“Sui-qəsdlər olacaq, müharibə başlayacaq, neftin qiyməti qalxacaq!” – Deputatdan sensasion yazı...
5-12-2016, 01:05
Yanvarın 20-nə qədər gözləməliyik. Bəli. Məhz Amerikadakı inaqurasiya mərasimindən sonra məlum olacaq ki, Trampın beynəlxalq siyasətlə bağlı müfəssəl fikri nədir. İndi isə adam ağzını açan kimi, “dərin dövlət” ona hələ qeydiyyatdan keçməmiş kəbin kağızını göstərir. Şantajı bir-birinin ardınca sıralayır.
“20 yanvar” tarixinin mistikası da öz yerində. Ən azından azərbaycanlıya məlumdur ki, bu rəqəm qanın, döyüşün, oyanışın simvoludur. Hətta bir zamanlar həmin “dərin dövlət”in bir başqa ruporu - Vanqa (vaxtilə xüsusi xidmət orqanları Darika adı ilə Gürcüstana, Altınay adı ilə Türkmənistana, Məlahət adı ilə Azərbaycana da bənzər qiyafəli agentlər sızdırmışdı) tərəfindən səslənən ehtimallar belə, əslində kor qadının öngörməsi deyil, dünyanı idarə edən ailələrin səslənişi idi: “Ümumi xətdə axsamalar olsa, devriləcəksən!”
Amerikadakı seçkilər ərəfəsində bütün sosial sorğuların Tramp əleyhinə olduğunu yəqin çoxları xatırlayır. Bu, əslində “dərin dövlət”in Donalda qarşı açıq şantajı idi. Daha çox yükləmək və üzərinə minnət qoymaq üçün. Ki, gör nə cür durumda səni qutudan çıxara bildik.
Sonra növbəti şantaj gəldi. Pensilvaniya daxil 3 ştatda seçki nəticələrinin yenidən yoxlanılması ilə. Və diqqət edin, bu, Trampın hansı açıqlamasından sonra baş verdi: “Yaxın Şərqdə qanlı müharibələr bitsin. Rusiya ilə münasibətlər düzəlsin”.
Və nəhayət, 3-cü “çaşma!” - mesajı da özünü çox gözlətmədi. Tramp, qızının Ərdoğana olan simpatiyasını növbəti telefon danışığında artıq həm də öz simpatiyası kimi izhar edib, üstəgəl bu sıcaqlığı iki dövlət arasında parktik elementlərlə yenicə cilalamışdı ki… SƏS bu dəfə Kaliforniyadan gəldi. Amerika tərkibindən çıxırıq, suverenliyə hər an təhlükə yarada bilərik - deyə...
Əlqərəz, şantaj siyasətinin şəhadət məkanı haradır, öncəlliklə bunu vurğulamaq istədim. Və nə təəssüf, qlobal dünyanın bütün inkişaf etmiş və etməkdə olan ölkələri üzərində bu “şantaj kabusu” dolanır. Belə də ki, yuxarıda göstərdim. Adamlar öz seçdiklərini (göz görəsi) şantaj edir, bəşəriyyəti niyə etməsin ki?!
İndi gələk, periferiyalara...
Hamı, ələlxüsus da siyasi diletantlar Ukrayna prezidenti Poroşenkonu qınayır. Saakaşvili kimi avantüristə vətəndaşlıq və hakimiyyətdə ciddi bir post verdiyi üçün. Oysa, məsələyə bir də “alt məqsədlər” üzərindən baxaq: Mişa populizmə həddən ziyadə meylli olsa da, cəsarətli siyasətçidir və yaşadığı müddətcə Rusiya üçün “baş ağrısı”dır. Yəqin bunu kimsə inkar etməz. Və adam Gürcüstandakı missiyasının bitimindən sonra dövr olunur Ukraynaya. Təbii, Amerikanın birbaşa dəstək və təkidi ilə. Bəlli zaman kəsiyindən sonra isə Qərbin önərdiyi planın ipucu açıqca görünür - ikibaşlı şantaj şəklində:
1. Rusiya açıq formada “pisin içindən yaxşı seçmə məcburiyyəti” qarşısında qoyulur. Yəni, Poroşenko ilə işləməsən, maya qoyub ən böyük düşmənini – Saakaşvilini hakimiyyətə gətirəcəm.
