Bank sektorunda zəlzələ: 14-cü bank bağlandı, növbə kimindir?
19-04-2017, 08:50
İqtisadi böhran bank sektorunu çökdürüb. Dövlət rəsmiləri və prezident İlham Əliyev də bildirib ki, iqtisadiyyatımıza ən böyük zərbəni elə banklar vurub. İndi bu sahənin sağlamlaşdırılması və şəffaflaşdırılması təmin olunmalıdır
Ulus.Az-ın İqtisadiyyat Şöbəsi xəbər verir ki, prezidentin çıxışı daha bir neçə bankın bağlanacağına eyham kimi qiymətləndirmək olardı.
Onsuz da böhran 13 bankın fəaliyyətinə son qoyub. 2017-ci ildə isə daha iki bank birləşmək qərarı verib. Mərkəzi Bankın son illər nəticəsiz olan konsolidasiya (birləşmə) cəhdləri nəhayət ki, reallaşıb.
"Atabank" və "Caspian Development Bank” birləşmək qərarı veriblər. Bu, həm də AGBank, Parabank və digərlərinin 2015-ci ildəki uğursuz təşəbbüslərindən sonra ilk real addım idi.
Azərbaycanda bankların konsolidasiyasiyası çətin prosesdir və hətta son vaxtlar qeyri-mümkün olub. Bunun bir neçə səbəbi var ki, onlardan biri də bank sahiblərinin məsuliyyəti və səlahiyyəti başqası ilə bölüşmək istəməməsidir. Müxtəlif sahibi olan bankların birləşməsi mümkün olmasa da eyni sahibi olan bankların birləşməsi realdır.
Bu birləşmədən sonra bankların sayı 31 olacaq. Bununla da devalvasiyadan sonra bağlanan bankların sayı 14 olacaq.
Bank qanunvericiliyinə edilmiş son dəyişikliklərdən sonra bankların sayının azaldılması prosesi davam edəcək. Əsas üstünlük bankların konsolidasiyasına veriləcək.
Bu, baş tutmasa banklar ləğv ediləcək. Son dəyişikliklər rezolyusiya tədbirləri vasitəsilə bankları konsolidasiyaya “stimullaşdıracaq.
İqtisadçılar qeyd ediblər ki, körpü bankların yaradılması vasitəsilə bəzi bankların əvvəlcə sağlamlaşdırılması və daha sonra digər banklara birləşdirilməsi tədbirləri həyata keçiriləcək.
Bütün proseslərin nəticəsi olaraq bankların sayının 25-ə qədər azaldılmasını gözləmək olar. Bankların vəziyyətdən çıxışı iqtisadiyyat, biznes və ev təsərrüfatlarının durumundan asılı olacaq.
Ancaq yaxın zamanlarda onların durumunun yaxşılacağını gözləməyə dəyməz. Odur ki, ümumi vəziyyət düzəlməyincə, bankların bağlanma problemi aradan qalxmayacaq.