Kremlin Qarabağ seçimi: ya böyük sülh, ya böyük müharibə!
28-11-2016, 09:54
Putin Rusiya diplomatiyasının “ağır topu”nu Türkiyəyə göndərir; Lavrov Ankaraya, Ərdoğan Moskvaya – ilin akkord gözləntiləri...
Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə gün sonra - dekabrın 1-də Türkiyəyə işgüzar səfərə gedəcək. “Yeni Müsavat” yazır ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Alanya şəhərində iki ölkə prezidentlərinin başçılıq etdiyi Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən Rusiya-Türkiyə birgə strateji planlaşdırma qrupunun 5-ci iclası keçiriləcək.
“Toplantıda ikitərəfli, regional və beynəlxalq məsələlərə dair dərin fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Suriyada, ümumilikdə Yaxın Şərq regionunda vəziyyət müzakirə ediləcək. Həmçinin, beynəlxalq terrorizmə qarşı mübarizədə səmərəliliyin artırılması diqqət mərkəzində olacaq. Habelə Cənubi Qafqaz, Ukrayna, Mərkəzi Asiyadakı vəziyyətlə bağlı dialoq davam etdiriləcək”, - XİN rəsmisi qeyd edib.
*****
Açıqlamadan göründüyü kimi, Planlaşdırma Qrupunun iclasında Güney Qafqazdakı vəziyyət, deməli, həm də Dağlıq Qarabağ problemi müzakirə olunacaq. Bu yerdə yada salaq ki, az öncə S.Lavrov Qarabağ məsələsində irəliləyiş olmayınca Ermənistan-Türkiyə sərhədlərinin açılmasına inanmadığını, konfliktin həllində Türkiyənin mühüm rol oynaya biləcəyini demişdi. Yəni faktiki şəkildə o, sərhədlərin açılmasını münaqişənin həllində real irəliləyişlə əlaqələndirmişdi.
“Lavrov planı” (“Kazan formulu”) deyilən plan da deyilənlərə görə, elə bunu - ilkin mərhələdə işğal altındakı 5 rayonun boşaldılmasını nəzərdə tutur. Bu haqda həm prezident Ərdoğan, həm də Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu nikbin açıqlamalar verərək, 5 rayon məsələsinin razılaşdırıldığı haqda ciddi rəy formalaşdırmışdılar.
Doğrudur, az sonra məsələ arxa plana keçdi. Ancaq onun gündəmdən tam çıxdığını söyləmək də tez olar. Ona görə ki, Rusiya-Türkiyə münasibətləri indi heç vaxt olmadığı qədər yüksəliş dövrünü yaşayır, işğal məsələsi isə bu əlaqələrə tormozlayıcı təsir edir. O üzdən mümkündür ki, Sergey Lavrovun Ankara, Ərdoğanın isə dekabrda Moskvaya nəzərdə tutulan səfərləri zamanı (Türkiyə tərəfi artıq öz liderinin səfəri ilə bağlı anons edib) Qarabağ mövzusu yeni keyfiyyətdə gündəmə gəlsin.
Rusiya diplomatiyasının “ağır topu” sayılan Lavrovun Türkiyə səfəri prezident Ərdoğanın qarşıdakı Moskva ziyarəti üçün müəyyən hazırlıq xarakteri daşıya, səfər öncəsi “əqrəbləri tutuşdurmaq” məqsədi də güdə bilər bilərdi. Həmçinin istisna deyil ki, səfər çərçivəsində rəsmi Ankara Rusiyanın Ermənistanla ortaq ordu yaratmaq planı ilə bağlı Moskvadan izahat istəsin. Çünki belə bir hərbi qruplaşma inkişaf dövrünü yaşayan ikitərəfli əlaqələrin ruhu və məzmunu ilə tam ziddiyyət təşkil edir...
*****
Rusiyalı nazirdən cəmi bir həftə qabaq isə Kremlin danışmanlarından olan LDPR sədri Vladimir Jirinovskinin Türkiyəyə uğurlu səfər etməsi və səfər çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanla, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşməsi, Ərdoğana yeni Rusiya-Türkiyə ittifaqı ilə bağlı 16 bəndlik layihə təqdim eləməsi diqqət çəkməyə bilmir. Maraqlıdır ki, LDRP sədri Türkiyə səfərinin sırf özünün və partiyasının istəyi ilə reallaşdığını, Kremldən tapşırıq almadığını desə də, Ankaraya gəlməzdən qabaq səfər barədə Kremlə və S.Lavrova xəbər verdiyini söyləyib.
Başqa bir maraqlı detal: Jirinovskinin dediyinə görə, Ərdoğan onun təkliflərinin heç birini rədd etməyib. Üstəlik, Rusiya mediasına səfərinin yekunu ilə bağlı o, sensasion sayıla biləcək açıqlamalar verib. Məsələn, deyib ki, Türkiyə Rusiyanın ən böyük müttəfiqi ola bilər.
