İqtisadiyyatın önünü kəsən “əjdaha”: monopoliya
20-04-2017, 09:27
Rəşad Həsənov: “İnhisarçılıq aradan qalxmayınca, islahatların effektivliyi zəif olacaq”
Ölkə başçısının rəhbərliyi altında aprelin 17-də Yevlaxda keçirilən müşavirə iqtisadi məsələlərin müzakirəsinə yönəldi. Prezidentin çıxışında yer alan strateji istiqamətlər pozitiv əhval-ruhiyyə yaratdı. Xüsusən də Azərbaycanın ixrac potensialının, dünya bazarında xüsusi əhəmiyyət daşıyan məhsulların istehsalının artırılması ilə bağlı tövsiyələr iqtisadçılar tərəfindən yüksək qiymətləndirildi.
Dövlət başçısı qeyd etdi ki, Azərbaycan iqtisadiyyatında “Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır. Lakin bütün bu addımlarının önünü kəsən və islahatların effektini azaldan ən önəmli amil, uzun illərdir Azərbaycan iqtisadiyyatının bəlasına çevrilən monopoliya faktorudur.
“Yeni Müsavat”a açıqlamasında durumu şərh edən iqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, hakimiyyətdə təmsil olunan bəzi oliqarxlar hazırda gedən islahatlardan o qədər də məmnun deyil: “2014-cü ilə qədər Azərbaycanda hökumət tərəfindən iqtisadi proseslərə yanaşma fərqli idi. 2014-cü ildən sonra situasiya tam olaraq dəyişdi. Faktiki olaraq böyük neft gəlirlərindən məhrum olan hökumət digər istiqamətlərdə müəyyən addımların atılması, iqtisadiyyatın şaxələndirilməsi kimi proseslərin zərurətə çevrildiyini qəbul etmək məcburiyyətində qaldı. Mən hesab edirəm ki, bu gün belə oliqarxlar, hakimiyyətdə təmsil olunan müəyyən qruplar liberal iqtisadi mühitdən, hazırkı situasiyada həyata keçirilən islahat proseslərindən məmnun deyillər”.
İqtisadçının sözlərinə görə, xüsusilə də devalvasiyalar ən sərt şəkildə iqtisadi zəifliyin iç üzünü ortaya qoydu: “Manat tamamilə neftdən asılı olan bir valyutadır və əgər Azərbaycanda neft hasilatı azalırsa, bu, ölkəyə daxil olan valyutanın həcmində kəskin azalmaya, son nəticədə isə tədiyyə bazarında defisitə gətirib çıxarır. Hökumət artıq qəbul edir ki, manatın məzənnəsini qorumaq üçün alternativ yollardan biri də qeyri-neft məhsulların ixracının təmin edilməsidir. Yerli istehlakın müəyyən qədər yerli istehsal hesabına təmin edilməsi, turizm kimi valyuta gətirən sektorların inkişaf etdirilməsindən keçir. Hökumət bütövlükdə bununla razıdır. Amma əminəm ki, bu gün belə hökumətin tərkibində bu proseslərdən məmnun olmayan güclər var. Bütövlükdə prosesi sabotaj etmək, öz maraqlarını axıra qədər qoruyub saxlamaq istiqamətində addımlar atırlar. Məhz bu səbəbdəndir ki, ölkə qanunlarla, strategiyalarla, dövlət proqramları ilə qəbul edilmiş hədəflərə nail olmaqda çətinliklə üzləşir. Bəzən bu çətinliklər heç də nəzərdə tutulan müsbət sonluqla nəticələnmir. Onu da qeyd etmək lazımdır ki, iqtisadiyyatın şaxələnməsindən söhbət gedirsə, liberal iqtisadi mühitin formalaşması vacibdir. Liberal iqtisadi mühit formalaşmayınca və inhisarçılıq meylləri neytrallaşdırılmayınca, Azərbaycanda həyata keçirilən islahatların nəticələri istənilən səviyyədə olmayacaq. Bu kimi amillər nəzərə alınarsa, Azərbaycan iqtisadiyyatının monopoliyadan ən qısa müddətdə xilas edilməsi istiqamətində çox ciddi plan hazırlanmalıdır”.
