Eldar Mahmudovun oğlunun şərikinin Azərbaycanı nə vaxt tərk etdiyi müəyyənləşib

25-11-2016, 18:39           
Eldar Mahmudovun oğlunun şərikinin Azərbaycanı nə vaxt tərk etdiyi müəyyənləşib
Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) sabiq aparat rəhbəri və digərlərinin işi üzrə axtarışa verilən şəxslərdən Ayaz Kərimovun Azərbaycanı tərk etdiyi tarix müəyyənləşdirilib.

APA-nın məlumatına görə, istintaq orqanı tərəfindən aparılan araşdırma zamanı onun ötən il oktyabrın 15-də ölkəni tərk etdiyi, bir daha geri qayıtmadığı məlum olub.

Qeyd edək ki, onun barəsində olan cinayət işi üzrə icraat dayandırılıb. İcraatın dayandırılması barədə qərar A. Kərimov axtarışa verildiyi üçün çıxarılıb. O, tapılıb istintaqa təhvil verildikdən sonra istintaq davam etdiriləcək.

“Caspian Telekommunications” şirkətinin rəhbəri olan Ayaz Kərimovun əmlaklarına da həbs qoyulub.

Onun Abşeron rayonunda torpaq sahəsi 70 min manat, “Harley Devidson” markalı motosikleti 12.500 manat, “AKEY” MMC-nin adına rəsmiləşdirilmiş “Maserati Quatroporte” markalı avtomobili 155.733.8 manat, “Jaguar XJ” markalı avtomobili isə 140.529.473 manat məbləğində qiymətləndirilib.

RYTN-nin keçirdiyi bir neçə tenderin qalibi olmuş “Caspian Telekommunications” şirkətinin rəhbəri Ayaz Kərimov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovla dost olub. Onların həmçinin biznes şəriki olduqları bildirilir.

RYTN-də baş vermiş qanun pozuntuları ilə bağlı başlanılan cinayət işi üzrə A. Kərimov barəsində 16 dekabr 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılıb, lakin o, cinayət təqibi orqanından gizləndiyinə görə istintaqa dəvət etmək və ona ittihamı elan etmək mümkün olmayıb. Bu səbəbdən də həmin tarixli qərarla barəsində axtarış elan edilib və Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

A. Kərimov həbs olunmadığı üçün barəsində olan cinayət işi ümumi cinayət işindən ayrılaraq ayrı icraata verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.