“Qızı zorlayıb, sonra deyirlər ki, fahişədir”- Şeyxin adamı məhkəməyə gəldi, qalmaqal düşdü

8-12-2016, 07:42           
“Qızı zorlayıb, sonra deyirlər ki, fahişədir”- Şeyxin adamı məhkəməyə gəldi, qalmaqal düşdü
Paşazadələrin həbsdə olan şəriki: “Elə bil ki, bir bakirə qızı zorlayıblar, başına oyun açıblar, sonra isə deyirlər ki, həmin qız fahişədir”

A. Paşazadələrin şərikinin növbəti məhkəmə prosesi qalmaqallı olub. Məhkəmədə şeyxin yaxın adamı, onun əmrlərini icra etdiyi, adı bir çox qalmaqallı məlumatlarda hallanan Hacı Mazan kimi tanınan Ramazan Zeynalov ifadə verib. O, təqsirləndirilən şəxsdən özünə dəymiş zərəri tələb edib. Məhkəmədə tərəflər arasında mübahisə də düşüb.

Musavat.com-un prosesdə iştirak edən müxbiri xəbər verir ki, Paşazadələrin şəriki olmuş Müğdət Həşimov məhkəmədə vəkilsiz çıxış edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrlik etdiyi məhkəmə kollegiyasına məktub göndərən Müğdət Həşimovun vəkili gözlərindən müalicə aldığı üçün məhkəməyə gələ bilməyəcəyini bildirib. Vəkil ona 10 gün vaxt verilməsini istəyib.
Hakim Novruz Kərimov bildirib ki, artıq bununla neçənci dəfədir ki, məhkəmə prosesi uzadılır. Hakim xatırladıb ki, M.Həşimov əvvəlcə dəymiş zərərin ödənilməsi üçün məhkəmədən vaxt istəyib, amma heç bir zərər ödənilməyib və zərərçəkmiş tərəflə razılıq olmayıb. Daha sonra M.Həşimov vəkilindən imtina edib, yeni vəkillə müqavilə imzalamaq üçün vaxt istəyib. Yeni vəkil də işlə, daha sonra isə protokolla tanış olmaq üçün vaxt istəyib.

Hakim bildirib ki, vəkil indi də xəstə olduğu üçün məhkəməyə gələ bilmədiyini deyir: “Biz sizə sonuncu dəfə xəbərdarlıq edirik. Ya vəkiliniz prosesdə iştirak etsin, ya da başqa vəkillə müqavilə imzalayın. Əks halda biz bu, hərəkətlərinizi məhkəmə prosesinin uzadılması kimi qiymətləndirəcəyik”.

Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadənin və onların ailə üzvlərinin şəriki olan M.Həşimov isə deyib ki, onun məhkəmənin uzadılmasında heç bir marağı yoxdur. Paşazadələrin sifarişi ilə həbs edildiyini iddia edən Həşimov məhkəmənin və istintaqın birtərəfli aparıldığını və haqqında çıxarılacaq qərarı çoxdan gözlədiyini deyib.

Paşazadələrlə tibb müəssisəsində şərik olan Həşimov 2015-ci ildə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə təqsirli bilinərək həbs olunub. Sonradan onun barəsində 178.3.2 (dələduzluq) və 213.1(vergidən yayınma) maddələri ilə də ittiham irəli sürülüb.

“16 aydır ki, həbsdəyəm. Həbsimdən bir neçə ay əvvəldən təqib olunuram. Məni işlədiyim klinikadan çıxaran Hacı Mazan oldu. Mənə deyirdi ki, “tez elə, zir-zibilini ofisdən çıxar. Çavanşir bunları burada görməsin”. Mən axı onlarla imzaladığım müqavilənin hansı şərtini pozmuşam? Klinikanın açılması üçün bankdan götürülən krediti də mən ödəyirdim. Məni klinikadan çıxarandan sonra Cavanşir Paşazadə deyirdi ki, 700 minimi versin. Ancaq araşdırmalar zamanı bu öz təsdiqini tapmadı. İndi də deyirlər ki, 193 min mənimsənilib, sonradan məndən klinikada olan avadanlıqları tələb etməyə başladılar”- deyə M.Həşimov çıxışına əlavə edib.

Cavanşir Paşazadə


“Oğlumu Maştağada dəlixanaya saldılar”


M.Həşimov həbs edildikdən sonra ailəsinin və özünün başına gələnləri danışıb: “İndi mən burada dərman almağa pul tapmıram. Dərmanlarımı dostlarım alıb, göndərir. Evim-eşiyim əlimdən çıxıb. Nəyim var idisə, aldılar. Bir oğlum MTN-də işləyirdi. Mən həbs ediləndən sonra ixtisara saldılar. Digər oğlumu Maştağada dəlixanaya saldılar. Onun taleyindən indi də xəbərim yoxdur. Bu qədər haqsılızğı, ədalətsilziyi Allah götürər? Mən bilirəm ki, hökm də çıxarılıb. Ancaq onu da bilirəm ki, onlar da bu etdiklərinə görə cəzalarını alacaqlar”.

