Müsavatçı oğlu Rusiya sualtı gəmilərinin necə müəllifi oldu
15-12-2016, 09:43
Davud Paşayev müasir RF hərbi-dəniz donanmasının əksər sualtı atom gəmiləri, o cümlədən ən müasir “Borey” markalı submarinlərin ixtiraçısıdır
Ötən əsrin 20-ci illərində Müsavat Partiyası Azərbaycanda gizli fəaliyyətə keçməyə məcbur qalır. Lakin tezliklə NKVD bu məxfiliyi aşkarlayaraq ölkədə kütləvi həbslərə start verir. Qazamata atılanlar sırasında hətta Cəfər Cabbarlının da olduğunu deyənlər var.
Müqəssirlərin indi nə qədər suçlu olduğunu söyləmək çətindi. Başqaları barədə heç nə deyə bilmərəm. Ancaq qazamatdan sonra Cəfərin sanki “çiçəyi çırtlayır” - o, durmadan yazmağa başlayır, bütün mümkün imtiyazları qazanıb hələ sağkən dönür canlı klassika. Bayıl qazamatında o vaxt nə baş verdiyini bilmək istəyənlərə Cəfərin həbsdən çıxınca yazdığı “Azad bir quşdum” şeirini oxumağı məsləhət görərdim.
***
Qazamatdakı digər dustaqların sonrakı taleyi isə Cəfərinkiylə müqayisədə daha ağırdı. 25 il həbs cəzasına məruz qalıb Şimal dənizindəki “uzaq yaşıl adaya” - Solovki həbs düşərgəsinə göndərilən 300 nəfər əyilməz müsavatçı arasında deyilənə görə, Qazağın Daş Salahlı kənd sakini Paşayev Hüseyn Kazım oğlu da varmış.
Bu “300 spartalı”, bu 300 müsavatçının Solovki həbs düşərgəsində hansı əzablardan keçdiyini bilmək istəyirsinizsə, Aleksandr Soljenitsinin “Arxipelaq QULAQ”, siyasi məhbus Oleq Volkovun xatirələrini vərəqləyin. Hər iki müəllif xatirələrində dini, milli qarşıdurmaya zərrə qədər yer verməyib. Həmin müsavatçıların Solovkidə rejimə qarşı necə mütəşəkkil, qəhrəmancasına mübarizə apardıqlarını həsədlə qələmə alıblar.
Belələrindən biri Paşayev Hüseyn Kazım oğlu, o vaxtdan başlayaraq nəhayətsiz Şimal ənginliklərinə vurulur. Şimala hədsiz sevgisini sonradan oğlu Davuda ötürməyi bacaran ata hardan biləydi ki, bu sevda nəticəsində doğma övladı nə vaxtsa sualtı atom qayıqları müəllifi kimi dünya şöhrəti qazanacaq.
Həmkəndlisi Səməd Vurğunla eyni Vəkilovlar nəslinə məxsus bu başıbəlalı qazaxlı balası, həbsinin səbəbləri barədə uydurduğu əfsanəni indi bütün müvafiq mənbələr təkrarlayır. Ay guya o vaxt Hüseyn Paşayev artilleriya zabiti imiş Qazaxda. Ay guya bir başqasının gözü düşüb arvadına. Hüseyni müsavatçı kimi şərləyib basıb qazamata. Ordan da “uzaq yaşıl adaya” - Solovki həbs düşərgəsinə.
Şimalda isə meyvə-tərəvəz yeməsən, özündən küs. Sinqa xəstəliyinə tutulub bütün sağlam dişlərini bircə günə itirəcəksən. Hələ Qazaxda ikən əkin-biçinə, bostançılığa böyük həvəs göstərən Hüseyn Paşayev, əlverişsiz Şimal şəraitində belə, tərəvəzçiliyi inkişaf etdirməyə müvəffəq olur. Nəticədə, Solovkini yoxlamağa gələn SSRİ Nazirlər Kabineti rəhbəri Kalininin rəğbətini qazanıb, necə deyərlər, onun saqqızını oğurlayır.
- Gözəl bostanınız sayəsində dustaqlar bu qışdan sağ çıxmağı bacardılar. Dişləri də qaldı damaqlarında. Sizin aqronom istedadınızı gəlin bir başqa ünvanda - “Moskva-Volqa” kanalının tikintisində də sınaqdan çıxaraq. Orda vəziyyət çox ağırdı.
Həbsdəki müsavatçılar Bakıdakı gizli şəbəkələrini Solovkidə eynən olduğu kimi təzədən qurmuşdular. Müsavatçılar Soljenitsinin dediyinə görə, öz nizam-intizamı ilə digər məhbuslardan bir baş yuxarıydılar. Əmrə tabe olub öz ağsaqqallarının bir sözünü iki etməzdilər heç vaxt.
