Həbsdəki MTN generalı ilə bağlı açıqlama - "Sübahir Qurbanov cinayət işinin..."

6-12-2016, 13:32           
Həbsdəki MTN generalı ilə bağlı açıqlama - "Sübahir Qurbanov cinayət işinin..."
Həbsdə olan MTN generalı Sübahir Qurbanov cinayət işinin materialları ilə tanış olmağa başlayıb.

Onun vəkili İlkin Mustafa “Qafqazinfo” ilə əlaqə saxlayaraq deyib ki, general ittihamı qəbul etmir, bütün epizodlar üzrə özünü təqsirli bilmir: “Hazırda cinayət işinin materialları ilə tanış oluruq. Məhkəmədə mövqeyini dəyişib-dəyişməyəcəyini bilmirəm”.

Vəkil bildirib ki, S.Qurbanov və ailəsi bir neçə gün öncə saytımızda yayımlanan yazıya görə narahat olublar: “Yazıda qeyd olunub ki, Sübahir Qurbanov səhhəti ilə bağlı şərtinin yerinə yetirilməsi üçün istintaq qarşısında şərt qoyub. Düzdür, müdafiə etdiyim şəxsin səhhətində problem var. Ürəyin işemik xəstəliyi, şəkər, gözdə xəsaratlər var. Onu ən çox narahat edən isə bel yırtığıdır. Amma biz istintaqa heç bir şərt qoymamışıq, istintaqla hər hansı problemimiz də yoxdur. Müraciət etmişik, Sübahir Qurbanov iş materialları ilə tanış olduqdan sonra müayinəyə göndəriləcək. Ondan sonra lazım olarsa, əməliyyat olunacaq. Hazırda iş materialları ilə tanış olmağa davam edirik.

Ümumilikdə, cinayət işi 80-nə yaxın cilddən ibarətdir. Biz hazırda təxminən 20 cildlə tanış olmuşuq. Sübahir Qurbanov bel yırtığına görə uzun müddət oturaq vəziyyətdə qala bilmir. Biz Kürdəxanıda görüşürük, saat 11-dən saat 4-ə kimi cəmi 3-4 cildlə tanış ola bilirik. Çünki biraz oturur, sonra gedib dincəlir, yenə qayıdıb gəlir. Amma gəlməmək, ittihamla tanış olmamaq məsələsi yoxdur”.

Yaxın günlərdə 3 generalın başçılıq etdiyi 10 nəfərlik dəstənin cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndəriləcək. Həmin dəstəyə Teymur Quliyevin işçiləri Fərhad Atayev, Elşad Əzizov, Eşqin Əliyev, Anar Şirəliyev, Sübahir Qurbanovun işçiləri, Baş İdarənin 1-ci idarəsinin rəisi Fizuli Əliyev, şöbə rəisi Zaur Məmmədov və əməkdaş Natiq Alıyev daxildir.

Xatırladaq ki, general-mayor Teymur Quliyev ləğv edilmiş MTN-nin Monitorinq Mərkəzinin rəhbəri, general-mayor Sübahir Qurbanov nazirliyin IV Baş İdarəsinin rəisi, general-mayor Natavan Mürvətova isə nazirliyin Əməliyyat-Texniki İdarəsinin rəisi olub.

Adıçəkilən şəxslərdən yalnız Natavan Mürvətova barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qərarı seçilib, digərləri isə məhkəmə qərarı ilə həbs edilib.

Qeyd edilən şəxslər Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) 302.2-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 320-ci (saxta sənəd hazırlama və istifadə etmə) və 178.3.1-ci (dələduzluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.