Problemi kreditlərin qaytarılması üçün güzəşt edilməlidir - VİDEO
27-11-2016, 00:50
Banklar tərəfindən daha az güzəştlərin edilməsi problemli kreditlərin həcminin artmasına gətirib çıxarır.
teref.az xəzərxəbər.com-a istinadən bildirir ki, Mərkəzi Bankın məlumatına görə, geri qaytarılmayan kreditlərin həcmi 1 milyard 600 milyon manata çatıb. Bu isə o deməkdir ki, kommersiya banklarının verdiyi hər 100 manat kreditin 10 manatını geri almaq belə mümkün deyil.
Belə olan halda banklar kredit götürənlərə güzəştlər etməlidir ki, problemli kreditlərin həcmi azalsın. Bəs güzəştlər nədən ibarət ola bilər?
Eksper Vüqar Bayramov ilk olaraq onu təklif edir ki, banklar kredit müqaviləsini uzadan zaman uzadılmış müddətə faiz hesablamasınlar.
Digər tərəfdən, banklarda verilən kreditlərin əksəriyyəti dollarla rəsmiləşdirilsə də geri ödənişi çox zaman manatla edilir. Məzənnənin dəyişməsi krediti ödəyənin daha çox vəsait ödəməsinə gətirib çıxarır. Eksper təklif edir ki, məzənnə dəyişikliyi nəticəsində yaranan fərq bankla müştəri arasında bölüşdürülə bilər.
Məlumdur ki, manatın məzənnəsi Mərkəzi Bank tərəfindən müəyyən olunsa da, amma bu məzənnə bazarda tənzimləmir. Banklar da kredit ödənişləri zamanı Mərkəzi Bbankın müəyyən etdiyi rəsmi məzənnəyə görə yox, özlərinin müəyyən etdiyi, yaxud bazardakı məzənnəyə uyğun qiymət tələb edirlər. Heç olmasa bu ödənişlərin rəsmi məzənnəyə uyğun edilməsi də müştəri üçün güzəşt deməkdir.
İndi qalır bankların bu peşəkar təkliflərdən yararlanmağı.