Əli İnsanovun əfvi yenidən gündəmdə - hüquqşünas rəyi
28-11-2016, 10:01
Barəsində yeni cinayət işi açılan sabiq nazirin ilin sonunda azadlığa buraxılacağı deyilir; ona şərti cəza da verilə bilər
Həbsdəki sabiq səhiyyə naziri Əli İnsanovun Yeni ildə gözlənilən əfv sərəncamı ilə azadlığa buraxılacağı ilə bağlı xəbərlər yayılıb. Yayılan məlumatlar bir sıra müzakirələrə səbəb olub və çoxsaylı suallar yaradıb.
Belə ki, sabiq nazirin oktyabr ayında 11 illik cəzası başa çatıb və əlavə cinayət maddələri ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bu müddət də yanvarın 11-də başa çatır. Azərbaycan qanunvericiliyində barəsində istintaq gedən şəxsin əfvə düşməməsi hər kəsə məlumdur. Bunları nəzərə alaraq, İnsanovun Yeni ilə qədər məhkəməsinin başlayacağı və əfv verilən zaman artıq barəsində yeni hökmün olacağı deyilir. Bununla da, onun əfvə düşmək şanslarının ola biləcəyi vurğulanır. Sabiq nazirin əlavə cinayət maddələri ilə barəsində seçilən həbs qətimkan qərarından sonrakı susqunluğunu bununla əlaqələndirirlər.
Hüquqşünas Müzəffər Baxış İnsanovun hansı hallarda adının əfv sərəncamında olması ehtimallarından danışdı: “Cinayət Məcəlləsinin 82.1-ci maddəsi ilə əfv sərəncamı Azərbaycan prezidenti tərəfindən həyata keçirilir. 82.2-ci maddəyə görə cinayət törətmiş şəxs cəzasının qalan hissəsindən azad edilə bilər. Yaxud ona tətbiq edilmiş cəzanın müddəti azaldıla bilər, digər tərəfdən də həmin şəxsə tətbiq edilmiş cəza daha yüngül cəza ilə əvəzlənə bilər. Yeni ittihamlarla Əli İnsanov məhkəmə tərəfindən məhkum edilmədiyinə, barəsində hökm çıxmadığına görə o, əfvetmə aktı ilə azad oluna bilməz. Onun haqqında hələ istintaq gedir. Bu baxımdan əfvə düşməyi mümkün deyil. Əgər barəsində məhkəmə hökmü çıxarılarsa, onu azad edə bilərlər.
Image result for Müzəffər Baxış
Burada əsasnaməyə görə müəyyən müddətlər nəzərdə tutulur. Böyük ictimai təhlükə törətməyən cinayətlər, eləcə də, az ağır cinayət üçün müəyyən müddətlər nəzərdə tutulur. Məsələn, ağır cinayətlər üçün cəzanın yarısının çəkilməsi nəzərdə tutulur. Amma istisna hal kimi prezident onu azad edə bilər. Hər bir halda məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmalıdır ki, ona əfvetmə aktı tətbiq olunsun. İndiki halda mümkün deyil. Amma ola bilər ki, Yeni ilə qədər onun məhkəməsini bitirsinlər, yəni işini məhkəməyə göndərsinlər. Əgər barəsində hökm çıxsa, o da hökmdən dekabrın axırına qədər şikayət verməsə, o zaman hökm qüvvəyə minə bilər. Amma bu gün hökm olmadığına görə, o əfvə düşə bilməz”.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sabiq nazirin əfvə düşə biləcəyinin mümkünsüz olmadığını qeyd etdi: “Azərbaycanda hər şey mümkündür. Barəsində qəti həbs qərarı olan şəxsi məhkəmə vasitəsilə azad etmək mümkündür. Belə bir praktika da var. Natiq Cəfərlini misal göstərə bilərəm. Düzdür, onu əfv etmədilər, sadəcə məhkəmə qərarı ilə azad etdilər. Əli İnsanovun da cəza müddəti bitib. Barəsindəki qondarma cinayət işinə elə məhkəmə vasitəsilə xitam verə bilərlər. Təbii ki, əgər istəsələr”.
Qeyd edək ki, bu ilin avqustunda İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Bu maddələr üzrə onu 10 il 6 ay həbs cəzası gözləyir.
Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.