Qaçaqmalçıların 557 brilyantı Azərbaycandan Gürcüstana keçirdiyi “sirli qapı”...
29-11-2016, 11:35
Azərbaycandan Gürcüstana keçirilən böyük miqdarda brilyant tutulub. Əməliyyatı qonşu ölkənin gömrükçüləri həyata keçirib. Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin yaydığı xəbərdə deyilir ki, noyabrın 23-də Gürcüstan sərhədini “Qırmızı körpü” sərhəd-keçid məntəqəsindən keçən şəxslərdən 557 ədəd brilyant götürülüb.
Külli miqdarda brilyant şübhəlilərin pul kisəsində yerləşən xüsusi saxlanc yerində və paltarlarında gizlədilib. Hələlik saxlanılanların kimliyi və hansı ölkə vətəndaşı olduqları göstərilmir. Gürcüstan qanunlarına görə, qaçaq mal daşıyanları 8 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
557 brilyant Azərbaycan sərhədini, gömrük-keçid məntəqələrini aşaraq Gürcüstana qaçaq yolla keçirilən, qiyməti bir neçə yüz milyonu aşan ilk yük deyil. Yada salaq ki, 2014-cü il iyulun 12-də Azərbaycandan keçirilən, maye halda 2 ton 700 kiloqram heroin Gürcüstan gömrükçüləri tərəfindən saxlanılmışdı. Yükün əfqan mənşəli olduğu, İran üzərindən Azərbaycana, oradan isə Avropaya daşınmaq üçün Gürcüstana keçirildiyi məlum olmuşdu.
Bu, Qafqaz ölkələrində ələ keçən ən iri və fantastik qiymətli narkotik partiyası idi. “Qara bazar”da Gürcüstanda tutulan heroinin ümumi dəyəri 170-250 milyon dollar arasındadır. Həmin olayın üstündən 2 ildən artıq müddət ötür və bir çox suallar hələ də açıqdır. Xüsusən yükün Azərbaycan sərhədlərini necə aşması bu gün də müəmmalı olaraq qalmaqdadır. Bu qədər brilyantı Azərbaycan sərhədlərinə nəzarət etməli qurumların əməkdaşları niyə müəyyən edə bilməyib?
Bəlkə Azərbaycandan Gürcüstana qaçaqmalçılar üçün sirli qapı var?
2 il əvvəl heroin qaçaqçılığı haqda məlumatlar mətbuatda yenicə müzakirə edilməyə başlayanda Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin rəhbəri Elxan Nağıyev “Yeni Müsavat”a eksklüziv açıqlama vermişdi. Sərhəd Xidmətinin rəsmisinin söylədikləri sərhədlərimizdəki vəziyyəti müəyyən mənada aydınlaşdırmışdı.
Sitat: “Sərhəd haqda qanunlar, ölkələrarası müqavilələr var. Həmin yük, siz dediyiniz kimi, sərhəddən keçirilib və tutulub. Azərbaycanın müqaviləsi olduğu ölkələrlə belə bir razılaşması var ki, başqa bir ölkənin hər hansı bir yük maşınında daşınan yüklər Azərbaycan Respublikasının ərazisindən tranzit olaraq ağzı bağlı və möhürlənmiş şəkildə keçib gedə bilər. Dövlət Sərhəd Xidmətinin əməkdaşları, sərhədçilər möhürü açıb maşınların yükünə baxa bilməzlər. Yüklərə baxışı Dövlət Gömrük Komitəsi keçirir.
Fikir verdinizsə, Gürcüstan Daxili İşlər Nazirliyi rəsmi məlumatda yazır ki, yük sərhəddən yox, sərhəd nəzarət məntəqəsindən keçib və içindən həmin narkotik çıxıb. Azərbaycan sərhədçisi ölkədən tranzit olaraq keçən və yaxud sərhəddən möhürlü olaraq keçən avtomaşının möhürünü açıb onun içini yoxlamaq səlahiyyətinə malik deyil. Həmin yükün möhürünü yalnız hansı ölkədə açılmalıdırsa, həmin ölkənin nümayəndəsi aça bilər. Yəni yükün təyinat ölkəsində açılmalıdır. Amma bu o demək deyil narkotik Azərbaycan ərazisindən keçib gedib Gürcüstana. Gün ərzində Azərbaycan ərazisindən minlərlə elə TİR (ağır tonnajlı yük maşını-E.M.) keçir və daşıdıqları yük möhürlü olur. Məsələn, İrandan yüklər Azərbaycandan keçməklə Rusiyaya, Ukraynaya və digər ölkələrə gedir. Ölkəyə yük necə möhürlü daxil olursa, elə də çıxır. Sərhədçi başqa ölkələrə məxsus yüklərə baxış keçirə bilməz axı”.
Yəni E.Nağıyev sərhəd keçid məntəqələrdəki vəziyyəti kifayət qədər aydın şəkildə açıqlamışdı. Azərbaycan üzərindən Gürcüstana qaçaq mal daşınmasında hansı qurumun cavabdehlik daşıdığını ortaya qoymuşdu. İndi bəlli olur ki, Gürcüstan tərəfinin narkoqaçaqçılığın üstünü açmasından ötən 2 ildən artıq bir müddətdə sərhəd-keçid məntəqələrimizdə vəziyyət dəyişməyib. 557 brilyantı Azərbaycan sərhəd-keçid məntəqəsindən keçirənlər növbəti və daha böyük narkotik partiyasını da həmin uğurla ölkədən çıxara bilərlər.
Xatırladaq ki, Azərbaycandan Gürcüstana 2 ton 700 kiloqram heroinin keçiriməsinin üstü açılandan sonra gömrük-keçid məntəqələrində xüsusi yoxlama avadanlıqlarının yenilənməsi və mümkün olan bütün mal-materialların tərkibinin müəyyən olunmasına göstəriş verilmişdi. Gömrükçülərə tranzitlə ölkəmizdən keçən malların yoxlanılması zamanı xüsusilə diqqətli olmaq da tapşırılmışdı.