Azərbaycanda yarım milyon sənədsiz ev var...

2-12-2016, 19:58           
Azərbaycanda yarım milyon sənədsiz ev var...
“Sevindirici haldır ki, gələn ilin büdcəsində rəqəmlər dəyişsə də, onun sosial yönümlülüyü saxlanılıb. Bu insan hüquq və azadlıqları baxımından çox önəmlidir. Büdcə insanların sosial rifahının yüksəldilməsinə xidmət edəcək”.

teref.az Azvision.az-a istinadən xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Milli Məclisin komitələrində büdcə müzakirələri zamanı deyib. Ombudsman bildirib ki, sənədsiz ev sahibi olan vətəndaşların hüquqları təmin edilməlidir: "Bununla bağlı qanun layihəsi qəbul edilməlidir. Bu cür evlərin sayı rəsmi şəkildə 500 mindir. Bu problemin həll edilməsi nəticəsində yığılan vergi və dövlət rüsümları hesabına büdcəyə əlavə vəsaitlər gələ bilər. Bu, böyük məbləğdir. Mənzil probleminin həlli istiqamətində ölkə başçısının tapşırığına əsasən, sosial mənzillərin regionlarda da tikilməsi üçün vəsait artırıla bilər. Bu evlərin tikilişini daha da sürətləndirə və regionlarda yaşayan mənzilsiz və ya qəzalı vəziyyətdə yaşayan vətəndaşların problemini həll edə bilər. Sosial infrastruktura ayrılan vəsait artırılmalıdır.

Azərbaycanın "Gələcəyə baxış: 2020-ci il" konsepsiyasında regionlarda da sağlamlığı məhdud olan uşaqlar üçün mərkəzlər yaradıla və onlar üçün inkülziv təhsil üzrə proqramların keçirilməsinə vəsaitlər ayrıla bilər".

E.Süleymanova təhsilə cəlb olunmuş əlil insanlara xüsusi yardımların edilməsinin vacibliyini söyləyib: "Bundan başqa sağlamlığı məhdud olan, lakin dövlət və ya özəl ali məktəblərdə ödənişli təhsil alan tələbələr var ki, onların da vəziyyəti narahatlıq yaradır. Onlar bir çox hallarda imtahanları uğurla verir, lakin ödənişi ödəyə bilmirlər.

Bundan başqa ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə həlak olan hərbi qulluçuların ailə üzvlərinə və əlil olan şəxslərə sığorta məbləğinin ödənilməsi və həmin ödənişlərin qısa müddətdə müəyyən edilməsi ilə bağlı problemlər var. Bu problemlər həllin tapsa, yaxşı olar. Hərbi xidmət illərində istifadə edilməyən məzuniyyət üzrə borclarımız çoxdur. Nəhayət, hərbi qulluqçuların müvəqqəti mənzil əldə etməsi üçün pul kompensasiyası ilə bağlı rəqəmlər köhnədir. Lakin bu hal ailəli hərbi qulluqçular üçün böyük problemlər yaradır".

Ombudsman çıxışı zamanı məhkumların əməyə cəlb edilməsindən də söz açıb: "Məhkumların əməyə cəlb edilməsi məsələsi əsas məqamlardandır. Sərhədyanı rayonlarda problemlər mövcuddur. Belə ki həmin ərazilərdə tibbi, psixoloji sosial xidmətlərin yaradılması, aztəminatlı vətəndaşların imkanları nəzərə alınmaqla, Bakıda, rayonlarda və böyük şəhərlərdə dövlət büdcəsindən maliyyələşən ödənişsiz xidmət göstərən hüququ məsləhətxanalara böyük ehtiyac var. İnanıram ki, bu məsələlərə Maliyyə Nazirliyi tərəfindən baxılacaq, tədricən bu təklif həyata keçiriləcək. Və bir çox narazılıqlar aradan qaldırılacaq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.