2. Poroşenkoya izah olunur ki, Saakaşvili sənin “baş ağrı”ndan daha çox Prezidentlik qarantiyandır. Yola ver getsin. Əsas Rusiya həmlələrini saxlasın.
Bu şantajın həm də kreativ formasıdır...
Qonşu Türkiyə isə Avropa Birliyi və milli valyuta ilə hədələnir. Sadəcə ortalıqda nonsens var. Hədə subyektləri fərqində deyillər ki, qapı dirəyindən qayıdan bədnam “nurçu top”undan sonra qardaş ölkəni, Ərdoğan kim mahir siyasi oyunçunu heç nə ilə heyrətləndirmək, qorxutmaq mümkün deyil. Adam sui-qəsdin yarımca santimetrliyindən dönüş edib, indi onu - hər qərarı üzərində sabun köpüyü partlayan lüzumsuz qurumlamı şantaj edəcəksiniz? Ərdoğan özü demiş: “Nəyə və kimə lazımdır bu təşkilat?”. Uzağı, “Suriyadakı əsas mübarizə Əsədin devrilməsinə yönəlib”- kimi “solaxay” açıqlamalardan birini verər, gündəmi dəyişər, mövzu bitər də. Nə problem var ki? Ya da olsun lirənin taleyi. Ölkə xaricinə çıxanlar istisna olmaqla orta statistik türkün nəyinə lazımdır dolların kursu? Rubla neylədilər ki, lirəyə də neyləsinlər? Lap ixracat süni şəkildə azaldıldı, investisiya tam geri çəkildi. Sonra? Olacaq Rusiya variantı. Rusiya da Qərbin ehtimallarına inansaq, çoxdan nuhun gəmisi tək batmalı idi. Deyilmi? Amma batmadı. Əksinə, bir az dirçələn kimi bütün düşmənlərə dirsək göstərdi. Qərb demokratlarının 8 illik hakimiyyəti dövründə yürüdülən beynəlxalq siyasətin, “həlqə epoxa”sının yalnış mahiyyətini hər kəsə aydınca göstərdi. Avropa Şurasının sanksiyalarına eynən Ərdoğan kimi güldü, qorxmadı, geri çəkilmədi. Hə, bir də Qəddafinin, Səddamın arxasından qaçıdığıtək Əsədin arxasından qaçmadı və...“inqilab ləçəyi”- Kerrinin dünənki nostaljik + tarixi etirafı üçün zəmin yaratdı: “Bacarmadıq!”.
Amerikada siyasi hakimiyyətin FED siyasətinə və dolların kursuna birbaşa müdaxilə edə bilmədiyi dəqiqdir. Ona görə, ümumi kursdan sapma zamanı bu“artilleriya”dan da məharətlə istifadə olunur. Maliyyə İnstitutlarında, Beynəlxalq mediada uçot- faiz dərəcəsinin artma ehtimalının tez-tez səslənməsi isə təsadüfi deyil. Düzdür, bunu dünyaya meydan oxumaq cəhdi kimi qiymətləndirənlər də yetərincədir. Fəqət faktiki mənzərə rakursu özündə tam ayrı məntiqi ehtiva edir. Əvvəla, Avropaya dollar məsələsində dəyən artıq dəyib. Odur ki, bu mövzuda yetərincə rabitəli davranırlar. İkincisi, neftdən asılı dövlətlər istisna olmaqla, dollar əksər ölkələr üçün öz cazibəsini çoxdan itirib. Və nəhayət üçüncüsü... bu faiz artımı hamıdan əvvəl Amerikanın özünü vuracaq. Çünki, artıq ixracat bazarında ervo, funt sterlinq, yen kimi alternativlər dövrəyə girib. Hətta birazdan İslandiya Kronu belə dollardan daha hörmətli olsa dünya təəccüblənməməlidir. Neft strategiyası ilə bağlı yalnış siyasət dollara da sirayət edəcəyi sürəcdə hər kritika gözləniləndir.