Əslində “Ümumittifaq ağsaqqala” - Kalininə deyil, öz partiya ağsaqqallarına qulaq asır o vaxt Hüseyn Paşayev. Həmkarlarının təkidiylə təklifi qəbul edir. O vaxt da, bəraət naminə, yuxarıdakı əfsanəni uydurur öz həbsi haqda - “ay guya düşmənlərindən birinin gözü arvadına düşübmüş...ay guya buna görə o şərlənərək qazamat divarları arasına düşüb”.
***
Bundan sonra Hüseyn Paşayevin həyatında təzə səhifə açılır sanki. O, bu dəfə “Moskva-Volqa” kanalı ətraflarında öz bostanlarını, istixanalarını quraraq fəhlələri labüd aclıqdan, sınqa xəstəliyindən birdəfəlik qurtarır. Orda da Varvara Serqeyevna adlı bir rus gözəliylə evlənərək həyata dörd övlad gətirir. 19 iyul 1940-cı ildə Moskva ətrafındakı Ostaşeva kəndində ailənin sonbeşiyi - Davud dünyaya göz açarkən valideynləri hardan biləydilər ki, bu uşaq gələcəkdə ixtiraçı kimi tanınacaq. Yaratdığı sualtı atom qayıqları sayəsində okean sularında gedən gizli dəniz döyüşlərini əvvəlcə SSRİ-nin, sonra Rusiyanın xeyrinə həll edəcək.
1961-ci ildə Hüseyn Paşayev, nəhayət, öz yurduna - Qazağa qayıtmağa müvəffəq olsa da, oğlu Davudu özüylə vətəninə dartıb gətirə bilmir. Orta təhsilini gümüş medalla bitirən Davud o zamanlar Sverdlovskidəki Politexnik İnstitutunun tələbəsi idi. “Atom energetik qurğularının layihələşdirilməsi və tətbiqi” sahəsini seçib, ixtiraçı-alim kimi həyatda ad çıxarmaq istəyirdi. Məşhurluğa iddialı bir başqa tələbə də varmış o vaxt həmin Sverdlovsk Politexnik İnstitutunda. Məsələn, Rusiyanın gələcək prezidenti Boris Yeltsin.
1995-ci ildə, sualtı atom gəmiləri istehsalını qoruyub yenidən qurduğu üçün “Rusiya qəhrəmanı” adına layiq görüldüyü vaxt Davud Paşayev Kremldə Boris Yeltsinlə növbəti dəfə görüşür. Ancaq bu dəfə adi azərbaycanlı tələbə kimi deyil, Rusiya sualtı qayıqlarını labüd ölümdən qurtarmış bir alim kimi. Azərbaycanlılara öz kritik münasibəti ilə seçilən Yeltsin “Rusiya qəhrəmanı” ordenini Davudun yaxasına sancarkən, deyilənə görə, əvvəlcə azca tərəddüd hisslərini yaşayıb. Sonra Davudu var gücüylə sinəsinə basarkən gözləri yaşarıb.
1963-cü ildə Davud Paşayev Sverdlovskidəki təhsilini uğurla bitirib yenidən Solovki tərəflərə qayıdır. Atasının bu ada barədə xatirələrini yaddaşında canlandırıb dərindən bir ah çəkir. Qərara gəlir, atasının uzaq şimaldakı missiyasını bu dəfə özü davam etdirsin.
Davud Severodvinskdəki tam məxfi “Sevmaş” elmi-istehsalat birliyinə işə düzələrkən yenə də atasının bostan, istixana təcrübəsini yadına salır. O vaxt “Sevmaş”da sualtı atom qayıqlarının istehsalı təzəcə başlayırdı. İnfrastrukturun, ərzaq təchizatının lazımi səviyyədə olmadığını görən Davud bu əskikləri aradan qaldırmaq üçün yeni təkliflər irəli sürür. İşçiləri bağ evləri, istixanalarla təmin edən Davud təkcə bununla kifayətlənsəydi, gələcəyin üç dəfə sosialist əməyi qəhrəmanı adını qazanmazdı.
Yadda saxlayın - atom klubu üzvləri arasında “atom triadası” deyilən bir anlayış var. Yəni havadan, qurudan, suyun altından eyni anda düşmənə atom başlıqlı raketlərlə zərbə endirmək qüdrəti. Bu triada öz tərkibində həm də sualtı qayıqlardan istifadəni nəzərdə tutur. Belə ki, nüvə başlıqlı zenit raketləri yığılır sualtı gəmilərin alt göyərtəsinə. Okean dərinliklərində gizlənmiş atom mühərrikli sualtı gəmi bir də görürsən qəfildən elə suyun altındanca raketlərini Nyu-York, yaxud Vaşinqton üzərinə yağdırır.
Davud Paşayev öz mühəndislik istedadını həmişəlik bu sahənin ixtiyarına tapşıraraq, atom sualtı qayıqlarının bir neçə son nəslini proyektləşdirib okean sularına buraxır. Özü də, yadda saxlayın, o, təkcə “yuxarıların əmri ilə” vəzifəyə təyin olunmurdu.
