UNİVERSİTET BUFETLƏRİNDƏ QİYMƏTLƏR OD TUTUB YANIR - TƏLƏBƏLƏR NARIZIDIR
7-12-2016, 00:13
Dolların bahalaşması fonunda manatın ucuzlaşması Azərbaycanda iqtisadi çətinliklər yaradıb. Və bu çətinliklər özünü qiymətlərin bahalaşmasında daha aydın şəkildə göstərir. Mövcud inflyasiyadan ən çox əziyyət çəkən təbəqə isə tələbələrdir. Bu faktı nəzərə tələbələr arasında universitetlərin bufetlərindəki qiymətlərin qənaətbəxş olub-olmamasını öyrənmək üçün sorğu keçirdik.
BDU-da qiymətlər nisbətən ucuzdur Öncə, Bakı Dövlət Universitetindən (BDU) başladıq. Universitetin 1-ci kurs tələbəsi Nübar Mustafayeva bufetdən çox istifadə etməsə də, qiymətlərin marketdən az fərqləndiyini söylədi: " Dönər 1 manat 20 qəpik, qamburger 80 qəpik, çay 10 qəpik, peraşki isə 20 qəpikdir. Düzdür, istənilən halda hər gün doyacaq qədər yeyə bilmirik, bufetdə. Amma qiymətlər ümumi olaraq sabitdir. Ümumiyyətlə, BDU-da qiymətlərin digər universitetlərə nisbətdə bir qədər ucuz olması danılmazdır". Çox az hallarda bufetə gedirəm
Bakı Slavyan Universitetinin (BSU)-nin 4-cü kurs tələbəsi Gülər Mehdizadə bufetdə yemək yeyə bilmədiyini deyir: "Çox az hallarda bufetə gedirəm. Bizim universitetin tələbələri evdən gətirir yeməyini, ya da ki, marketdən alırlar. Qalanlar isə daha çox universitetin nəzdində olan liseyin bufetində nahar edirlər. Bufetdən az adam istifadə edir, o da çay və ya su kimi vacib şeylər üçün. Bufetdə adi çay 20 qəpik, kofe isə 50 qəpikdir. Qalan məhsullar da market qiymətlərindən qat-qat bahadır. Qiymət artımı indi deyil, birinci devalvasiyadan sonra baş verdi. Ümumilikdə, qiymətlər tələbələri qane etmir. Bu bizim gündəlik yemək yeyə bilməyimizə imkan vermir. Qiymətlərin bahalığından narazıyam". Bufetdə doyumlu nəysə yemək mümkün deyil
Azərbaycan Texniki Universitetinin 2-ci kurs tələbəsi Emil Əhmədov isə deyir ki, baza ərzaqlar onların universitetində daha baha qiymətdədir: " Məsələn, çay və şirniyyatla aclığını yatırtmaq istəyənlər 1 manatından keçməlidir. Yemək olaraq əsas dönər alınır, onun da qiyməti 1 manat 30 qəpikdir. Şirniyyatlar isə 50 qəpikdən başlayır. Bulka, xaçapuri, qoğal un məmulatları 80 qəpik - 1 manat dairəsindədir. Universitetin bufetində nahar etmək, doyumlu nəsə yemək mümkün deyil. Ona görə də, tələbələr bufetdən az istifadə edir”. Su 50 qəpiyə satılır
Azərbaycan Dillər Universitetinin (ADU) 3-cü kurs tələbəsi Sultan Cəbiyeva isə bildirir ki, dərs saatlarının dəyişkən olması səbəbindən çox zaman marketdən və ya evdən yeməyini təmin edir: " Evdə sendviç hazırlayıb, dərsdə onunla idarə edən müsahibim bufetin qiymətlərindən narazıdır. Bufetdə ucuz olan tək şey çay, kofe və peraşkidir. Onlarla da ki, doymaq olmur. Hər gün ən az 1 manat bufetdə yeməyimizə xərcləsək, bizə aylıq baha oturur. Ən çox istifadə olunan su 50 qəpiyə satılır. Ona görə də, dərs çıxışı kursa və ya işə gedən tələbələr bufetdə yemək yeyə bilmirlər”. Marketdə ucuz olan məhsullar bufetdə baha satılır
Sumqayıt Dövlət Universitetində (SDU) də eyni vəziyyət hökm sürür. Bütün universitetlərdə olduğu kimi bu ali təhsil mərkəzinin tələbələri də bahalıqdan əziyyət çəkir. Universitetin 2 -ci ikinci kurs tələbəsi Mustafa Mustafayev qeyd edir ki, bufetdə çay 20 qəpik, bulkalar 30- 50 qəpik, şirniyyatlar isə 1 manat civarındadır: "Hər yerdə olduğu kimi bizdə də marketdən ucuz alına bilən məhsulları bufetdə baha qiymətə satırlar. Universitetdə doyurucu yemək yeyə bilmək üçün 2 manat 50 qəpik, 3 manat arası pul xərcləmək lazımdır". Ortalama qiymət normadan yüksəkdir
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri də qiymətlərin onların cibinə uyğun olmadığını bəyan edirlər. 1-ci kurs tələbəsi Reyhan və 3-cü kurs tələbəsi Günel bufetdə yemək yemədiklərini, sadəcə çay və su kimi məhsullar alıb, daha çox evdən və marketdən yemək aldıqlarını dedilər: "Universitetin bufetində birdəfəlik stəkanlarda verilən çay 20 qəpik, kofe 50 qəpik, dönər isə 1 manat 50 qəpikdir. Bunlar bir qədər baha olsa da qoğal, bulkalar və pizza kimi bişirilən un məmulatlarında qiymətlər digər universitetlərdəki kimi 50 qəpik – 1 manat arasında dəyişir. Buna baxmayaraq ortalama qiymət normadan yüksəkdir. Bizim hər gün normal şəkildə qidalanmağımız baha gəlir”. Devalvasiyadan sonra qiymətlər əl yandırır
Nəhayət, son dayanacağımız Qafqaz Universiteti oldu. Universitetin 2-ci kurs tələbəsi Sevinc Qasımova əvvəl qiymətlərin baha olduğunu vurğulayıb. Xüsusilə devalvasiyadan sonra bufetdə qiymətlər əl yandırırdı: "Yeni rektorumuz Havar Məmmədovun ilk tədbirlərindən biri universitetin bufetində qiymətləri normallaşdırmaq oldu. İndi dönər, küftə, sendviç, tost kimi məmulatlar 1 manat, marketdən alınan peçenye, şirniyyatlar və içkilər isə mağaza qiymətindən 20 qəpik artıq satılır. Bizim üçün gündəlik doyumlu nəsə yemək elə də mümkün olmasa da nisbətən idarə edə bilirik”./sherg.az