Anlaşma: Hələb Qarabağa dəyişdirilir... - İDDİA

9-12-2016, 13:00           
Anlaşma: Hələb Qarabağa dəyişdirilir... - İDDİA
Qarabağ mövzusu son günlər təzədən regional siyasi gündəmin ön sıralarına çıxmaqdadır. Məsələyə hazırda aktuallıq və ağırlıq verən isə konflikt ətrafında Türkiyə-Rusiya, Türkiyə-Azərbaycan və Azərbaycan-Rusiya münasibətləri kontekstində nəzərə çarpan yeni gəlişmələr, cərəyan edən proseslərdir.

Siyasi təhlilçilər Bakı-Ankara-Moskva “üçbucağı”nda həm də Dağlıq Qarabağ mövzusundan dolayı baş verənləri nəzərdən qacımırlar. Söhbət öncəliklə Rusiya xarici işlər naziri Sergey Lavrovun son Türkiyə səfəri, bu səfərdən dərhal sonra onun türkiyəli həmkarı Mövlud Çavuşoğlunun Bakı, onun ardınca isə baş nazir Binəli Yıldırımın 3 günlük Moskva səfərlərinə önəm verirlər.

***

Bu xüsusda Rusiyanın “Rosbalt” nəşrinin analitiki İrina Corbenadzenin “Qarabağı Hələbə dəyişdiririk?” başlıqlı məqaləsi diqqət çəkir. Təhlilçinin sözlərinə görə, son günlər Rusiya və Türkiyənin iştirakı ilə labirintli geosiyasi proseslər müşahidə edilməkdədir. Onun fikrincə, M. Çavuşoğlunun axırıncı Bakı səfərinə heç bir diqqət ayırmamaq da olardı, əgər aşağıdakı üç məqam olmasaydı: “1. Səfər prezident Ərdoğanın Bəşər Əsədlə bağlı verdiyi son xoşagəlməz açıqlamaya dair rusiyalı həmkarı ilə izahatından sonraya təsadüf edir; 2. Sergey Lavrovla görüşdən dərhal sonra baş tutub; 3. Ərdoğanın ”Türk axını" ilə bağlı qanunu imzalaması ərəfəsinə düşüb".

Məqalədə daha sonra deyilir: “Rəsmi məlumatlara görə, Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Qarabağ nizamlaması da daxil, bütövlükdə regiondakı situasiyanı müzakirə ediblər. Azərbaycanlı nazir həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlığın, o sırada TANAP qaz kəməri layihəsi çərçivəsində əməkdaşlığın müzakirə predmeti olduğunu deyib. Rəsmi informasiyalar quru xarakter daşıyır. Lakin ekspertlərin olduqca maraqlı və detallı yanaşmaları var. Onların qənaətincə, Türkiyə XİN başçısı Bakıya heç də ”əliboş" gəlməyib, əksinə “tam əli dolu” səfər edib.

O sırada, politoloq Engin Özer Ankaranın Qarabağ nizamlanmasında köməyi kontekstində deyib: “Əhməd Davudoğlunun baş nazir postundan istefa verməsindən dərhal sonra Türkiyə tərəfi ”Hələb müqaviməti"ni dəstəkləməyi dayandırdı. Hamıya bəllidir ki, Hələb yaxın zamanlarda Əsəd qüvvələrinin nəzarəti altına keçəcək. Və zənnimcə, bununla bağlı da Ankara və Moskva arasında hansısa anlaşma olacaq. Daha dəqiqi, Türkiyə Əsədin Hələbə nəzarət eləməsinə mane olmayacaq, Rusiya isə öz növbəsində Qarabağ probleminin Bakının xeyrinə həllinə yardımçı olacaq".

Məqalə müəllifi daha sonra Rusiyadakı Müasir Türkiyəni Öyrənmə Mərkəzinin rəhbəri Yuri Mavaşevin fikirlərinə yer ayırıb. O da Çavuşoğlunun Bakıya əliboş gəlmədiyini söyləyib: “Türkiyə və Azərbaycan XİN başçıları arasında budəfəki Qarabağ müzakirələri xüsusi məna kəsb edən bir xarakterdə olub. O, Lavrovla razılaşdırılmış bəzi təklifləri Bakıya izah edib”. Mavaşev Moskvanın Qarabağ nizamlanması ilə bağlı təşəbbüsünün Ankara tərəfindən dəstəklənməsini “ümidverici” adlandırıb: “Halbuki əvvəllər Türkiyə ATƏT-in Minsk Qrupuna və Rusiyaya sistematik şəkildə etirazlar bildirirdi. İndi baş verənlər isə mənim fikrincə, hansısa ”paket layihə"nin mövcudluğuna dəlalət edir - hansı layihədə ki, konfliktin həlli türk-erməni əlaqələrinin normallaşması ilə eyni kompleksdə nəzərdə tutulur. Belə görünür, yaxın perspektivdə biz Moskva- Bakı- Ankara-İrəvan formatının şahidi ola bilərik. Sadə dildə situasiyanı izah etsəm, indilikdə “başa baş” prinsipindən çıxış edilir: Türkiyə indi prinsipcə küncə sıxılıb. Ona Azərbaycanın və Rusiyanın köməyi lazımdır. Azərbaycan öz ərazisində bütün Gülənçiləri sıradan çıxarmaqla ona bu köməyi göstərə bilər. Bundan əlavə, Türkiyəyə TANAP layihəsinin tam həcmdə reallaşması gərəkdir. Bu, Ankaraya imkan verəcək ki, faktiki, onunla əlaqələri qırmış Avropa Birliyini cilovda saxlasın. Yəni söhbət təkcə Ərdoğanın Türkiyəni Azərbaycan və Rusiya qazı (“Türk axını”-red.) hesabına qaz xabına çevirmək yönündə ambisiyalarından yox, həm də Avropaya təsir edərək, onu ABŞ-dan ayırmaq planından gedir. Azərbaycan isə öz növbəsində Rusiya və Türkiyə iki məsələdə - Qərbin sevimli məşğuliyyəti olan “rəngli inqilab”lardan yayınmaq və Qarabağ nizamlaması, bütövlükdə təhlükəsizliyin təmin olunması üçün lazımdır".

