Putindən ermənilərə ilıq reverans - Bakını üzəcək mövqe

19-04-2017, 10:07           
Putindən ermənilərə ilıq reverans - Bakını üzəcək mövqe
Lavrov, Peskov və Jirinovski Qarabağ separatçılarının lideri Saakyanla bir araya gəldilər; Rusiya rəsmi şəxsləri və “Kremlin danışan dili” Moskvada erməninin yubiley banketinin iştirakçıları oldular; Jirinovski: “Arzum budur ki, növbəti yubileyədək “Arsax” bütün ölkələr tərəfindən tanınsın, ermənilər Araratı geri qaytarsınlar...”


Kremlin Dağlıq Qarabağla bağlı apardığı siyasətin heç də Azərbaycanın həyati maraqlarından yoğrulmadığı təzə məsələ deyil. Ötən ilin sonunda Rusiya xarici işlər naziri Sergey Lavrov “Qarabağda müharibə Azərbaycanın daxili işi deyil” söyləməklə Moskvanın ermənilərə rəğbətini bir daha nümayiş etdirmiş oldu.


Faktiki surətdə həm də Bakıya ünvanlı hədə xarakteri daşıyan həmin bəyanat eyni zamanda Ermənistana “qorxma, arxandayam” mesajı idi, rəsmi Moskvanın Azərbaycana münasibətdə ikiüzlü siyasətinin növbəti təzahürü idi. Çünki Rusiya yetkililəri dəfələrə bəyan ediblər ki, Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı rejimi tanımırlar.


O da məlumdur ki, Moskva Azərbaycanı özünə strateji tərəfdaş ölkə və Qarabağ nizamlanmasının moderatoru hesab edir. Bakı isə öz növbəsində buna hələ də inam ifadə edərək, Kremlin, nəhayət, konfliktin ədalətli həlli üçün hərəkətə keçəcəyinə ümid edir. Amma əbəs yerə. Musavat.com vesti.az-a istinadən xəbər verir ki, dünən bu ümidlərin üstündən yağlı bir xaç çəkilib. Faktı təqdim edirik.



***


Məlumatlara görə, srağagün Moskva milyonçularının sevimli məkanlarından biri olan “Safis” restoranında Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanın 60 illiyi qeyd olunub. Tədbirin qonaqları arasında isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da olub. Yubileyə həmçinin LDPR lideri, “Kremlin danışan dilləri”ndən sayılan Vladimir Jirinovski də qatılıb. Prezident Vladimir Putinin özü isə yubilyara təbrik məktubu göndərib.



Artıq günün sonuna yaxın sosial şəbəkələrdə yubileylə bağlı çoxsaylı şərhlər peyda olub. Onlardan biri Peskovun və Vladimir Jirinovskinin təbriklərinin mahiyyətini açır. Diqqət: “Peskov Ara Abramyana nəhayət ki, rus dilini öyrənməyi arzu edib. Jirinovski isə belə bir arzu ifadə edib ki, növbəti yubileyədək Artsax bütün ölkələr tərəfindən tanınsın və ermənilər Araratı (Türkiyə torpaqları - red.) geri qaytarsınlar” (orfoqrafiya və deyiliş forması olduğu kimi saxlanılıb).


Yubiley tədbirində Ermənistan prezidenti Serj Sərkisyan və Qarabağ separatçılarının lideri Bako Saakyan da iştirak edib. Necə deyərlər, şərhsiz...


***


Əslində ortada təəccüblənməli bir şey yoxdur - üstəlik, nəzərə alsaq ki, Lavrovun (Kələntərovun) özü erməni kökənlidir. 200 ildir ermənilər beləcə, rusların əlində bölgədə maşa rolunda çıxış etməkdə, qarşılığında isə Azərbaycan və Türkiyə əleyhinə Rusiyadan müəyyən xırda-para imtiyazlar qoparmaqdadırlar. Yəni “Əl əli yuyar, əl də üzü” məsələsi.


Jirinovskiyə gəlincə, bu gizli-açıq türk düşməninin, erməni təəssübkeşinin son açıqlaması da təəccüblü görünmür. Onun Türkiyə və Azərbaycan əleyhinə vaxtaşırı verdiyi bəyanatlar, səsləndirdiyi hədyanlar unudula bilərmi? Hərçənd o, Ankara-Moskva barışı və Türkiyə səfərindən sonra bir müddət idi ki, yumşaq ritorika sərgiləyirdi.


Təəccüblüsü bu deyil təbii ki. Təəccüblüsü - Azərbaycanı strateji tərəfdaş adlandırmaqdan yorulmayan Moskvanın öz yüksək çinli rəsmilərini aşağı səviyyəli erməni tədbirinə yollamaqla İrəvana növbəti loyallıq nümunəsi göstərməsi, Azərbaycanı isə yenə incitməsidir. Belə bir dövlətdən indi Dağlıq Qarabağla bağlı ədalətli və qərəzsiz vasitəçilik ummağa dəyərmi?


***


Bu arada “Ermənistan Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturovun ”Putin NATO-su"na - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) baş katib gətirilməsi də rəsmi Moskvanın işğalçı tərəfə növbəti, mühüm reveransı kimi qiymətləndirilir.


“Bu, o deməkdir ki, Moskva ermənilərin mövqelərini gücləndirir. Əslində bu, rusların ermənilərə növbəti hədiyyəsidir. Təyinatı rotasiya qaydası ilə əsaslandırsalar da, öncəki iclaslarda Belarus və Qazaxıstan bu işə mane oldu. Üstəlik, baş katib vəzifəsi üçün keçmiş müdafiə naziri Ohanyan nəzərdə tutulurdu. O, Serj Sərkisyanla münasibətləri birdəfəlik kəsdikdən sonra Yuri Xaçaturova yol açıldı. Bir sözlə, Kreml Ermənistan üçün daha yaxşı şərait yaratmağa çalışır”. Musavat.com-un məlumatına görə, bu sözləri axar.az -a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.


“Doğrudur, ”Putin NATO-su"nda hər şey Kremlin iradəsindən asılıdır, ancaq Rusiya və Ermənistan ordularının birləşdirilməsi və komandanlığın Moskvaya verilməsini nəzərə alsaq, bu məsələnin o qədər də xoş olmayan hal olduğunu söyləmək mümkündür. Bununla belə, erməni generalın baş katib seçilməsindən sonra İrəvanın güclənən müharibə ritorikasına baxmayaraq, Azərbaycan Ermənistana istənilən vəziyyətdə layiqli cavab verməyə hazırdır", - deyə politoloq qeyd edib.


***


Kremlin işğalçı tərəfə, Qarabağ separatçılarına bu qəbildən olan yeni reveranslarından, Bakını üzəcək addımlarından bir daha qənaət hasil olur ki, Rusiya gerçəkdə nəinki Azərbaycanın strateji tərəfdaşı deyil, ümumiyyətlə, tərəfdaşı deyil, sayılmaz.musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.