Otel brendləri Azərbaycanı niyə tərk edir – Ekspertdən izahat
15-12-2016, 09:51
Rəşad Həsənov: “Bir çox hallarda bu brendləri ölkəyə gətirən sahibkarlar onların reytinqinə uyğun olaraq öz fəaliyyətlərini qura bilmirlər”
Bu günlərdə məşhur otel brendi olan “Jumeirah” Azərbaycanı tərk edib. “Jumeirah” brendi və “Jumeirah Bilgah Beach Hotel” sahibkar şirkəti ilə əldə olunan razılığa əsasən “Jumeirah” riteyli Azərbaycanı tərk edir.Fins.az-ın oteldən aldığı məlumata görə, tərəflər arasındakı idarəetmə müqaviləsi bu ilin sonunda, yəni 31 dekabr 2016-ci ildə bitəcək. Bununla əlaqədar olaraq 2017-ci ildən artıq otel “Jumeirah” adını daşımayacaq. Otelin hansı ad altında fəaliyyətini davam etdirəcəyi və habelə xarici hotel şəbəkəsi ya yerli hotel brendi tərəfindən idarə olunacağı barədə məlumat isə gizli saxlanılır.
Qeyd edək ki, 2012-ci ildən Bakıda fəaliyyət göstərən “Jumeirah Bilgah Beach Hotel” Xəzər dənizinin sahilində, 300 metr uzunluqda özəl çimərlik xəttinə malik müasir kompleksdir. Kompleksə müxtəlif kateqoriyalara məxsus 176 otaq, eləcə də 14 şəxsi kottec daxildir.
“Jumeirah Hotels and Resorts” dünyanın ən dəbdəbəli mehmanxana və kurort şəbəkəsi 1997-ci ildə təsis olunub. Uğurlu fəaliyyət nəticəsində 2004-cü ildə “Jumeirah Group” Dubay şəhərinin aparıcı müəssisələr və layihələr birliyi olan “Dubai Holding” birliyinin üzvü seçilib.
Onu da vurğulamaq lazımdır ki, son bir il ərzində Azərbaycan artıq üçüncü hotel brendindən məhrum olur. 2015-ci ilin yayında “Rixos” brendi “Shamaxi Platinum Hotel by Rixos”dan imtina edəndən sonra otel “Samaxi Palace Sharadil Hotel” kimi transformasiya olundu.
2016-ci ilin iyulunda isə “Kempinski” brendi “Kempinski Hotel Badamdar”dan gedəndən sonra otel “Badamdar Hotel Baku” adı ilə fəaliyyətini davam etdirir.
Bəs görəsən, dünyaca məşhur brendlərin bir-bir Azərbaycanı tərk etməsinin səbəbi nədir? Bu ölkə turizminə necə təsir göstərəcək.
“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov brend otellərin ölkəni tərk etməsinin səbəblərini açıqlayıb: “Bunun bir sıra səbəbləri var. Birincisi idarəetmə ilə bağlıdır. Bir çox hallarda bu brendləri ölkəyə gətirən sahibkarlar onların reytinqinə uyğun olaraq öz fəaliyyətlərini qura bilmirlər, onların göstərdiyi xidmətlər həmin brendin dünyanın bir çox ölkələrində sərgilədiyi xidmətin keyfiyyətinə uyğun olmur. Qiymət siyasətində uyğunsuzluqlar ortaya çıxır. Həmin brendlərin ölkədən getməyinin səbəblərindən biri də keyfiyyət standartlarının pozulması olur. Qarşılıqlı öhdəliklərin yerinə yetirilməməsi sonda həmin brendin imtina etməsinə səbəb olur. Çox zaman müqavilənin tələblərini pozan tərəf bu brendi Azərbaycana gətirən yerli sahibkarlar olur. Azərbaycanda bu tipli müəssisələrin leqal və qeyri-leqal fəaliyyəti arasında ciddi disbalansın olmasından irəli gəlir.
Çünki hesabatlılıq şəffaf deyil. Bu isə brendlərin həmin müəssisələrdə öz maraqlarını qorumasına əngəl yaradır. Bundan başqa bir çox hallarda müqavilə şərtlərinin pozulması müşahidə olunur və sahibkarlar üzərlərinə götürdükləri öhdəlikləri təmin etməkdən boyun qaçırırlar. Bu da səbəblərdən biridir”.
Ekspertin sözlərinə görə, digər səbəblərlə yanaşı burada başlıca məqam ölkədə iqtisadi böhranın başlaması və bundan sonra həmin müəssisələrin fəaliyyətinin gəlirliliyinin aşağı düşməsidir: “Bu isə azərbaycanlı sahibkarları hesabatlılıq prosesində daha çox saxtakarlıq etməyə sövq edir, qeyri-şəffaflığa gətirib çıxarır. Nəticədə iki tərəf arasında müəyyən ziddiyyətlər ortaya çıxır, narazılıq yaranır. Sonluq isə məlum şəkildə, brendlərin ölkəni tərk etməsi ilə nəticələnir”.
Rəşad Həsənov onu da qeyd edib ki, turizm baxımından da brendlərin ölkəni tərk etməsi müsbət hal deyil: “Bu brendlər ölkəni tərk edirsə, bu sistemdə Azərbaycanda qalmaq üçün otel axtaran hər hansı xarici turist tanış adlar görmədiyi zaman seçim etməkdə çətinlik çəkir. Brend otel şəbəkələri dünyanın ən müxtəlif ölkələrində xidmət göstərirlər. Müxtəlif hesablamalara görə, dünyada turistlərin təxminən 50-55 faizi müxtəlif ölkələri gəzən turistlərdir. Onlar bir neçə ölkədən keçib gəldikləri üçün bütün ölkələrdə tanıdıqları, bələd olduqları brendlərdən istifadə etməyə üstünlük verirlər. Bu da təbii ki, turizm sektorunun cəlbediciliyini aşağı salır. Nəzərə alsaq ki, son 7-8 ildə Azərbaycana kifayət qədər çoxlu brend otellər gəlmişdi. Onlardan bir neçəsinin ölkəni tərk etməsi mənfi haldır, bunu SOS siqnalı kimi dəyərləndirmək lazımdır. Artıq bununla bağlı müəyyən addımların atılmasına, bu istiqamətdəki problemlərin araşdırılıb ortaya çıxarılmasına ehtiyac var”.