Qısası, bu məsələdə də əsas hədəf Trampdır...
OPEK-ə daxil dövlətlərin fəaliyyətindəki stimullaşmanı isə birbaşa Amerikanın yeni seçilmiş Prezidentinin adına yazmaq olar. Üstəlik, görünən budur ki, neft hasilatının azaldılmaması ilə bağlı ortalıqda uzun illər siyasi qərar olub və iqtisadi elementlər prosesə təsir baxımından sadəcə dekorotiv rol oynayıb. Hər halda Tramp qalib olana qədər OPEK toplantılarının ard-arda + naməlum səbəblərdən təxirə salınmasının özü artıq çox şey deyir. İndi isə durum fərqlidir. Elə ancaq yeni administrasiya komandasında 4 neft maqnatının təmsil olunması belə qənaətə gəlməyə əsas verir ki, strategiya kökündən dəyişib. İnaqurasiyadan sonra isə neftin barelinin 100 dollara qədər qalxma ehtimalını artıq Qərb ekspertləri də gizlətmir. Dünyaca məşhur maliyyəçi Con Maylzın “twitter” üzərindən paylaşımına diqqət yetirək: “Nəfəsliklər açıldı. Qara qızıl yenidən öz haqqına qovuşur”
*****
Bəşəriyyətin isə “soyuq qətliam” dövrünə adladığı dəqiqdir. Kimin harda qərarlaşmasından və lokal sövdələşmələrdən asılı olmayaraq! Çün, hamı “dərin dövlət”in strategiyasına uymağa məhkumdur. Baxmayaraq ki, o strategiya özündə çox sərt prinsipləri ehtiva edir: Demokratiya baş kəsməli, liberalizm cəllad loqosu ilə peydahlanmalıdır. Yalnışdır, amma faktdır! Ona görə də, ikinci dünya müharibəsi gedişində Yaponiya su hövzəsi üzərindən Amerikaya hücum edərək özünü necə işə salmışdısa, Amerika da hazırda Rusiyanı hədəfə almaqla eyni taleyi yaşayır. Birincidə Hirosima və Naqasakiyə atılmış atomlarla məsələyə nöqtə qoyuldu. Amma ikincinin harda çatlayacağı bəlli deyil. Düzdür, açıq döyüşlərin kustar diplomatiya ilə əvəz olunduğu 3-cü dünya müharibəsi zatən çoxdan başlayıb və...müasir hegemon kasta (oxu: fövqəl dövlət) psixologiyasına xas ardıcıllığı nəzərə alsaq, ilkin variantda inqilablar, ardınca iqtisadi blokadalar, daha sonra kütləvi sui-qəsdlər və nəhayətində nüvə zərbəsi olmalıdır. Amma beynəlxalq münasibətlər sisteminin son dövrlərdəki analogiyasına (tərs mütənasibliyinə) köklənəsi olsaq, hər an hər şeyin baş vermə ehtimalını da gözardı etməməliyik. Yəni, şok terapiyadan kimsə sığortalanmayıb...
P.S. Yazının əvvəlində yanvarın 20-də baş tutacaq inaqurasiyaya qədər Trampın ehtimal edilən sükutundan bəhs etmişdim. Amma sona çatana qədər informasiya aldım ki, Cinlə 37 illik protokolun dalından dəyilib və artıq Tayvan tərəf kimi tanınır.
Bu kişi hövsələ sarıdan “həqqi” kasadmış...
Elşən Musayev,
Milli Məclisin deputatı