Rəşad Həsənov hesab edir ki, oliqarxlar və monopolistlər iqtisadiyyatdan kənarlaşdırılarsa, o zaman kapital çatışmazlığı kimi bir problem ortaya çıxacaq: “Lakin burada da bəzi problemlər yaranacaq. Çünki ötən illər ərzində Azərbaycan iqtisadiyyatı daha çox oliqarx iqtisadiyyatı olub. Belə olan halda da ilkin kapital daha çox oliqarxların əlində cəmləşib. Hazırda digər sahələrdə təşəbbüslərin dəstəklənməsi istiqamətində ciddi ilkin kapital çatışmazlığı ortaya çıxır. Bank sektorunda da vəziyyət məlumdur. Bu halda Azərbaycan haradasa oliqarxların iqtisadi fəaliyyətinə göz yummaq məcburiyyətindədir. Əgər bununla bağlı siyasi iradə ortaya qoyulsa, belə bu proses yumşaq şəkildə həyata keçirilməlidir. Birmənalı şəkildə biz oliqarxları və ya monopolistləri iqtisadiyyatdan kənarlaşdıra bilmərik. Çünki bu gün vəsait onlardadır. Onlar obyekt tikə bilər, istehsal müəssisəsi aça bilərlər. Onlar iqtisadiyyatın ayrı-ayrı sahələrinə yatırımlar edə bilərlər. Çünki əhalinin digər hissəsində belə vəsaitlər yoxdur. Kiçik və orta sahibkarlıq inkişaf etməyib. Bu mənada Azərbaycanda əhalinin digər qruplarında vəsait yoxdur”.
R. Həsənov onu da vurğuladı ki, hökumət monopolistləri neytrallaşdırmaq məqsədilə xarici investisiyanın iqtisadiyyata axınını sürətləndirməlidir: “Əgər bizim məqsədimiz bu istiqamətdə nailiyyət əldə etməkdirsə, ölkənin reputasiyası məsələsində çox ciddi düşünməliyik. Xarici investorlar hər hansı ölkəyə yatırım edirsə, ilk ortaya çıxan suallardan biri iqtisadi mühitdir. İqtisadi mühit liberal deyilsə, hüququn aliliyi təmin olunmursa, məhkəmələr azad deyilsə və ədalətsiz qərarların sayı minlərlədirsə, belə bir mühitdə xarici investor ölkəyə vəsait qoymağa çəkinəcək. Biz bu gün daxili investorları da inandıra bilmirik ki, siz vəsaitlərinizi ayrı-ayrı sahələrə yatırın. İqtisadiyyatın mahiyyətinin dəyişdiyinə investoru inandırmaq çətinləşib. Bu problemlər aradan qaldırılarsa, qəbul olunan strategiyalarda nəzərdə tutulan hədəflərin vaxtında yerinə yetirilməsi təmin edilərsə, qısa müddətdə deyil, orta və uzunmüddətli dövrdə Azərbaycan iqtisadiyyatını resurs lənətindən müəyyən qədər təmizləmək olar. Eyni zamanda Azərbaycanda dünya iqtisadiyyatının əsasını təşkil edən kiçik və orta sahibkarlığın inkişafına nail olmaq olar. Kiçik və orta sahibkarlığın Azərbaycan iqtisadiyyatında payı cəmi 3 faizdir, məşğulluqda payı cəmi 7 faizdir. Dünyada bu göstəricilər müvafiq olaraq 60-65 faiz, 70-75 faiz səviyyəsindədir. Bu isə o deməkdir ki, bizdə əhali sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, özəl təşəbbüs göstərməyə meylli deyil, çünki müəyyən maneələrlə üzləşirlər. Bütün bu maneələr aradan qalxmayınca, islahatların effektivliyi zəif olacaq”.