SSSR-ni titrədən qandonduran "Vor v zakone" -nın həyatı
5-12-2016, 01:02
teref.az Publika.az-a istinadən oğru dünyasının ən qəddarı olan, Sovet hökumətinin kabusuna çevrilən Qennadiy Aleksandroviç Karkovla bağlı yazını təqdim edir.
Monqol ləqəbi ilə tanınan oğru cinayət dünyasının pionerlərindəndir. Məhz Monqolun yaratdığı quldur dəstəsinin üzvləri insanı danışdırmaq üçün ilk dəfə qızmış ütüdən istifadə ediblər. Bu insan Monqol-rus regentliyin əsasını qoyub və 60-cı illərdə Moskvada ilk quldur qruplaşmasını yaradıb. O, hazırda ən nüfuzlu “qanuni oğru” sayılan Vyaçeslav İvankovun (Yaponçik) xaç atası və müəllimi sayılır.
Karkov 1930-cu ildə Moskvada anadan olub. İlk dəfə həbsxanaya 30 yaşında oğurluq üstündə düşərək, 3 il cəza alıb. Cəzasını çəkəndən sonra 1969-cu ildə Moskvaya qayıdır və adi tikinti şirkətində işləməyə başlayır. Gələcək cinayətkar bir müddət sonra bu işdən bezib bütün gücünü kriminal peşəsinə yönəldir. Karkov digər oğrulardan zəkası, müstəqilliyi və zirəkliyi ilə fərqlənirdi. O, istənilən situasiyadan çox asan çıxış yolu tapa bilirdi. Bütün işləri tək görərdi və buna görə də, oğruların hörmətini qazana bilmişdi.
Asiyalı görünüşə sahib olduğu üçün Monqol adlandırılan oğru 1970-ci ildə 32 nəfərlik quldur dəstəsi yaradır. Həmin dəstənin 8 üzvü isə qadın olur. Dəstəsinin əsas üzvlər və Monqolun ən çox inandığı oğrular “Yaponçik” ləqəbli Vyaçeslav İvankov, cinayətkar “Bitumşik” və psixi xəstə-narkoman Palaç idi. Palaç aralarında ən qəddar cinayətkar idi. Seçdikləri qurbanlara işgəncə verməyi ona tapşırardılar. Bitumşik də cinayətləri ilə diqqəti cəlb eləmişdi. O, bir insanı qətlə yetirmək üçün 100, “bitum” maddəsi ilə insanı yandıraraq öldürməsi üçün isə 500 rubl alardı. Ona görə onun “Bitumşik” ləqəbi ilə çağırardılar. Belə insan da əlbəttə ki, Monqolun nəzərindən qaçmazdı. Monqolun sağ əli isə Yaponçik idi. Boks idmanı üzrə püxtələşmiş gələcək oğru tərs xasiyyəti və aqressivliyi ilə Monqolun diqqətini cəlb eləmişdi. Yaponçik, yəni Vyaçeslav İvankov oğru dünyasının incəliklərini Karkovun dəstəsində öyrənmişdi. Yaponçik dəstədə “polis” rolunu oynayırdı. O çox asanlıqla polis geyimi geyinərək, insanlardan pul yığmağı bacarırdı. Buna görə də, Monqolun sevimlisi idi.
Diri-diri basdırılma
Monqolun paytaxt valyutaçıları və fahişələri arasında xəbərçiləri vardı. Onlar bir çox varlı adamların gizlin və çirkli işlərindən xəbərdar idilər. Qurbanları məhz milyonerlər, ticarətçilər, antikvar yığanlar və varlı “tsexovik”lər arasından seçirdilər. Belələri isə Moskvada az deyildi. Sadə sovet adamı 100 min rublluq zinət əşyalarının və rəsm əsərlərinin haradan əldə etdiklərini polisdən gizlətməyə məcbur idi. Buna görə də zərər çəkənlər heç vaxtı quldurlardan şikayət etməzdilər. Onların bu zəif nöqtəsini də Monqol yaxşı bilirdi. Cinayət qruplaşmasının oğru dünyasına gətirdiyi daha bir yeni üsul isə, “qurbanı” başqa varlı “qurban” haqqında informasiya verməsinə məcbur etmək idi. Bununla da “qurban” canını qurtara bilmirdi. O, bundan sonra qazandığı pulun 10%-ni hər il onlara ödəməli idi.
Monqolun dəstəsi hətta az danışan insanla belə dil tapmağı bacarırdı. Belə ki, dəstə üzvləri “qurbanlar”ını və ailə üzvlərini meşəyə apararaq, "qadınlar"ı ayaqlarından ağaca asaraq, özləri üçün qəbir qazmağı əmr edirdilər.
Ən inadçıları isə narkoman və dəfələrlə şizofreniya diaqnozu ilə dəlixanada yatmış Palaçın əlinə verirdilər. Palaç isə onların başına dəhşətli oyunlar açırdı. O, sözə qulaq asmayan “qurbanları” tabuta diri-diri qoyar, sonra onun ağzını mismarlayar, daha sonra ikidəstəkli mişarla kəsməyə başlayardı. Həmin an qurbanları qorxudan bül-bül kimi ötməyə başlayardı. Sakit sovet dövrü üçün bu quldurlar görülməyən qəddarlıq sərgiləyirdi. Çirkli pullarla varlaşan sovet milyonerləri öz kölgələrindən belə qorxmağa başlamışdı.
