur oldu ki, 450 milyon manatlıq vəsaiti Əmanətlərin Sığortalanması Fonduna versin. Ola bilsin, bu ilin sonuna qədər növbəti addım atılmasın. Amma gələn ilin əvvəlində mütləq biz belə bir prosesin şahidi olacağıq. Bankların bağlanması, yaxud birləşdirilməsi sürətlənəcək".

Qeyd edək ki, bankların bağlanmasını bir müddət əvvəl deputat Vahid Əhmədov gündəmə gətirib və bildirib ki, proses davam etməlidir: “Bankların konsolidasiyası davam etməlidir və düşünürəm ki, Azərbaycanda 32 bankın olması artıqdır”. Onun sözlərinə görə, hazırda Azərbaycanda 15-20 bankın olması kifayətdir: “Bankların sağlamlaşdırılmasının əsas yolu onların birləşdirilməsindən keçir”.

Ekspert Əkrəm Həsənov isə bildirir ki, bu məsələni prinsipial hesab etmək olmaz: “Bankların sayı elə də əhəmiyyətli amil deyil. Dünyada da belə standart yoxdur. Ölkədən-ölkəyə fərq var. ABŞ-da xırda banklar çoxdur deyə, orada əhalinin sayına görə banklar da çoxluq təşkil edir. Ancaq Avropada əksinədir, bankların sayı azdır. Yəni bankın sayı əhəmiyyətli deyil. Əsas bankların keyfiyyətidir. Nəzərə alaq ki, hazırda böyük banklarımız olsa da, onların bəzilərində xidmət istənilən səviyyədə deyil. Elə kiçik banklarımız da var ki, pis xidmət göstərmirlər. Yəni bankların sayını azaldıb, ancaq böyük bankları saxlamağın əhəmiyyəti yoxdur. Sadəcə, bizdə bank qanunvericiliyi təkmilləşdirilməli, banklara nəzarət güclü olmalıdır. Bunlar olarsa, bankların sayının əhəmiyyəti yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.