Rusiyadan hara kimi qorxmaq lazımdır və lazımdırmı?

25-01-2017, 09:36           
Rusiyadan hara kimi qorxmaq lazımdır və lazımdırmı?
Ekspertə görə, Moskvadan çəkindikcə, üstümüzə daha çox gələcək; “Hakimiyyət içərisində Rusiyaya münasibətdə ikili yanaşma var...”

Azərbaycanlı jurnalistin Rusiyanın xarici işlər naziri Sergey Lavrova məlum sualından sonra işdən qovulması gündəmin əsas mövzularından biri olaraq qalır. Jurnalistin məhz Qarabağ münaqişəsi ilə bağlı sualına görə işdən azad olunması Azərbaycan hakimiyyətinin Rusiyadan çəkinməsi kimi yozulur. Hətta hökumətə yaxın bəzi şəxslərin açıqlamasından məlum olur ki, jurnalistin sualına Lavrovun verdiyi cavab əslində Azərbaycanı pis vəziyyətdə qoyub.

Ancaq istənilən halda azərbaycanlı jurnalistin rusiyalı nazirə görə işini itirməsi Azərbaycan hakimiyyətinə tənqidlərə səbəb olub. Doğrudanmı, hakimiyyət Rusiyadan çəkinir? Ümumiyyətlə, Azərbaycanın Rusiyadan çəkinməsi üçün səbəb varmı?

Doğrudur, hər kəsə aydındır ki, Dağlıq Qarabağ münaqişəsində Rusiyanın həlledici rolu var. Moskva son 200 il ərzində bu regionu müstəmləkə olaraq idarə edib, hökumətlər, etnik, siyasi və sair maraq qrupları ilə yaxın bağlılıqları var. Üstəlik, Ermənistanda çox ciddi səviyyədə hərbi iştirakı var. Ən mühümü isə Gürcüstanda 2008-ci il avqustda, Ukraynada isə 2014-cü ildə baş verən hadisələr göstərdi ki, Rusiya ilə qarşı-qarşıya gəlmək ağır nəticələr doğura bilər. Azərbaycan əslində bunun acısını 25 il əvvəl görüb və bu, böyük itkilər hesabına başa gəlib. Bu mənada məlum sual məsələsində olmasa belə, Bakının Moskva ilə ehtiyatlı davranması üçün kifayət qədər əsasları var.

Ancaq siyasi analitik Elxan Şahinoğluna görə, Rusiyadan qorxmağa o qədər də ehtiyac yoxdur. Onun fikrincə, Bakının həddən artıq ehtiyatlılığı lüzumsuzdur: “Rusların yaxşı bir atalar sözü var, deyir ki, canavardan qorxan gərək heç meşəyə getməsin. Rusiyadan qorxmaq lazım deyil, milli və təhlükəsizlik maraqlarımızı qorumaq lazımdır. Rusiyadan qorxduqca, o, daha çox üstünə gələcək. Düzdür, Rusiyanın Ukraynanı və Gürcüstanı parçalaması çoxlarının gözünü qorxudub, ancaq Bakı Kiyev və Tiflisdən fərqli olaraq Moskvaya bəhanə verməyib, nə NATO-ya üzv olmaq istəyir, nə də Avropa İttifaqı ilə assosiativ saziş imzalayıb. Halbuki hər ikisi daxili məsələmizdir. Hər məsələyə ”vay, Rusiya bizdən inciyər, ona bir söz deməyək" prinsipi ilə yanaşsaq, onda gərək rusların qeyd etdiyim atalar sözündə olduğu kimi, həyatımız qorxu altında davam etsin".

E.Şahinoğlu məlum jurnalistin işdən çıxarılması hadisəsində Bakının Rusiyadan həddən artıq ehtiyatlılığının hiss olunduğunu deyir: “Məsələn, ermənipərəst Lavrova verilən suala görə jurnalistin işdən çıxarılması Rusiyadan qorxunun əlamətidir. Və ya Lavrova cavab olaraq həmin gün xarici işlər naziri Elmar Məmmədyarov deyir ki, Rusiya məsələyə tam ciddiyyətlə yanaşacağı təqdirdə, işğalçı Ermənistan qoşunlarının Azərbaycanın işğal altında olan ərazilərindən çıxarılması təmin olunacaq. Ancaq bu prinsipial mövqenin səsləndiyi gündən 3 gün keçdikdən sonra XİN yaydığı bəyanatda Rusiya sözünü çıxarır və cümlə ”Rusiyasız" belə yazılır: “Nazir Elmar Məmmədyarov həmçinin vurğulayıb ki, həmsədr ölkələrin (halbuki bu yerdə Rusiya olmalı idi) məsələyə tam ciddiyyətlə yanaşacaqları təqdirdə, işğalçı Ermənistanın qoşunlarının Azərbaycanın işğal altında olan ərazilərindən çıxarılması təmin olunacaq”. Heydər Əliyev dönəmində hakimiyyət indiki kimi Rusiyadan ehtiyat etmirdi. Məsələn, mərhum dövlət başçısı 1999-cu il martın 29-da Moskvanın keçmiş meri Yuri Lujkovu Bakıda qəbul edərkən Rusiyanın Ermənistanı silahlandırması ilə bağlı etirazını bu şəkildə bildirirdi: “Başa düşmürəm, Rusiyanın silahları bu qədər çoxdur ki, istədiyi ölkəyə paylayır? Bu siyasət düzgün deyil”. Bu görüşdən iki gün əvvəl isə keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasov Heydər Əliyevin iştirak etdiyi Azərbaycanın xüsusi xidmət orqanlarının yaradılmasının 80 illiyi ilə bağlı keçirilən mərasimdə bunları deyirdi: “Rusiya Azərbaycana qarşı yalnız iqtisadi və siyasi sanksiyalar həyata keçirmir, həm də təxribat-kəşfiyyat işləri aparır. Rusiya ərazisində Azərbaycanda terror aktları, təxribatlar törətmək tapşırığı alan şəxslərə xüsusi hazırlıq keçirilib”. Məncə, hamıya bəllidir ki, həmin dövrdə Rusiya kəşfiyyatına kim başçılıq edib".


Lakin eyni zamanda E.Şahinoğlu deyir ki, indiki hakimiyyət içərisində Rusiya mövzusunda ikili yanaşma var: “Hətta Moskvaya qarşı dirəniş göstərmək istəyən qrup var. Hamının Rusiyadan çəkindiyini söyləmək mümkün deyil. Hakimiyyət içində ikitirəlik var. Şərti adı birincilər olan qrup Dağlıq Qarabağa qanunsuz səfər edən rusiyalı jurnalistə qarşı cinayət işi açır və Belarusdan həmin şəxsin ekstradisiyasını tələb edir, ikincilər isə öz jurnalistimizi Rusiyanın xarici işlər nazirinə Qarabağla bağlı sual verdiyinə görə işdən çıxarır. Birincilər Dağlıq Qarabağa qeyri-qanuni səfər edən Rusiya vətəndaşını ona görə cəzalandırır ki, başqalarına dərs olsun və daha Qarabağa getməklə Azərbaycan qanunlarını pozmasınlar və bu mənada Moskva bizi zəif bilməsin, ikincilər isə tam tərsinə, öz jurnalistimizi cəzalandırmaqla öz vətəndaşlarımıza ”dərs" verir ki, rusiyalı rəsmiləri narahat etmək olmaz və bununla Moskvadan qorxduğumuzu ortaya qoyurlar. Beləcə, xarici siyasətimiz birincilərlə ikincilər arasında vurnuxur".
musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.