İ.K.Əfəndiyevin şərlədərək həbs etdirdiyi elm adamları — Araşdırma - VI yazı

21-04-2017, 22:04           

M.C.Bağırovun gizli məchulları və onu satan yaxın çevrəsi.
V yazıda Əfəndiyevin N.S.Xruşşova yazdığı məktub, Beriya və Bağırovun "torbasının tikilməsi"indən bəhz etmişdik.

"Ölkə.Az" istedadlı tədqiqatçı Adıgözəl Məmmədovun "M.C.Bağırovun gizli məchulları və onu satan yaxın çevrəsi"nə gün işığı tutan dəyərli araşdırmasından V yazını sizə təqdim edir:


... Azərbaycan SSR

DÖVLƏT TƏHLÜKƏSİZLİYİ KOMİTƏSİ



Следственный отдел
----------------------------------------------------------------------------
23.05.1990 16\1463
--------------------------------- № ---------------------------------------
г. Баку

Vətəndaş Fridrix Əhmədoviç Triniçə
Moskva şəhəri, Festivalnaya küçəsi,
ev15, kor.4, mən.16


Atanız Ə.B.Triniçlə bağlı arxivdə olan PS-1622 nömrəli cinayət işinin xətm olunması barədə qərarın surətini Sizə göndərərək məlumat veririk ki, Azərbaycan SSR CPM-nin 219-cu maddəsinə müvafiq olaraq Siz bildirişin alınması anından yeddi gün müddətində verilmiş qərar haqqında Azərbaycan prokuroruna şikayət etmək hüququna maliksiniz.
Qəbul edilmiş qərara uyğun olaraq Sizin atanız bəraət almış hesab edilir.


Şöbə rəisinin müavini R.T.Mansurov
(imza qoyulub)


SSRİ gerbinin təsviri

SSRİ PROKURORLUĞU
----------------
Azərbaycan SSR

PROKURORLUĞU
---------------
ПРОКУРАТУРА СССР
---------------
ПРОКУРАТУРА

Азербайджанской ССР

Bakı şəhəri - гор. Баку

12.06.90 13\12416
--------------№-------------

125195, Moskva, Festivalnaya, ev 15,

korp.4, mən.16

vət. F.Ə.Triniçə


Atanıza bəraət verilməsi barədə yazdığınız ərizə yoxlanıldı.

Müəyyən edildi ki, 1893-cü il təvəllüdlü, Albaniyada doğul-muş Triniç Əhməd Bedin 1936-cı il aprelin 19-da Azərbaycan SSR DİXK orqanları tərəfindən həbs edilmiş, 1918-ci ilə aid edilən əksinqilabi fəaliyyətdə təqsirləndirilmişdir.

1936-cı il oktyabrın 14-də onun barəsində bitmiş cinayət işi Azərbaycan SSR Ali Məhkəməsinin Xüsusi kollegiyasına verilmiş, lakin naməlum səbəblərə görə 9 ay müddətində işə baxılmamışdır. 1937-ci il iyul ayının 8-də vətəndaş Triniç Ə.B. kamerada asılmış vəziyyətdə tapılmışdır. Onun ölümü barədə başqa digər məlumatlar yoxdur.

Azərbaycan SSR Prokurorluğunun 26 dekabr 1957-ci il tarixli qərarı ilə Triniç Ə.B. ilə bağlı olan cinayət işinə onun ölümünə görə xitam verilmişdir.

Sizin ərizənizin xitam baxımından əsassız kimi yoxlanılması gedişində yuxarıda göstərilən 2 noyabr 1989-cu il tarixli qərar ləğv edilmiş və iş üzrə təkrar təhqiqat aparılmışdır.

Bu təhqiqatın gedişində Ə.B.Triniçə qarşı ittihamlar öz təsdiqini tapmamış, ona görə də Azərbaycan SSR DTK-nın İstintaq şöbəsinin 17 may 1990-cı il tarixli qərarı ilə hərəkət-lərində cinayət tərkibi olmadığı üçün ona qarşı olan işə xitam verilmiş, daha doğrusu, ona bəraət verilmişdir.

Dövlət təhlükəsizliyi orqanlarında istintaq üzrə nəzarət şöbəsinin rəisi
baş ədliyyə müşaviri Çudin V.A.

Arxivdəki cinayət işinin xətm olunması barədə

QƏRARA ALDIM:

1. Triniç Əhməd Bedin ilə əlaqədar Azərbaycan SSR CPM-nin 215-ci maddə, 1-ci bənd və 10-cu maddə, 2-ci bəndi əsasında açılmış PS-1622 nömrəli cinayət işinə təqsir-ləndirilənin hərəkətlərində cinayət tərkibi olmadığı üçün xitam verilsin.