M.Həşimov deputat C.Paşazadənin himayəsində olan “Aygün-C” MMC-nin təsisçiləri ilə 2012-ci ilin 6 dekabrında rəsmi qaydada “Birgə fəaliyyət haqda” müqavilə bağlayıb. Müqavilənin şərtlərinə görə onunla iş birliyində Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkəni olub.

M.Həşimov şərikli açılan klinikadan 193 min manat və tibbi avadanlıqların çatışmazlığında təqsiləndirilir. İndi ondan həmin məbləği və digər yoxa çıxdığı deyilən avadanlıqları şeyxin yaxın adamı kimi bilinən Hacı Mazan ləqəbli Ramazan Zeynalov tələb edir. Yəni, zərərçəkmiş kimi Hacı Mazan tanınıb.

Tərəflər arasında şərikliyin şərtinə görə təsisçilər Bank “VTB”dən 700 min manat götürüb M.Həşimova veriblər. Həmin pulun banka qaytarılması isə 2018-ci ilə qədər M.Həşimovun öhdəliyində olub. Həşimov klinikadan qazandığı pulla həmin borcu ödəməli imiş. Bankın pulu ödənilib bitdikdən sonra əldə olunan qazanc Cavanşir Paşazadə ilə Həşimov arasında bölünməli imiş.

Bu gün baş tutan məhkəmədə Hacı Mazan ifadəsində göstərib ki, M.Həşimovdan 263 min manat və klinikada olan tibbi avadanlıqları tələb edir.
“Həmin aparatla xəstəyə narkoz verdilər, öldü”


M.Həşimov deyir ki, klinika C.Paşazadənin adına olan 1255 kv.metrlik qeyri-yaşayış sahəsində açılıb. Şəriklik əsasında M.Həşimov “Medi-Sina” MMC-nin təsisçisi olaraq fəaliyyətə başlayıb. Həmin müddət ərzində də ayda 20 min manat banka olan krediti ödəyib. Onun sözlərinə görə, Paşazadələrin sifarişi ilə Hacı Mazan onu klinikadan çıxarıb və barəsində hüquq-mühafizə orqanlarına müraciət edib. Hacı Mazan isə səsləndirilən ittihamlarla razı deyil.


Hacı Mazan məhkəmədə deyib: “193 min mənimsədiyi pulu və qalan avadanlıqları versin. Əlavə olaraq mənə 70 min manat ödəməlidir. Bizə təqdim etdiyi avadanlıqlar köhnədir. Klinikada 87-ci ilin narkoz aparatı var. Həmin aparatla bir xəstəyə narkoz verdilər, öldü. Klinikada olan avadanlıqlar köhnədir, heç bir standartlara cavab vermir. Halbuki yeni avadanlıqlar olmalı idi”.

Hakim bildirib ki, bankdan götürülən 700 min kreditin 7 min manatının bank xidmətlərinə xərcləndiyi, qalan məbləğin 193 min manatının isə M.Həşimov tərəfindən mənimsənildiyi qeyd edilir. Hakim Hacı Mazandan qalan 500 min manatın hara xərcləndiyini soruşub. Hacı Mazanın bu suala cavabı isə “bilmirəm” olub.

Hakimin bu sualına Müğdət Həşimov da cavab verib. O, deyib ki, qalan 500 min manat klinikaya alınan avadanlıqlara xərclənib.

“İmkan vermədilər ki, işləyib, bankın borcunu ödəyim. Məni klinikadan çıxarandan sonra 4 ay ərzində öz cibimdən ayda 20 min manat kredit ödəmişəm. Bir dəfə də 20 min Hacı Mazandan almışam. Neçə dəfə danışığa gedib, işlərini qaydasına qoymağa çalışdım. Amma faydası olmadı. İndi bunların mənə qarşı etdiyi kişilik deyil. Bu bilirsinizmi nəyə bənzəyir? Elə bil ki, bir bakirə qızı zorlayıblar, başına oyun açıblar, sonra isə deyirlər ki, həmin qız fahişədir. Bunların mənə etdiyini ermənilər etməzdi. Bütün ailəmi, həyatımı məhv etdilər”.

Hacı Mazan: “Sən kişi deyilsən”


M.Həşimovun bu sözlərindən sonra məhkəmədə mübahisə yaranıb. Hacı Mazan M.Həşimova cavab olaraq “sən kişi deyilsən. Mənim sənə etdiyim yaxşılığı heç kim etməzdi”, deyib.

M.Həşimov isə “budurmu etdiyin yaxşılıq? Mən indi burdayam”, cavabı verib.

Hakim M.Həşimova təhqiredici ifadələr işlətdiyi üçün xəbərdarlıq edib və məhkəmənin vəkil prosesdə iştirak edənə qədər təxirə salındığını bildirib. Hakim həmçinin bildirib ki, M.Həşimovun vəkili Elçin Sadıqovla bağlı Vəkillər Kollegiyasına da müraciət ediləcək.
Məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə salınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.