Azərbaycanlı mütəxəssislər həyəcan təbili çalır: Yandırdığımız NEON lampalar bizi məhv edir!
28-12-2016, 12:17
İstər mənzillərdə, istərsə də ofislərin işıqlandırılmasında neon lampalardan istifadə halları artıb. Bunun əsas səbəblərindən biri bu cür lampalarla enerjiyə daha çox qənaət etməyin mümkün olmasıdır. Lakin enerjiyə qənaət edərkən sağlamlığımızı necə təhlükə altında qoyduğumuzu ağlımıza belə gətirmirik.
A24.Az xəbər verir ki, mütəxəssislərin apardığı araşdırma ortaya dəhşətli faktlar çıxarıb. Onlar bildirir ki, sözügedən lampalar baş ağrısından tutmuş, xərçəngə qədər bir çox xəstəliklərə yol açır. Araşdırmalar nəticəsində o da məlum olub ki, sərfəli lampaların ən mənfi cəhəti onlarda titrəmə effektinin olması və radiasiya yaymasıdır.
Bundan başqa, neon lampaların istifadəsi ətraf mühiti çirkləndirir. Bu lampalar ətrafa civə buxarı yaymaqla havanı zəhərləyir. İnsan səhhətinə də, bioloji aləmə də olduqca ziyanlıdır. Bu lampaların istifadə edildiyi yerdə nəfəs almaq belə çətinləşir.
AMEA Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov Azərbaycanda bu lampaların nəinki istifadəsinin, həmçinin zibilliyə atılmasının da qadağan olunmasını məsləhət gördü:
“SSRİ dövründə qənaət rejimli neon lampalarını gətirib Azərbaycanın hər yerinə doldurdular. Bu, kommersantların bir oyunu idi. Deyirdilər ki, neon lampalar 5-10 il işləyir. Halbuki, onları elə hazırlayıblar ki, 2-3 aydan sonra xarab olur və sən təzəsini almalısan. Həmin lampalar da od qiymətinədir. Çünki Azərbaycanda xarab olduqdan sonra həmin lampaları geri alan, emal edən sex yoxdur. Ona görə də insanların hamısı neon lampalarını zibilliklərə atır və civə ilə bütün ekologiyanı, atmosferi və torpağımızı çirkləndirirlər. Mən neon lampaların Azərbaycanda istifadəsinin əleyhinə idim. Çünki ilk növbədə neon lampalarını gətirəndə Azərbaycanda onların təkrar emalı üçün zavodlar yaradılmalı, ondan sonra onların satışlarını təşkil etməli idilər. Əgər xarab oldu, sıradan çıxdısa, insanlar onu sındırmasın, çünki neon lampalarının içərisində civə var, o da insan orqanizmi üçün zərərlidir”.
Lüminissent lampalar
Ekoloq bir vaxtlar insanların neon lampalarına bənzər lüminessent lampalarından danışaraq, “yadınızdadırmı, sovetin dövründə lüminessent lampalar vardı?. Hər kəs iş otağında yaxın məsafədən həmin lampaları quraşdırırdı. Nə qədər insan o lampaların təsirindən xərçəng xəstəliyinə tutuldu?! O dövrdə yenə də bizdə həmin lampaların təkrar emalını həyata keçirən zavodlar yox idi. Ona görə də, onları sındırıb asfalta qatırdılar. Yollar da gecə vaxtı gedəndə işıldayırdı. Bu isə civənin təsirindən idi. Mən bir ekoloq kimi, tam ciddi olaraq həmin lampaların istifadəsinin qəti qadağan olunmasını istəyərdim. Lakin məsləhət olaraq onu deyə bilərəm ki, xırda diod lampaları var, bax onların ağından istifadə etmək olar, ancaq ağından… Sarısı da var, lakin sarısı insan psixikasına mənfi təsir edir. Ümumiyyətlə, bu lampalar Azərbaycan iqtisadiyyatına böyük ziyan vurur. Lakin biz isə digər dövlətin iqtisadiyyatını inkişaf etdiririk. Axı, bu nə dərəcədə düzgündür?” deyə məsləhətlərini və iradlarını bildirdi.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bu cür lampaların satışı ilə məşğul olan şirkətlərin bicliklərindən danışdı:
“Ümumiyyətlə, belə bir vəziyyət yaranıb. Deməli, hansı ölkədə elektrik enerjisinin qiyməti artırsa, o dəqiqə lampa istehsalçıları ekonom lampa adı altında həmin ölkənin bazarına girir. Hal-hazırda bizim ofisdə 20 növ saxta lampa saxlanılır. Həmin lampalar 20-30 dəqiqədən sonra yanıb xarab olur. Həmin lampalar da neon lampalarıdır. Azərbaycanda satılan elektrik lampalarının təxminən 60 faizi keyfiyyətsizdir. Düzdür, bunlar ekonom lampalardır, amma tez sıradan çıxırlar və qiymətləri o qədər bahalıdır ki, istehlakçılar üçün heç də ekonom sayılmır. Hazırda iqtisadiyyat nazirliyinin rəyini almışam və bərk tullantıların utilizasiyası ilə bağlı komissiya yaradılıb. Azad istehlakçılar da komitənin üzvüdür. Yəni biz İqtisadiyyat Nazirliyi ilə birlikdə akkumulyatorların, avtomobil şinlərinin, batareyaların, həmçinin lampaların utilizasiya məsələsi ilə məşğul olan bir işçi qrupu yaratmaq istəyirik”.
Mütəxəssislərin ölkəmizdə satılan neon lampalar haqqında fikirləri onların bu mövzu haqqında düşündüklərinə dəlalət edir. Lakin biz yenə də onların zərərlərini unutmayaq və qeyd edək ki, araşdırmalar cildə çox yaxın məsafədə yerləşdirilən neon lampanın yayın ən isti saatında günəşin verdiyi zərər qədər təsirli olduğunu göstərib. Əgər neon lampaya yaxın bir məsafədə qalmaq məcburiyyətindəsinizsə, bunun 1 saatı aşmamasına çalışmaq lazımdır.
Ümumiyyətlə, uzaq məsafədə olsa belə, neon lampaların altında uzun müddət oturmaq məsləhət deyil. Çünki bu lampaların uzun müddət istifadə edildiyi yerlərdə şüalanma olur.
Mütəxəssislər məsləhət görürlər ki, neon lampaları evdə qırıldıqda, civənin orqanizmə daxil olmasının qarşısını almaq üçün həmin yer dərhal 15 dəqiqədən az olmamaq şərtilə havalandırılmalı, qırılan parçalar isə əl dəymədən toplanmalıdır.
Civə və lampanın tərkibində olan digər toksik maddələrin zərərlərinə gəlincə, mütəxəssislər hesab edirlər ki, bu maddələr beyin və sinir sisteminə mənfi təsir edir, həzm sisteminin fəaliyyətini pozur, immuniteti zəiflədir, orqanizmdə mineral çatışmazlığı yaradır, bədəndən zərərli maddələrin çıxmasının qarşısını alır, ferment istehsalını azaldır, nəhayət xərçəngə səbəb olur.
Həmçinin ekonom lampaların buraxdığı şüa gözdə korluq riski yaradır. Çünki sözügedən işıqlandırma sistemində əsmə baş verir və göz bəbəyinin hərəkətində əmələ gələn gərginlik ağrı verir.
Xatırladaq ki, məhz bu cür zərərlər nəzərə alınaraq dünyanın bir çox ölkəsində neon lampaların istehsalı, idxalı və satışına qadağa qoyulub.
“A24.az” saytı olaraq ölkəmizdə satılan neon lampalarını təqdim edirik: