MARAQLI Müharibədə rekord sayda gəmi batıran, Hitlerin sevimli zabiti olmuş GƏDƏBƏYLİ - FOTO
4-12-2016, 06:04
Bəşəriyyətə saysız-hesabsız fəlakətlər bəxş etmiş İkinci Dünya Müharibəsi hələlik Yer üzü tarixinə ən qanlı savaş kimi düşüb. Lakin bu müharibə həm də qeyri-adi sərkərdəlik qabiliyyətləri, hərbi istedadları və ya bacarıqları olan şəxsləri də üzə çıxarıb.
teref.az publika.az-a istinadən belə şəxslərdən biri olmuş alman zabiti Viktor Ern barəsində bir sıra maraqlı faktları təqdim edir:
Öncə onu qeyd edək ki, Viktor Ernlə bağlı ilk maraqlı fakt onun 1907-ci ildə Azərbaycanda, Gədəbəy rayonunda doğulmasıdır. Ötən əsrlərdə Azərbaycana köçürülmüş alman ailələrindən birində doğulmuş Ernin ailəsi bir müddət ölkəmizdə yaşayıb. Lakin 1920-ci ildə Azərbaycanda sovet rejimi qurulduqdan sonra 14 yaşlı Viktor Ernin ailəsi 1921-ci ildə Almaniyaya qaçmağa məcbur olub.
Almaniyada təhsilini davam etdirən Ern 20 yaşında donanmaya daxil olur. İki illik uğurlu fəaliyyəti ilə "Keniqsberq" və "Karlsruz" gəmilərində xidmətə başlayır.
Onunla bağlı daha maraqlı fakt bundan ibarətdir ki, Viktor 1935-ci ilin iyulunda ilk dəniz zabiti kimi sualtı donanmaya köçürülür. 1936-cı ilin yanvarından 1937-ci ilə kimi U-14 sualtı qayığının komandiri olmuş Viktor 1936-cı ildə İspaniya sahillərindəki hərbi əməliyyatlarda uğurla iştirak edir.
Hərbi istedadı ona gələcək karyerasında növbəti pillələrə yüksəlməyə imkan verir. 1939-cu ildə Hərbi Dəniz Akademiyasını bitirən Viktor Ern elə həmin il Hitlerin sevimli zabitlərindən olmuş admiral Karl Dyönisin qərargahında işləməyə başlayır.
Bundan bir il sonra U-37 sualtı qayığının komandiri təyin edilmiş Viktor Ern hərbi qabiliyyətini nümayiş etdirməyə başlayır. O, elə Norveç sahillərindəki ilk əməliyyatda Almaniya ilə müharibə aparan ölkələrin, o cümlədən Britaniya da daxil olmaqla 10 gəmini batırır. Bir gəmiyə isə güclü zərər vuraraq sıradan çıxarır.
Ern ikinci əməliyyat zamanı isə daha 7 gəmini suda batıraraq ingilis və fransız donanmasına güclü zərbə endirir. Müharibə illərində müttəfiqlərin ümumilikdə 26 gəmi batıran Viktor Ern daha 24 gəmini zədələməklə sıradan çıxarıb.
Onun bu xidmətləri və hərbi uğurları Almaniya donanmasını və Hitlerin diqqətindən yayınmır. Belə ki, Viktor Ern 1940-cı ilin 21 oktyabrında "Dəmir xaç" ordeni ilə təltif edilir. Bundan 5 gün sonra yenidən 1-ci zabit kimi admiral Dyönisin qərargahına qaytarılır.
Sonrakı illərdə Aralıq dənizindəki sualtı qayıqların koordinasıyasına rəhbərliyi həyata keçirən Hitlerin sevimli donanma zabiti 1942-ci ilin iyulunda Şimali Afrikadakı ezamiyyəti zamanı ağır yaralanaraq Britaniya hərbçilərinə əsir düşür. Yaralı Viktor sağaldıqdan sonra Misirdəki hərbi düşərgəyə göndərilir. 1943-cü ildə isə hərbi əsir kimi dəyişdirilərək Almaniyaya gətirilir.
Elə həmin il admiral qərargahının 1-ci zabiti kimi xidmətini davam etdrimiş Viktor Ern 1945-ci ilin mayında yenidən Britaniya hərbçilərinə əsir düşür. Bir neçə ildən sonra əsirlikdən azad edilən Viktor Ern müharibədən sonra "Siemens" şirkətində çalışmağa başlayır. Eyni zamanda Bonnda yüksək vəzifədə işləyir.
Bir sıra faktlara əsasən, Viktor Ern bu günə kimi batırdığı gəmilərin sayına görə dünyada rekord göstərici əldə edib. Onun həyatı barəsində bir neçə bədii film və 5 sənədli film ekranlaşdırılıb. Qeyri-rəsmi məlumatlara görə, Viktor doğulduğu Gədəbəyi unutmayaraq, bir neçə dəfə rayona səfər edib.
Onun sonuncu səfəri ölümündən 2 il əvvəl baş tutub. Viktor Ern 1997-ci ildə 90 yaşında dünyasını dəyişib.