İşsizlərin başına iş açan agentliklər - əməkdaşımızın araşdırması

7-12-2016, 10:30           
İşsizlərin başına iş açan agentliklər - əməkdaşımızın araşdırması
İşədüzəltmə agentliklərində insanların problemlərini həll edirlər, yoxsa...

Ölkədə mövcud iqtisadi vəziyyətlə bağlı özəl və dövlət qurumlarında ixtisarların olması işsizlərin sayının artmasına səbəb olub. Bu tendensiya isə işsizlərdən qazananların bazarlarına müsbət təsir edib...

Söhbət Bakıda olan işədüzəltmə agentliklərindən gedir. Hansı ki, insanlar tərəfindən onlardan son aylar sosial şəbəkələrdə xeyli sayda şikayətlər edilir.

Paytaxt ərazisində işədüzəltmə agentlikləri daha çox metronun “28 May” və “Nəriman Nərimanov” stansiyalarının yaxınlığında yerləşir. Agentliklər adətən dar məhəllələrdə, köhnə binaların altında, diqqət çəkməyən yerlərdədir. Bundan başqa, mərkəzdən nisbətən kənar ərazilərdə də bu kimi agentliklərə rast gəlinir. Onların əksəriyyəti internet üzərindən elanlarını da veriblər. İş axtaran şəxslər həmin nömrələrlə əlaqə saxladığı zaman əsasən konkret ünvan bildirilmir. İş axtaran hər hansı bir məşhur yerin qarşısına çağırılır, oradan agentliyin əməkdaşları gəlib, həmin şəxsi ofislərinə aparırlar.

Öyrəndik ki, əksər agentliklərdə demək olar ki, şərtlər eynidir. Yəni işə düzəlmək istəyən, agentlik tərəfindən təklif olunan işlə bağlı müqavilə bağlayan zaman 10 manat ödəniş edir və şəxsiyyət vəsiqəsini onlara verir. İşə düzəldikdən sonra isə maaşının yarısını agentliyə verib, şəxsiyyət vəsiqəsini geri alır. İşlədiyi yerin işçi ilə əmək müqaviləsi bağlaması və digər bu kimi sənəd işləri agentliyi maraqlandırmır. Onun işi yalnız işə düzəltməkdir. 10 manata bağlanan müqavilənin müddəti 3 aydır. Bu aylar ərzində agentlik səni müxtəlif işlərə göndərir. Heç biri alınmırsa, yenidən 10 manat ödəyib, müqavilənin vaxtını uzatmalısan...

Bu kimi agentliklərdən “Uğur”, “Mansur”, “Klass” və digərlərinin adlarını qeyd etmək olar. Bir çox işədüzəltmə agentliklərinin isə adı yoxdur. Sadəcə olaraq, “ofis” adlanırlar və içərisində ev alqı-satqısı, surətçıxarma kimi xidmətlər də fəaliyyət göstərir.

İşədüzəltmə agentliklərində hansı proseduraların getdiyini öyrənmək üçün biz də “iş axtaran” kimi bu agentliklərin birinə müraciət etmək qərarına gəldik.

Müraciət etdiyimiz metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən “Xəzərsevis” MMC-də maraqlı məqamların şahidi olduq. Belə ki, adını çəkdiyimiz ofis həm ev alqı-satqısı, dərzi, həm də işə düzəltmə agentliyi kimi fəaliyyət göstərir. Nədənsə içəridə bütün işıqları söndürmüşdülər. Yarıqaranlıq otaqda işə düzəlmək istəyənlər növbə ilə ofisin xanım əməkdaşının qarşısındakı stulda əyləşib, nə bacardıqlarını söyləyirdilər. Sıra bizə çatdığı zaman eyni prosedurdan biz də keçdik. Öyrəndik ki, burada şərtlər digər agentliklərlə müqayisədə bir qədər yumşaqdır. Belə ki, təklif olunan işlə razılaşdıqdan sonra müqavilə bağlanır. Müqavilə üçün 5 manat 60 qəpik ödəniş etməlisən. Yalnız bundan sonra işə götürən şirkətin telefon nömrəsi və digər əlaqə vasitələrini ala bilərsiz. İlk maaşın isə 40 faizi agentliyə ödənilməlidir. Bundan sonrasına isə agentlik qarışmır.

Müşahidə etdik ki, işədüzəlmə agentliklərində əsasən satıcı, aşpaz, sürücü, ofisiant kimi işlər təklif olunur. Maaş isə adətən 350-400 manat civarındadır. Bütün bunlar eyni qayda üzrə bizə də təklif olundu. Daha ətraflı məlumat almaq üçün isə bildirdilər ki, müqavilə bağlamalıyıq.