Sitat: “Bu gün tarixi an başlayır. Türkiyə şimala, biz isə güneyə yönələ bilərik. Rusiya 300 ildir Avropa ilə bərabər haqlar çərçivəsində əlaqələr qurmağa çalışıb, amma bunu heç cür alındıra bilməyib. Bu gün Rusiyanın müstəqil siyasəti Qərbin xoşuna gəlmir. Türkiyənin də Qərblə eyni problemləri var. Cənab Ərdoğan təkliflərimin heç birinə etiraz etmədi. Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir. Rusiya rəhbərliyi qısa zaman içərisində Ankaraya kömək etməlidir. Türkiyə ilə möhtəşəm əlaqələrimiz olacaq. İnanıram ki, bir gün Türkiyə NATO-dan ayrılacaq və bizimlə hərbi müttəfiq olacaq. Hər kəs bilsin ki, qarşıdakı 10 ildə Türkiyə bizim əsas ortağımız və müttəfiqimizdir. 600 il davam edən rus-türk savaşlarını Qərb başladıb. Artıq o illər geridə qalmalıdır. Ərdoğan dekabrda Rusiyaya səfər edə biləcəyini, həmçinin yanvarda böyük görüşlərin olacağını söylədi”.
*****
Ötən sayımızda da qeyd etdiyimi kimi, Qərbdəki müəyyən mərkəzlər sanki Ankara və Moskvanı öz aralarında daha sıx əməkdaşlıq, hətta hərbi ittifaq qurmağa təşviq edir - Türkiyə ilə münasibətlərdə gərginliyi artırmaqla. Rəsmi Ankaraya qarşı belə münasibətin Avropanın, Qərbin maraqlarına uyğun olduğu qənaətində deyilik. Çünki Qərb üçün bölgədə Türkiyəni - regional supergücü, ən böyük demokratik müsəlman ölkəsini və NATO üzvünü əvəzləyəcək başqa dövlət yoxdur, üfüqdə də görünmür.
Aydındır ki, qardaş ölkə hansı tərəfdə qərar tutsa, geosiyasi ağırlıq mərkəzi də həmin qütbə keçəcək. Belə çıxır, bu gerçəyi, yəni qardaş ölkənin vazkeçilməz rolunu indi Rusiya daha yaxşı görür və dəyərləndirir. Şübhə yox ki, Rusiya və Türkiyə arasında son vaxtlar intensivləşən yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığı daha da dərinləşdirmək üçün yeni fürsətlər açacaq. Nə Moskva, nə də Ankaranın bu fürsətləri qaçırmayacağı gözlənilir. Hər necə olmasa, bu gün iki dövlətin heç vaxt olmadığı qədər bir-birinə ehtiyacı var.
Bu yaxınlıq Azərbaycan üçün də az önəm kəsb eləmir - ən azı, Qarabağ problemini nəhayət, yerindən “tərpətmək” baxımından. Çünki Qarabağ konflikti artıq “ya böyük sülh, ya da böyük müharibə” dilemması vəziyyətinə gəlib. Lakin müharibə Rusiya-Azərbaycan, Rusiya-Türkiyə əlaqələri üçün böyük təhdid və risk demək olacaq. Bunu Kremldə də anlamamış deyillər. Qalır böyük sülh yolu.
*****
Bu xüsusda politoloq Eldar Namazovun qəzetimizə söylədiyi fikirlər diqqətçəkicidir. Namazov deyib: “Rusiya ilə Türkiyənin yaxınlaşması Qarabağ probleminin həllində müsbət rol oynaya bilər və danışıqlarda Azərbaycanın mövqeyini möhkəmləndirir... Aprel döyüşlərindən sonra hamı anladı ki, status-kvo dəyişməlidir. Artıq vəziyyətin dondurulması ehtimalı 20 faiz təşkil edir, sülh və ya müharibə ehtimalı isə 80 faizdir. Yəni biz həm müharibəyə, həm də sülhə çox yaxınıq. Hesab edirəm ki, indi real olaraq danışıqlar prosesində biz ya müharibə, ya da mərhələli plan üzrə sülh prosesi arasında qalmışıq. Müharibə Rusiya-Türkiyə münasibətlərini sıfıra endirəcək, Kreml Azərbaycanla da düşmən mövqedə olacaq. Bunların hamısı Rusiyanın maraqlarına ziddir. Ona görə də böyük müharibənin qarşısını almaq Kremlin maraqlarına uyğundur. Məncə, hələlik son qərar verilməyib, güman edirəm ki, o, yaxın aylarda veriləcək”.
Son qərar, daha dəqiqi, kritik Qarabağ seçimi əlbəttə ki, indi prezident Putinə məxsusdur. Ümid edək ki, Türkiyə liderinin qarşıdakı Rusiya səfəri, Lavrovun isə Türkiyə danışıqları Kremli, nəhayət ki, ən optimal seçimə kökləyəcək - Rusiyaya həmişəlik Azərbaycanı və Türkiyəni qazandıracaq böyük sülh anlaşmasını deyirik.
Analitik xidmət