“Facebook”da hansı parollar daha asan oğurlanır? - DİQQƏT!
26-11-2016, 10:25
Şirkət təhlükəsizliyin gücləndirilməsində qeyri-ənənəvi üsullardan istifadə edir.
teref.az ictnews.az-a istinadən xəbər verir ki, “Facebook” sosial şəbəkəsi istifadəçilərin səhifəsindən parolları oğurlayan hakerlərlə mübarizə aparmağın yeni üsulunu tapıb.
Belə ki, sözügedən sosial şəbəkənin təhlükəsizlik xidməti mütəmadi oğurlanmış parolları satın alaraq onları sosial şəbəkənin təhlükəsizlik səviyyəsinin gücləndirilməsi məqsədilə istifadə edir.
“Facebook”un təhlükəsizlik xidmətinin direktoru Aleks Stamosun sözlərinə görə, kibercinayətkarlarla belə mübarizə üsulu olduqca səmərəlidir.
“CNET” portalı yazır ki, satın alınmış parollar hazırda şirkət və adi istifadəçilərin səhifəsində istifadə edilən parollarla müqayisə edilir və uyğunluq aşkar edildikdə, səhifənin sahibi avtomatik olaraq parolunun zəif olması haqda xəbərdarlıq alır.
Oxu.Az xəbər verir ki, Stamosun sözlərinə görə, hakerlərdən satın alınmış parollar bazasında ən sadə kombinasiyalardan ibarət parollarla (“qwerty”, 12345 və sairə) qorunmuş yüz minlərlə hesab mövcuddur ki, bu da istifadəçilərin fərdi informasiyasının mühafizəsi məsələlərində bilik səviyyəsinin aşağı olmasından xəbər verir.
Aleks Stamos hakerlərlə mübarizədə başqa orijinal metodlardan istifadə edir və belə təşəbbüs onun təhlükəsizlik xidmətinin direktoru vəzifəsinə seçilməsinə səbəb olub.
Əvvəllər “Yahoo” korporasiyasında işləmiş Aleks ötən ildən “Facebook”da işləməyə başlayıb. Ancaq istifadəçi öz hesabını hakerlərdən qorumağa çalışmadığı halda, istənilən müdafiə metodu səmərəsizdir. Məsələn, “Facebook” sosial şəbəkəsində az sayda profil sahibləri ikimərhələli autentifikasiyanı aktivləşdiriblər.