“Rosbalt”dakı məqalənin sonunda bir daha Türkiyə ilə Rusiya arasında mümkün Qarabağ anlaşmasına toxunulur: “Əgər Moskva və Ankaranın Qarabağ və Hələbə ”əl qatması" haqda informasiya doğrudursa, o zaman bu sövdələşməni böyük işarəli saymaq olar. Düzdür, Qarabağla bağlı bır sürü problemlər ortaya çıxacaq. Ancaq görünür ki, Türkiyə nizamlamada öz yerini ciddi şəkildə möhkəmlədib. İndi artıq o, birinci yerdə olmasa da - birinci yer Rusiyaya ayrılıb - axırıncı yerdə də deyil.

Əgər Qarabağ ixtilafı hər halda Bakının xeyrinə çözülərsə (bu haqda politoloqlar çoxdan danışır, amma Hələblə əlaqədə yox), bu, Ərdoğanın Güney Qafqazsa kiçik bir qələbəsi demək olacaq - əgər bunun qarşılığında Moskva Türkiyədən başqa əlavə məsələlərdə “anlaşma” tələb eləməzsə. Rusiyanın isə Cənubi Qafqaz da daxil (Azərbaycan kontekstində bu xüsusilə mühümdür) postsovet məkanında və Yaxın Şərqdə qələbəsi qat-qat böyük olacaq".

***
Azərbaycanlı siyasi şərhçi Elxan Şahinoğlunun da bu mövzuda maraqlı şərhi var. O da bu qənaətdədir ki, Çavuşoğlu son Bakı səfəri zamanı Lavrovla Qarabağ problemi ətrafında apardığı danışıqların detallarını rəsmi Bakıya çatdırıb: “Ankara ilə Moskva arasında danışıqlar intensivləşib. Məqsəd də Rusiyanın münaqişənin həlli ilə bağlı Ermənistan hakimiyyətinə təsir etməsidir. İlk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır ki, sülh prosesinə start verilsin. Lavrovun Çavuşoğlunun təkliflərinə cavabı hələlik bəlli deyil. Ancaq o da məlumdur ki, Ankara ilə münasibətlərini normallaşdıran Moskva Türkiyənin bu fəallığına və Moskva Türkiyə-Rusiya-Azərbaycan formatının yaradılmasına etiraz etmir”.

Politoloq hesab edir ki, hadisələrin bu yöndə inkişafı Ermənistan hakimiyyətini narahat edir: “Ermənistan tamamilə Rusiyadan asılı vəziyyətə düşüb, ordusu və iqtisadiyyatı Rusiyanın nəzarəti altındadır. Rusiya, hələ ki Ermənistan hakimiyyətini müdafiə edir və konfliktin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə maraq göstərmir. Ancaq bir gün Moskvanın mövqeyi dəyişərsə və Kreml Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Ermənistan hakimiyyətinə təzyiq edərsə, bu halda Sərkisyan nə edəcək? Rəsmi İrəvan Moskvaya etiraz edəcəkmi?... Erməni diasporu da düşünür ki, yaxın zamanda Moskva Ankara ilə razılaşaraq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll edəcək. Rəsmi Bakı Moskvanın Ermənistan hakimiyyətinə təsir edərək Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcəyinə çox ümidlidir. Hələ ki bu, baş verməsə də, inanırıq ki, Ankara Moskvanı buna inandırmağa nail olacaq.

Həm Bakı, həm də Ankara Rusiyaya təklif ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli halında bölgədə regional əməkdaşlığı genişləndirmək mümkün olacaq. Bu regional əməkdaşlıq isə Rusiyanın maraqlarına cavab verəcək şəkildə inkişaf edəcək. Ancaq hələ ki nə Bakı, nə də Ankara Moskvadan tutarlı cavab ala bilməyib. Ermənistanı daha çox silahlandırmasına baxmayaraq, Rusiyanın Cənubi Qafqaz siyasətini korrektə edəcəyi istisna deyil".
\\musavat.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.