Ukraynadakı sərvətini Qarabağ uğrunda xərcləyən kişini nə hala saldılar

7-12-2016, 14:23           

Tahir Abdullayev: "Dərdimizi kimə deyək, bilmirəm. Heç olmasa, bağımı geri qaytarsalar, birtəhər dolanarıq"

Abdullayev Tahir Məmmədoğlu 1936-cı ildə Qərbi Azərbaycanda dünyaya gəlib. Amma orada çox yaşaya bilməyiblər. 1948-ci ildə onun da ailəsi, digər həmyerliləri kimi Qərbi Azərbaycandan deportasiya edilib. Onlar yurd-yuvalarından didərgin salınan zaman bütün mal-mülkləri Qərbi Azərbaycanda qalır. teref.az sputnik.az-a istinadən yazır ki, sonradan Abdullayevlər ailəsi Gəncədə məskunlaşır. Burada təhsilini başa vurduqdan sonra, 19 yaşlı Tahir Ukraynaya gedir. Ömrünün çox hissəsini ölkədən kənarda keçirən T. Abdullayev, Azərbaycanın ağır günlərində Vətənə qayıdır: "Özüm əslən Qərbi Azərbaycandanam. Ukraynadan Azərbaycana böyük sərvətlə qayıtmışdım. İki yük maşınım, avtomobilim var idi. Ukraynada ailəm də var idi. 30 il yaşamışam Ukraynada. Gələndə qızımı da götrüb gəldim Azərbaycana. O da xeyirxahlığı sevən insandır, müharibənin ağır dövründə bütün qızıllarını Müdafiə Nazirliyinə bağışlamışdı". T. Abdullayevin Ukraynada 3 övladı dünyaya gəlir. Lakin Azərbaycanın ağır günlərində — 1989-cu ildə o, Ukraynada qala bilmir və geri dönür: "Boşanmaq, həmçinin qızımı özümlə Azərbaycana gətirmək üçün məhkəməyə müraciət etdim. Hakim qadın idi. Gördü ki, qızım mənə meyllidir, imkanım da yaxşıdır, qızımı mənə verdi".
Ukraynadakı sərvətini Qarabağ uğrunda xərcləyən kişini nə hala saldılar
O, Azərbaycana gələndən sonra yenidən ailə qurur. İkinci evliliyindən iki övladı dünyaya gəlir. Lakin oğlunun biri 11 yaşında dünyasını dəyişir. Bir müddət sonra həyat yoldaşı da ondan ayrılır.

"Mən qızımı Xarkovdan gətirəndən sonra həm atası oldum, həm anası. O qız mənə ümid edib, anasını qoyub gəldi. Mənim ikinci yoldaşım isə ona analıq elədi, amma ana olmadı. Bəlkə elə buna görə də ailəm davam etmədi. Dəfələrlə dedim ona ki, "qızıma ana ol, analıq etmə", dinləmədi. Həm də mən bütün var-dövlətimi xeyir işlərə xərcləyirdim, yoldaşım isə bunu qəbul etmirdi", — deyir həmsöhbətimiz.

Bir müddət Qarabağ uğrunda döyüşlərdə iştirak edən T. Abdullayev, sonradan xeyriyyəçiliklə məşğul olmağa başlayır: "1990-cı il avqustun 10-da Tiflis avtobusunu ermənilər partlatdılar. Hamı yanıb ölümüşdü. Səhər gəldim, həmin yeri çəpərlədim ki, insanın külü ayaq altında qalmasın. Sonradan həmin yerdə abidə ucaltdım. Gəncədən 2 km aralıda yolun kənarındadır həmin ərazi".

Qızının da özü kimi vətənpərvər olduğunu bildirir: "Bu uşaq, ermənilər Şuşanı alanda, "bütün qızıllarını hərbçilərimizə bağışlayacağam" dedi. Qızımla gəldik Müdafiə Nazirliyinə. Ondan soruşdular ki, "niyə gəlmisən?". Cavab verdi ki, "döyüşçülərimizə mən də yardım etmək istəyirəm". Xocalı soyqırımı zamanı da elan edilmişdi ki, qurbanların dəfn edilməsi üçün yardım ayrılsın. O zaman da qızım 10 min manatını aparıb Müdafiə Nazirliyinə bağışladı. Mənim qızım vətənpərvər qızdır".

Abdullayevin dediyinə görə, Xarkovdakı keçmiş həyat yoldaşı ara-sıra qızını görməyə gəlir. Hazırda T. Abdullayev Samux rayonunun Alabaşlı qəsəbəsində yaşayır. Və yaşadığı kənddə qarşılaşdığı problemləri də dilə gətirir: "Alabaşlı qəsəbəsinin 150 ha torpağı var idi. 1999-cu ildə islahatlar başladı. Mən də Ukraynadan qayıdandan sonra bu qəsəbədə yaşayırdım. Torpaq bölügüsü vaxtı mənə 1 ha bağ sahəsi verdilər. Mən də bağa yaxşı baxırdım, becərirdim, yaxşı məhsul da götürürdüm. Sonra dedilər ki, "anlaşılmazlıq olub" və bağ əlimdən aldılar".

"Oğlum da hərbi xidməti bitirib, hazırda işsizdir. Gəncə kimi şəhərdə ona bir iş tapılmır. Dərdimizi kimə deyək, bilmirəm. Heç olmasa, bağımı geri qaytarsalar, birtəhər dolanarıq. Amma yox, qarşımıza sənəd gətirirlər ki, guya sotu 2 manata satılıb. 2 manata da torpaq satmaq olar?", — deyə gileylənir müsahibimiz…
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.