Azərbaycanda canavarların vurulması niyə qadağan edildi...

19-04-2017, 10:34           
Azərbaycanda canavarların vurulması niyə qadağan edildi...
Son vaxtlar Azərbaycanın ayrı-ayrı bölgələrində canavarların insanlara və onların şəxsi təsərrüfatlarına hücum etməsi barədə mütəmadi olaraq məlumatlara rast gəlirik. Bölgə sakinlərinin vəhşi heyvanların hücumuna məruz qalması yırtıcıların tələf olunması ilə nəticələnir. Qanunvericilik canavarların vurulmasını yasaq etsə də, özünümüdafiə mexanizmi daha təsirli rol oynayır.
Sovet dövründə isə bir canavarın vurulması ovçunun mükafalandırılması məsələsini gündəmə gətirirdi. Canavar ovçuları kəndlərin ən cəsarətli adamı hesab olunurdu. İndi isə belə ənənələrə rast gəlinmir.
Modern.az saytı məsələnin aktuallığını nəzərə alaraq, canavarlar mövzusunu gündəmə gətirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raquf Mirzəyev saytımıza açıqlamasında deyib ki, qanunla canavar ovu yasaqdır.

Canavarlar “təbiətin sanitarıdır”

Raquf Mirzəyev deyir ki. “Ovçuluq haqqında” qanuna əsasən Azərbaycan ərazisində ov edilməsi mövcud qanunvericiliklə tənzimlənir.

“Ov mövsümümün açılması, bağlanması, ov qaydalarına görə, hansı heyvanların vurulması haqqında elanı yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyi verir. Həmin mövsümlərdə hansı quşların, heyvanların ovlanmasının müddəti və sayı göstərilir. Bu da nazirlik tərəfindən icazə verilən şənbə-bazar günləri müəyyən edilmiş yerlərdə mümkün olur. Birmənalı olaraq canavar ovu qadağandır. Ona görə ki, canavar “təbiətin sanitarıdır”. Canavarların həyətyanı sahələrə hücumu onların sayının həddindən çox olması anlamına gəlməməlidir. Ov mövsümü açılmazdan qabaq heyvanların vurulması müddətinin müəyyyənləşməsi nazirliyin nəzdində fəaliyyət göstərən şura tərəfindən və Milli Elmlər Akademiyasının Zoologiya institutunun mütəxəssisləri tərəfindən müəyyənləşdirilr. Rəy nəzərə alınmaqla ov mövsümünün açıq elan olunması ilə birgə sayının və normalarının müddəti müəyyənləşdirilir”.


Canavar təhlükəsi hiss olunarsa nə etməli?

Nazirlik rəsmisi canavarların ovlanması ilə bağlı istisnalardan da danışıb:
“Təbii, canavarların vurulması ilə bağlı istisnalar da mövcuddur. Canavarların hər hansı bir insan həyatına, təsərrüfatına təhlükə törətməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hər ərazidə şöbələrinin olması ilə müəyyənləşir. Dərhal həmin şöbələrə müraciət olunmalıdır. Müraciət olunduqdan sonra şöbələr tərəfindən xüsusi qruplar yaradılaraq yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, baytarlıq xidmətinin nümayəndələri tərəfindən həvəskar ovçular cəlb edilir. Canavar təhlükəsi olan yerdə xüsusi vasitələrlə, hürküdülməklə heyvanların oradan uzaqlaşdırılması prosesi həyata keçirilir”.

Canavar ovuna görə verilən mükafatlar...

Raquf Mirzəyev deyir ki, günümüzdə canavarların vurulmasına görə hər hansı mükafatın verilməsinə ehtiyac yoxdur:
“Sovet hökuməti dövründə canavarı vurub dərisini, başını gətirib təhvil verən adama mükafat verirdilər. İndi isə canavarların vurulması Beynəlxalq Konvensiya ilə tənnzimlənir. Canavar ovu Azərbaycanda qadağandır. Bu, qanun pozuntusu hesab olunur. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, canavar ovuna görə cərimənin məbləğ 2000 manatdan yüksəkdir. Nəinki canavar ovu edənlər, digər heyvan növlərinin ovlanmasını qanunsuz həyata keçirənlərə qarşı cəzalar sərtdir. Cari ilin 3 ayı ərzində aparılan araşdırmalar əsasən 65 nəfərə yaxın şəxs qanun pozuntusuna görə saxlanılıb. Qanunvericiliyə uyğun qaydada tədbirlər görülüb. Ov tüfəngi, 147 patron, 15 ədəd qanunsuz ovlanmış quş və heyvan götürülərək həmin şəxslər məsuliyyətə cəlb edilib. Həmin şəxslərdən 6 nəfəri inzibati qaydada cərimələnib. 9 nəfərin şəxsiyyətini müəyyənlışdirmək üçün hüquq-mühafizə orqanlarına müraciət olunub. Şəxsiyyətləri müəyyənləşəndən sonra onlar barəsində də qanunverici qaydada tədbilər görüləcək”.

Canavar təhlükəsi niyə artır?

Canavarların sayının çox, yaxud da az olmasına gəlincə, R.Mirzəyev deyib ki, Azərbaycanda canavarların sayı o qədər də çox deyil.

“Ona görə də kimlərsə canavarların çox olması barədə danışırlar. Reallığı deyim ki, əvvəllər yaşayış məskənləri meşələrdən, qamışlıq sahələrindən çox-çox uzaq məsafədə salınırdı. İndi isə yaşayış məntəqələrinin sayı o qədər artıb ki, heyvanların məskunlaşdığı müəyyən yerlərə yaxınlaşıb. Təbii ki, bunun təhlükəli olması istisna deyil. Reallığı da nəzərə almaq lazımdır. Həm də canavarların sayı o qədər də çox deyil ki onların sayının tənzimlənməsi üçün icazə verilsin”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.