Oliqarx bankları kütləvi narazılıq yaradır: Əmanətləri çıxaraq, yoxsa?
19-04-2017, 00:45
“İndiki vaxtda banklarda əmanətlərin saxlanmasını məsləhət görmürəm”
Əkrəm Həsənov: “Banklar var ki, aylarla əmanətləri qaytarmır”
Milli Məclisdə "Banklar haqqında" qanuna dəyişiklik edilib.Dəyişikliyin məqsədi ödəniş qabiliyyətini itirmiş bankların problemlərinin həll edilməsi üçün hüquqi bazanın yaradılmasıdır.Bu çərçivədə kredit təşkilatlarının maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə restrukturizasiya planı əsasında inzibati, hüquqi, maliyyə, təşkilati-texniki və digər tədbir və prosedurların həyata keçirilməsi nəzərdə tutulur.
Bundan başqa, dəyişiklik ödəmə qabiliyyətini itirmiş və ya itirmək təhlükəsi olan bankın, o cümlədən, bank holdinq şirkətinin təxirə salınmadan və mümkün qədər az məsrəflə maliyyə bazarından kənarlaşdırılması məqsədi ilə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ödəmə qabiliyyətini itirmiş bankın investora satılması, digər banka qoşulması, aktiv və öhdəliklərinin köçürülməsi, "körpü bank"ın yaradılması, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktiv və öhdəliklərini "körpü bank"a köçürülməsi, "körpü bank"ın investora satılması üzrə tədbirləri, habelə ödəmə qabiliyyətini itirmiş bankın ləğv edilməsini nəzərdə tutur. Dəyişiklik parlamentin aprelin 7-də keçirilən plenar iclasında qəbul edilib.
Bu dəyişiklikdən sonra vətəndaşların öz əmanətlərini banklardan çəkməsi prosesi sürətlənib.Mütəxəssislər hesab edirlər ki, əhalinin banklardan əmanətlərini geri götürməsi əslində gözlənilən idi.Çünki maliyyə böhranından sonra zəif inkişaf etmiş kommersiya bankları əsas funksiyalarını yerinə yetirə bilmirlər. Bunları nəzərə alan əmanətçilər banklara güvənməməyə başlayıblar. Mütəxəssislər bildirir ki, əmanətlərin həcminin azalması bank sektorunun fəaliyyətinə neqativ təsir göstərir.
“Belə getsə, banklarda əmanət qalmayacaq”
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, bankların bağlanması istiqamətində ciddi təhlükə var:
“Hazırda bir neçə bank var ki, onlar əmanətləri qaytarmır. Halbuki, qanunvericiliyə əsasən bank əmanəti əmanətçinin tələbilə maksimum 5 iş günü ərzində qaytarmalıdır. Amma banklar var ki, aylarla əmanətləri qaytarmır.Qanuna görə, bu halda Maliyyə Bazarlarına Nəzarət Palatası həmin bankların lisenziyasını almalı və onların müflisləşmə prosesinə start verməlidir, amma başlamır.Məlum olduğu kimi ötən həftə Milli Məclisdə “Banklar haqında qanun”a dəyişiklik edildi.Dəyişiklik çox tez qəbul olundu.Hələlik görünən odur ki, qanunlara dəyişiklik ona görə lazımdır ki, faktiki müflis olan bankın müflisliyi prosesinin uzadılması, yəni, orada “körpü banklar” yaradılır, sağlamlaşdırma aparılır və.s.
Əgər bu adla proseslər davam edirsə, bank müflis deyilsə, deməli, Əmanətlərin Sığortalanması Fondu da əmanətləri qaytarmayacaq. Ötən il 11 bank bağlandı və Əmanətlərin Sığortalanması Fondu hətta özündə pul olmasa belə, Mərkəzi Bankdan kredit götürdü, əmanətləri həmin kreditlər əsasında kompensasiya etdi. Fond o halda buna başlayır ki, bank bağlansın. Əgər Palata həmin bankları bağlamayacaqsa, onların aktiv və passivlərini keçirəcək digər banka, o halda müştərilərə deyəcək ki, qeyri-müəyyən müddətə qədər gözləyin. Bu artıq o deməkdir ki, əmanətlərin toplanması sistemi işləmir.Yəni, adı var, özü yoxdur.Buna görə də, əhali bundan qorxur və çox təəssüf ki, Maliyyə Bazarlarına Nəzarət Palatası da Mərkəzi Bankın ənənəsini davam etdirərək əhaliyə ya heç məlumat vermir, ya da ki, tam məlumatsızdır.Bu da əhali arasında təşviş yaradır”.
Dolların və milli valyutanın məzənnəsinin qeyri-sabitliyinə gəlincə, maliyyəçi bildirib ki, proses fevral ayının əvvəlindən davam edir: “Süni yolla milli valyutanın dəyərinin artırılması prosesi gedir. Mərkəzi Bank iqtisadiyyatın ziyanına olaraq milli valyutada olan pul kütləsinin həcmini azaldılması hesabına bunu edir.Hələ yanvarın 31-də milli valyutanın dollara olan məzənnəsi 1.92 manata çatanda belə bir oyuna başlayacaqlarını bildirmişdim.Həqiqətən də bu oyuna başladılar. O zaman əhaliyə tövsiyyə etmişdim ki, əgər 3000-dən artıq pul ehtiyatları varsa, onu xarici valyutada saxlasınlar. Çünki milli valyutanın devalvasiyası onsuz da qaçılmazdı.Buna da birbaşa stimul verən odur ki, bu gün banklar milli valyutada kredit vermir. Əgər manatın məzənnəsi doğrudan da sabit qalacaqsa, o zaman niyə milli valyutayla kredit vermirlər?