Orada olduğumuz zaman işədüzəltmə agentliklərində başlarına maraqlı hadisələr gələn şəxslərlə də tanış olub, problemlərini dinlədik. Rafiq Bayramov adlı şəxslə söhbətimiz zamanı bildirdi ki, metronun “28 May” stansiyasının yaxınlığında yerləşən bir çox agentliklərə müraciət ediblər. Ancaq işləri alınmayıb: "İnternetdən nömrələrini götürüb, zəng eləyib getdim. Ofis Səməd Vurğun parkının yaxınlığında, binanın zirzəmisində yerləşirdi. 10 manat ödəyib müqavilə bağladıqdan sonra məni şirniyyat mağazasına göndərdilər. Orada iş vaxtı 12 saat, maaş isə 250 manat idi. Elə bir gün işləmişdim ki, agentlikdən zəng elədilər ki, 125 manat ödəməlisiniz. Yoxsa zəng edib, sizi işdən qovduracağıq. Çarəsiz qalıb, aparıb 125 manatı ödədim. Bir həftə sonra isə məni işdən çıxardılar. İşlə bağlı verilən çox elanlarla maraqlanmışam. Əksəriyyəti ya dərman, ya da kosmetika satanlardır. Deyirlər ki, gəl dərman sat, sonra bura adam gətir. O da nə satacaqsa həmin satışdan faiz alacaqsan. Bu da olacaq əlavə gəlirin. Həmin yerlərdə də əsas tələ ilkin olaraq ödənilən 10 manatdır".

Adının açıqlanmasını istəməyən iş axtaran xanımla da söhbət etdik. Xanım bildirdi ki, agentliklər vasitəsilə işə düzəlməyə çalışıb və bunu da bacarıb. Ancaq sonrakı proseslər onu işdən ayrılmağa məcbur edib: "Nərimanov Rayon Məhkəməsinin arxasında yerləşən “Arzu” işədüzəltmə agentliyinə müraciət etmişdim. Şərtlər belə idi ki, ilk olaraq 10 manat ödəməli, daha sonra isə maaşın 50 faizini agentliyə verməli idim. Əgər iş alınmasa, agentlik digər işə yönəldir. Bu dəfə isə ödəniş etmirsin. Şəxsiyyət vəsiqəmi verib, 10 manat da ödəyib müqavilə bağladıqdan sonra Xarici İşlər Nazirliyi ilə üzbəüz yerləşən hüquq məsləhətxanasına qeydiyyatçı kimi göndərdilər. Getdiyim işdə gördüklərimdən dəhşətə gəldim. Məlum oldu ki, bunlar qeydiyyat şöbəsinə işçi yox, əxlaqsız axtarırlar. İşdən ayrılıb, məni işə göndərən agentliyə üz tutdum. Onlar da mənə bildirdilər ki, səni digər vəkilin yanına göndərmişdik. Əslində isə arqumentləri əsassız idi. Çünki mən ora qeydiyyat şöbəsinə getmişdim. Hər hansı bir vəkilin yanına yox. Daha sonra məni “Əhmədli” stansiyasının yaxınlığında bir xəstəxanaya, yenə də qeydiyyat şöbəsinə göndərdilər. Orada da bildirdilər ki, maaş almaq üçün gərək 25 xəstə tapıb gətirəsən. Oradan da ayrıldım. Yəni bu agentliklərin çoxu işçini müqavilə xatirinə hara gəldi göndərirlər. Əsas problem də budur. Adi bir vərəqdə də müqavilə bağlayırlar".

Qeyd edək ki, ölkədə vətəndaşlarının işlə təmin olunması ilə bağlı fəaliyyət göstərən rəsmi qurum Dövlət Məşğulluq Xidmətidir. Bu xidmətin paytaxtla yanaşı, bütün rayonlarda şöbələri var. Xidmətin yaydığı məlumata görə, təkcə bu il Dövlət Məşğulluq Xidmətinə müraciət edənlərdən 52 minə yaxın vətəndaş işlə təmin olunub. Məşğulluq mərkəzlərinə boş iş yerləri haqqında məlumat müəssisələr tərəfindən rəsmi olaraq verilir. Digər agentliklərin isə bu mərkəzlə hər hansı bir əməkdaşlıqlarının olmadığı bildirilir.

Dünyada ilk işədüzəltmə agentliyi 1893-cü ildə ABŞ-da Fred Uilson adlı şəxs tərəfindən açılıb. Dünyada ikinci belə agentliyin isə 1906-cı ildə Ketron Feltonun San-Fransiskoda baş verən zəlzələnin fəsadlarına qarşı yardım məqsədilə yaratdığı bildirilir.

Hazırda Avropada bu cür agentliklər fəaliyyət göstərirlər. Orada da işədüzəltmə agentlikləri ilə bağlı xeyli sayda neqativ məlumatlar yayılıb. Misal üçün, bir neçə il öncə Almaniyada işədüzəltmə xidmətinə müraciət edən qızın başına gələn hadisə mətbuatda səs-küyə səbəb olmuşdu. Belə ki, ofisiant işi axtaran qız məhəbbət evlərindən birində fahişə kimi işləməyə göndərilmişdi. Onu da vurğulayaq ki, artıq Avropada iş axtaranlar, bunu daha çox saytdakı elanlara əsasən etdikləri üçün bu cür agentliklərə ehtiyac bir o qədər də yoxdur. musavat.com/















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.