Bakı "lotu"-larının ən məşhurları - Ağa Bakinski (Keşləli) - FOTO

28-12-2016, 23:45           
Bakı "lotu"-larının ən məşhurları - Ağa Bakinski (Keşləli) - FOTO
“Qanuni oğru” Rövşən Lənkəranskinin (Canıyevin) ölümündən sonra oğru aləminə maraq artıb. Məlumdur ki, onun dəfninə dünyanın fərqli ölkələrindən minlərlə insan gəldi və bu da həmin aləmə olan marağın bir göstəricisidir.
“Bakinski” ləqəbli “oğru” kimdi?
Azərbaycanda Lənkəranski ilə yanaşı bir çox bizə məlum olan və məlum olmayan “oğru”lar, avtoritetlər var. Adını həm ölkə mətbuatından, həm də dünya mətbuatından tanıdığımız, lakin haqqında çox az məlumat olan oğrulardan biri də Ağa Bakinskidir (Kazımov Ağa Əbdülhüseyn oğlu). Azərbaycanlı “qanuni oğru” Ağa Bakinski 1935-cı ildə Bakıda anadan olub. O, Rusiyanın Tobolsk şəhərindəki həbsxanada olub. Onunla bərabər “Koka” ləqəbli Kobiridze, “Koki” ləqəbli Çikovanı, “Çinya” ləqəbli Çinyakov, “Kaço Qalski” kimi tanınan Çatava da həmin həbsxanada cəza çəkib. 1980-cı ildə həbsdən azad edilən Ağa Bakinski 7 il sonra yenidən həbs olunub və bu dəfə Çistapolda həbsdə saxlanılıb.
“Onu niyə axtarısınız axı?..”
Onun barəsində məlumat o qədər də çox deyil. 1988-ci ildə vəfat edən Ağa Bakinski Bakıda, Nizami rayonu Keşlə qəbiristanlığında dəfn edilib. Deyilənə görə, onun adı və bir sözü belə KQB-ni qorxuya salmağa kifayət edirmiş. Həmçinin onun adı Lotu Bəxtiyarın Soçidə keçirilən “sxodka”dakı çıxışı zamanı da çəkilib. Qədim Bakı “oğru”larından danışan Lotu Bəxtiyar Göygöz Sabir, Ağa Bakinski, və Marselin adını çəkib. Biz də onun bu “şan- şöhrətin”i duyub elə onun məzarının axtarışına çıxdıq.
Keşlə qəbiristanlığındayıq. Hava nisbətən mülayim olsa da göyün üzündəki qara buludlar vardı. Yağışın yağacağından ehtiyat edib məzarı görməyə, onu axtarıb tapmağa tələsdik.
Nəhayət bizə qəbiristanlıqda gəzişən molla kömək etdi. Sözümüzü dedik, üzündə qəribə ifadə yarandı: “Onu niyə axtarırsınız axı?”
“Qorxmursan, bura gəlirsən?”
Molla ilə söhbət edə-edə qəbirlərin daha sıx olduğu yerə gəlib çatdıq. Nəhayət onu razı sala bilmişdik ki, bizə Ağa Bakinskinin məzarını göstərsin. Özü də bilirdi dəqiq yerini, amma nədənsə çəkinirdi. Elə sözgəlişi də onun yanına qəribə adamların gəlib getdiyini qeyd elədi.
Hətta ona axşam gəlib qəbiristanlığı axtardığımı deyəndə dondu, əlini ağzına tutub “Doğrudan deyirsən, ataş?”, – deyə üzümə tərs-tərs baxdı.
-Ürək yiyəsisən özüm ölüm, mənim atam da bu qəbiristanlıqda dəfn eidlib, amma məni öldürsələr də gecə atamın qəbri üstünə gəlmərəm – dedi.
-Bəs nə oldu, tapa bimədin axşam?
-Yox, xeyli axtardım, hava çox qaranlıq idi. Tapa bilmədim. Amma siz o qəribə adamlar dediniz, mənə də maraqlı gəldi, kim gəlir elə?
-Vallah heç birisini tanımıram, mənim də “oğru” aləminə böyük hörmətim var. Bir çoxunu şəxsən tanıyırdım, amma bunları tanımıram. Bəlkə də adi adamlardı, ona hörməti olanlardı. Adətən, bura elə adamlar tez-tez gəlirlər.
Söhbət edə-edə gəlib məzarın yanına çatdıq. Qara mərmərdən olan məzar daşının üstü də elə tozlanmamışdı. Görünən o idi ki, onun məzarına da sayğı duyulurdu. Hətta məzarı üzərinə düzülmüş güllər də yenicə solmuşdu.
Elə onun yanındaca dəfn olunmuş qadını soruşdum, soyadlar eyni idi.
-Hə bu rəhmətlik də onun anası idi. Gözəl qadın olub, Ağa kimi oğul yetişdirib.
-Deyəsən, bu qadın da onun qohumlarındandır elədir?
-Hə, bu da onun rəhmətlik bacısıdır. Allah hamısına rəhmət eləsin.
-Bəs bu rəhmətliklərin üzərindəki gülləri kim gətirib, məzarları üstünə gəlib gedənlər varmı?
-Bir oğlu var rəhmətliyin-Bakinskini deyirəm. Ailəsi ilə birlikdə gəlir ziyarət edir. Ayda 3-4 dəfə gəlir gülləri təzələyir, hətta məzar daşını da özü təmizləyir.
-O da bu aləmə qurşanıb, yoxsa onun bu məsələlərlə əlaqəsi yoxdur?
-Yox əşi, o evli, ailəli adamdır. Elə şeylərdən uzaqdır. Bir-iki dəfə söhbət eləmişəm, iş adamıdır.
Molla “Yasin” oxumağa başladı. Dua edib məzardan uzaqlaşmışdıq ki, molla qəbiristanlıqda dəfn olunan digər avtoritetlərdən, “qanuni oğru”lardan danışdı.
Mollanın bu sözü açığı sinəmə yağ kimi yayıldı. Bir gəlişə bir neçə reportajım olmuş oldu. Digər “qanuni oğru”lardan, avtoritetlərdən olan reportajı növbəti saylarımızda izləyəcəksiniz… cebhe.info













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.