Çünki bilirlər ki, manatın qiyməti düşəcək, ölkənin ən böyük bankı olan Beynəlxalq Bank isə milli valyutada verdiyi kreditləri qanunsuz geri tələb edir.Bu da onu göstərir ki, əhalinin bu məsələdə təşvişə düşməsinə ehtiyac yoxdur.Bu gün xeyli sayda insan var ki, panikaya düşüb dollar ehtiyatlarını milli valyutaya çevirib.Bunu etmək lazım deyil.Çünki Mərkəzi Bankın da, eləcə də digər kommersiya banklarının da istədiyi elə budur ki, vətəndaşın əlində olan dolları ucuz qiymətə alsın”.
Əkrəm Həsənov qeyd edib ki, milli valyutanın 2015-ci ilin fevral ayından olan devalvasiyasından sonra əhalinin banklardakı əmanətləri hər ay azalıb: “Elə ay yoxdur ki, əhali banklardan əmanətlərini çıxarmasın və banklarda əmanətlər azalmasın. Mərkəzi Bankın saytında martın 1-də olan bank əmanətlərinin həcmi göstərilib. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əhalinin yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2017-ci il mart ayının 1-nə 7 milyard 101,8 milyon manat təşkil edib. Fevralın 1-də isə 7 milyard 747 milyon əmanət var idi. Analoji göstərici ilə yanvar ayını müqayisə edəndə əmanətlərin həcmində 646 milyon manat və ya 8,33 faiz azalma müşahidə olunub. Ümumiyyətlə, 2016-ci ilin analoji dövrünə nisbətən isə əhalinin əmanətlərinin həcmi 975,5 milyon manat və ya 12,08 faiz azalıb. Bunun qarşısını da indi aparılan siyasətlə almaq olmayacaq.Əksinə, belə gedərsə, banklarda əmanət qalmayacaq”.
Hüquqşünasın sözlərinə görə yeni qanunlara əsasən ödəmə qabiliyyətini itirmiş və ya itirmək təhlükəsi olan bankı bağlamaq istəmirlər:
“Bu halda Əmanətlərin Sığortalanması Fondu işə düşmür. Amma daha çox təhlükə əmanətçilərdə yox, hüquqi şəxslərdədir.Hansılar ki, bankların cari hesablarında pulları var və o vəsaitlər əmanətlərdən də çoxdur. Yəni, əgər hazırda banklarda əhalinin əmanətləri 7 milyard 747 milyon manatdırsa, hüquqi şəxslərin və sahibkarların pulu daha da çoxdur. Bu gün banklar qanunu pozaraq onların pullarını vermirlər.Çünki müflis olan bütün banklarda həmin pullar batıb.Onların heç bir sığortası yoxdur.Biz görürük ki, bağlanan 11 bankın hamısında pulu olan sahibkarlara, hüquqi şəxslərə heç bir məlumat verilmir ki, bu bankları ləğvetmə prosesi necə gedir, pulları necə qaytaracaqlar.Artıq 1 ildən çoxdur ki, bu proseslər gedir.Pullar haqqında səs-səmir yoxdur, böyük ehtimalla qayıtmayacaq.Bunu görən indiki hüquqi şəxslər fəaliyyətdə olan banklardan olan pullarını çıxarmaq istəyirlər.Bu işlə məşğul olan Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası işinin öhdəsindən gəlmir, bank və pul sisteminə etimadı tam sarsıdıb”.
Əmantçilər pulu yastıq altdamı, yoxsa bankdamı saxlasınlar?
Hüquqşünas birmənalı olaraq bu variantların heç birini əhaliyə tövsiyyə etməyib: “Hər variantın öz təhlükələri var. İndiki vaxtda banklarda əmanətlərin saxlanmasını məsləhət görmürəm. Hər bir halda pulları yastıq altda saxlamaq da düz deyil.Çünki oğurlanma təhlükəsi var. Pul gərək iqtisadiyyatda dövr edib gəlir gətirsin.Vətəndaşlara tövsiyyə edərdim ki, birləşib vəsaitlərini sahibkarlığa qoysunlar.Xüsusən, kənd təsərrüfatı əsas sahələrdən biridir.Deyirik ki, ermənilər Rusiya ilə birləşib 20 faiz torpaqlarımızı işğal edib.Amma özümüzüdə qalan əraziləri də əkib becərmirik.Bu, həm ölkəyə gəlir gətirər, həm də sahibkarın özünə.Pulu çox olan adamlar artıq buna başlayıblar və əmanətlərinin bir hissəsini də banklarda saxlayıblar.
Demək olmaz ki, Azərbaycanda fəaliyyət göstərən bankların hamısı etibarsızdır.Hələ 3-4 etibar ediləsi bank var. Amma pis banklar qaldıqca o banklara da təsir göstərir.Çünki bank sistemində hamısı bir-birinə bağlıdır.Buna görə də biz dövlətdən, Maliyyə Bazarlarına Nəzarət Palatasından tələb edirik ki, pis banklar təcili bağlanmalı, bankları bu vəziyyətə gətirənlər cinayət məsuliyyətinə cəlb edilməlidir.Əhaliyə tövsiyyə edirəm ki, pullarını nə evdə saxlasınlar, nə də ki, banklara qoysunlar.Belə vəziyyətdə pulu iqtisadiyyata qoymaq lazımdır. Bu, həm yeni iş yerlərinin yaranmasına töhfə verəcək, həm də iqtisadi aktivliyi artıracaq”. (Cebhe.info)