“Aşağılar” da onu vəzifəyə təyin edirdilər hərdən. 1988-ci ilin iyun ayında əmək kollektivinin açıq səsverməsi nəticəsində Davud Paşayev SSRİ tarixində ilk dəfə dövlət müəssisəsinə - “Sevmaş”a rəhbərlik etməyə başlayaraq düz 16 il, 2004-cü ilin martınadək bu vəzifədə qalır. Üst-üstə min saat su altında, yeddi min saat zərərli, radiasiyalı iş şəraitində çalışmış bu müsavatçı oğlu müasir Rusiyanın hərbi-dəniz qüdrətini bərpa etməyə nail olmuş tarixi şəxsiyyətdir. 1995-ci ildə Boris Yeltsinlə görüşü zamanı o, prezidenti inandırır - təcili olaraq Rusiya Dövlət Atom Gəmitikintisi Mərkəzi yaradılıb, ixtiyarı verilməlidir ona - Davud Paşayevə.
Şimal Buzlu Okeanında, Arktika şelfində, Peçora hövzəsində buzadözümlü stasionar neft emalı qurğularının yaradılması da Davud Paşayevin əməyidir. Şimal Qütbü altındakı milyard tonlarla neft yataqlarının istismarı bu qurğular olmadan həyata keçə bilməz. Qoy Artur Çilingərov kimilər bunun ixtiraçılığını öz adlarına çıxmasınlar. Davud Paşayev bu sahədə də öz birinciliyinə çoxdan imza atıb.
Mərhum ixtiraçı həm də gözəl, bacarıqlı təşkilatçı kimi də tanınır doğma “Sevmaş” elmi-istehsalat birliyində. 90-cı illərdə görəndə ki, dövlətin maliyyə imkanları tükənib, bu gün-sabah nadir mütəxəssislər pulsuz qalıb acından öləcəklər, Davud Paşayev yenə də özünü itirmir. Atasının - köhnə müsavatçının Solovki adasındakı çiləsini xatırlayıb axır bu dərdə əlac tapır elə bil. Bu dəfə xüsusi yemək talonları ixtira edir bizim bu məşhur ixtiraçı alim. İmkan yaradır ki, atası kimi, hamı ətraf boş sahələrdə istixanalar qurub orda tərəvəz yetişdirsin. Talonla yerli yeməkxanalara daxil olub, orda mədələrini doyuzdursunlar. Deyilənə görə, fəhlələr bu talonlara o vaxtlar “paşayevka” adını veribmişlər.
Məhz bu cür işçilərin köməyi ilə Davud Paşayev “Sevmaş”ı diriltməyə müvəffəq olur. Sualtı atom qayıqlarının dördüncü nəslini istehsalata buraxaraq Vaşinqtonu deyil, nə qədər qəribə səslənsə də, Moskva məmurlarını bərk diksindirir.
Sovet vaxtlarında “Antey”, “Bars” “Akula” kimi sualtı qayıqların müəllifi kimi tanınan Davud sonrakı çətin günlərdə bu ənənəsini qoruyub davam etdirməyi də bacarır. 1996-cı ildə o, yeni tipli “Yuriy Dolqorukov” gəmisinin tikintisinə start verir, 2002-də öz “Qepard”ını okean dərinliklərinə buraxır.
Rusiya İctimai Palatasının fəxri üzvü olan Davud Paşayev 1996-cı ildə “Rusiya Federasiyası Qəhrəmanı”, “Oktyabr İnqilabı ordeni” (1974), “Qırmızı Əmək Bayrağı” (1984), “Rusiya Hərbi Donanmasının 300 illiyi” orden və medallarıyla təltif edilib. 2006-cı ildə RF-nin prezidenti Vladimir Putinin əmri ilə Davud Paşayev növbəti dəfə Rusiya Dövlət mükafatı laureatı adını qazanıb.
***
Osmanlılar demiş, “Dalğasız dənizdə hamı kapitandı”... 90 il öncə 300 müsavatçı-süngülərin önündə, uzaq Solovkiyə sürgün olunarkən heç kimin ağlına belə gəlməzdi ki, bu dustaqlardan birinin - Hüseyn Kazım oğlu Paşayevin ailəsində sonradan dünyanın ən möhtəşəm ixtiraçısı doğulacaq. Müasir Rusiya hərbi-dəniz donanmasının əksər sualtı atom gəmiləri, o cümlədən ən müasir “Borey” markalı submarinlər, məhz bu müsavatçı övladının elmə töhfəsidir.
Həyat doğrudan da qəribədir. Gözləriniz önündə bir mənzərə canlansın - sizi 20-ci illərdə müsavatçı kimi tutub uzaq Solovkiyə sürgün edirlər. Orda evlənirsən. Dünyaya övlad gətirirsən. Darıxmağın əlacını, uzaq şimal mənzərələrinə, soyuq sulara baxmaqda tapırsan... Vətəndən uzaqda illərlə müşahidə etdiyin bu dəniz mənzərəsini, nəhayət, bir gün, dənizə çıxan hərbi gəmilərin tanış siluetləri pozur.
Tanış ol, bu, Davud Paşayevin dənizdə üzən ən müasir hərbi gəmiləridir.
Həmid HERİSÇİ