Oğru dünyasının qəbul olunmaz qanununları
Karkov etdiyi cinayətlərlə oğru qanunlarını kobudcasına pozurdu. İnsanlardan zorla aldığı pullar daha sonra “reketlik” adlandırılmağa başladı. Hətta bir zamanlar müəllimi olmuş və onu qanuni oğru titulu vermiş oğru Vasya Brilyant həbsxandan çıxan zaman Monqola oğru dünyasını belə hərəkətlərlə ləkələməmisini tapşırmış, qətl və reketliyi birdəfəlik yığışdırmağını tələb etmişdi. Ancaq Monqol yenə öz istədiyi addımı atırdı. 1970-ci ildə Kislovodskidə keçirilən “sxodka”ların birində oğruların axır ki, reketliklə məşğul olmasına icazə verildi. Nəticədə yığılan kapital oğruların bir-birinə daha yaxın etdi və zənginləşdirdi. Lakin həmin “sxodka”da iştirak edənlərin siyahısı açıqlanmadı.
Monqolun dəstəsini Moskva cinayət axtarış şöbəsi 1972-ci ildə darmadağın etdi. “MUR” öhdəsinə düşən tapşırığı çətinliklə də olsa yerinə yetirə bilmişdi. Palaç 13 illik həbs cəzası alaraq qapalı psixiatriya müalicəxanasına göndərildi. Monqol isə bir il artıq həbs cəzası alaraq ağır rejimli həbsxanaya salındı. O, artıq “tac” almışdı və həbsxanada yalnız hörmət görürdü.
Yeri gəlmişkən, 1972-ci ildə Monqolun quldur dəstəsi polislər tərəfindən dağıdılan zaman Yaponçik qaçmışdı. Məhkəmə zamanı onun adı ilə bağlı istintaq aparılmır. Bundan sonra onların yolları ayrılır və Yaponçik müəlliminin üsullarından istifadə edərək öz quldur dəstəsini yaradır. Ancaq müsahibəsində jurnalistləri kobudlayaraq bunları deyir: “Siz mənim həyatımı korladınız, kim dedi ki, mən Monqolun dəstəsində olmuşam!?”
Rütbəsi əlindən alınmış “qanuni oğru”
Maraqlıdır ki, azadlığa çıxandan sonra Monqol bir müddət kölgədə qalır, hətta oğru dünyasının məsələlərinə nadir hallarda qoşulardı. Ancaq “oğruluq” onun qanına elə hopmuşdu ki, o, yeraltı dünyasının oyunlarında yenə də fəal iştirak etməyə başlayır.
1980-ci illərin sonu idmançılardan ibarət yeni quldur dəstəsi yaradır. Dəstə ilə birgə avtoservislərə, şirkətlərə və Tuşina rayonunun mağazlarına hücum edirlər. Bir sözlə yenidən reketliklə məşğul olmağa başlayır. Həyatının sonuna kimi restoran və narkotikinə bəs edəcək qədər pul yığa bilir.
1990-cı illər Monqol üçün daha uğurlu oldu. Belə ki, o, eyni zamanda bir neçə rayona “nəzarət” etməyə başlamış və bunun nəticəsində Fransada özünə mülk ala bilmişdi.
Ancaq həbsxanada keçirdiyi illər onun sağlamlığını məhv eləmişdi. Monqol 14 oktyabr 1994-cü ildə 64 yaşında ölkənin ən nüfuzlu xəstəxanaların birində uzun sürən ağır xəstəlikdə sonra öz əcəli ilə vəfat edir. Bu isə oğru dünyası üçün nadır sayılırdı.
Monqolun yas mərasimi çox sadə keçib. Onun yasında nə oğru dünyasının elitası, nə “qardaşları”, nə jurnalistlər, nə də ki, polis bölməsindəki dostları olub.
Bunun səbəbinin isə bir çox fərziyyələri var. Bir fərziyyə görə yeni kriminal avtoritetlərin dövrü başlamışdı və Monqolun qəhrəmanlıqları yaddaşlardan belə silinmişdi. Başqa bir fikrə görə isə, Monqol həbsxanada yatdığı zaman “obşak”-a pullarına lazımından çox istifadə edib və növbəti “sxotka”da biabırçılıqla tax-tacı əlindən alınıb. “Rütbəsi” alçaldılmış oğrunu son mənzilə yola salmaq bu “obşak”ın qanunlarına zidd idi.
Karkov dövrünün ən qorxulu və acımasız quldurlarından olub. İti zəkası ona milyonlar qazandırıb. Hətta Sovet tarixində KQB ilə istəyərək ünsiyyətə girən ilk oğru olub. Qorxusuzluğu və cəsarəti onu həmişə digər cinayətkarlardan fəqləndirib. Heç vaxt nə titul arxasınca qaçıb, nə də ki, oğru dünyasına özünü sübut etmək istəyib. Onun yeganə arzusu bacardığı qədər çox pul qazanmaq idi. Bu yolda o, həm dost itirdi, həm də düşmən. Son mənzilə gedərkən layiq olduğu və alışdığı təntənə ilə yox, yalnız yola salındı.
Monqol bütün həyatı boyu görəsən buna görəmi çalışmışdı? İndi ad verdiyi oğrular belə onun etdiklərini danırlar. Bəlkə də oğru dünyası pulun heç nəyin həll etmədiyi yeganə “dünya”dır... Karkov isə buna yalnız öləndən sonra anladı.