2. Qərarın əslinin surətləri Azərbaycan SSR Prokurorluğuna və ərizəçi F.Ə.Triniçə göndərilsin.


Azərbaycan SSR DTK-nın Təhqiqat şöbəsinin baş müstəntiqi

kapitan M.Məmmədov

S U R Ə T İ


Bakı şəhəri


ƏHMƏD TRİNİÇDƏN

AĞA MUSA MƏLİKOVA

Böyük Qala, ev 42, mən.1

13.03.37-ci il


“Dəhşətdir: bu gün bilmişəm ki, Şövkət Bakıdadır! Buna necə inanmaq olar? Təəssüf ki, bu həqiqətdir – o səni görüb, səninlə danışıb, “o özünü çox gözəl hiss edir və çox məmnundur...” Bax, belə. Bu DAŞDƏMİROV hardan gəlib çıxdi? Yəqin ona görə ki, bu xəbərlə mənə güclü zərbə vursun! Sən ŞÖVKƏT mövsümün əvvəlindən Bakıdasan və susursan, yox, özün barədə bilməyimi istəməmisən! Sən məni unutmusan! Ya da sən inanırsan ki, mən cinayətkaram? Ola bilsin ki, sən əmin olubsan ki, mən “Azərbaycan xalqının, elminin düşməniyəm”? Məgər bu mümkündürmü? Əgər belə deyilsə, bəs onda nə olub? Sadəcə olaraq, daha məni sevmirsən? Yaxud da heç vaxt sevməmisən?.

Məşhur Lassal sevimli qızından onu çox istədiyini yazmış olduğu bir kağız alır. Lassal cavabında qızına yazır ki, mənim sevincim, bilirəm ki, sən ətrafındakıların təzyiqi ilə nəyə ehtiyacının olduğunu yazırsan. Mən buna inanıram! Lakin əgər səhv edirəmsə, əgər bu məktub doğrudursa, onda deyə bilərəm ki, bu dünyada həqiqət yoxdur və bütün ömrüm boyu sizi lənətləyərdim...

Mən Lassal deyiləm, çox da məşhur deyiləm, əksinə, sevgi aləmində hətta bir qədər ərköyünəm. Əgər sevgi varsa, onda əvvəllər də, indi də sevdiyim yeganə şəxs sən olmuş və indi də sənsən Şövkət!

Əgər sən məni aldatmısansa, Lassalın sözlərini təkrar edə bilərəm, deməli, həyatda həqiqət yoxdur. Lakin sənin ünvanına olmayan lənətsiz. Lənətləməyə məndə elə bir güc yoxdur. Mən səni həddindən çox sevirəm və lənətləyə bilmirəm! Bilmirdim, indi bilirəm: Sən məni aldatmısan! Əks-təqdirdə heç bir vasitə sənə mane ola bilməzdi, heç olmasa özünü tanımağı bacar. Bəlkə qorxursan? Nəyə görə? Əgər mən müqəssir olmuş olsaydım, onda sən mənimlə yoldaş ola bilməzdin. Bir halda ki sən çox gözəl bilirdin ki, mən quldur dəstələrinin, gədələrin, yaltaqların qurbanı olmuşdum! Fəxr edirəm ki, kimlərinsə qarşısında öz başımı əyməmişəm və ölsəm də əyməyəcəyəm. Qoy elə bədbəxtcəsinə ölüm!!!

Ah, Şövkət, Şövkət – mənim əzizim! Bir il əvvəl biz ayrılan zaman mən düşünmədim, düşünməyi belə bacarmadım ki, Cəfərin əsərindəki sözləri xatırlamalı olacağam. “Od gəlini”: Ah Dağlar, Dağlar – sizə güvəndiyim Dağlar – sizə də qar yağarmış!”

ŞÖVKƏT! Mənim tanıdığım, sevdiyim, son nəfəsimə qədər sevəcəyim o ŞÖVKƏTİ unuda bilmirəm: məni aldadan ŞÖVKƏT isə qoy əsil ŞÖVKƏTİN mənə bəxş etdiyi xoşbəxt dəqiqələrin xətrinə inansın.

Ayın 29-da axşam saat 11, 12-yə işləmiş məni çağırıb dedi: “Tezliklə klubda məhkəmə qurulacaq və əgər məhkəmədə özünü burdakı kimi pis aparsan, səninçün pis olacaq, mənim sənə yazığım gəlir (?!) və sorğu-sual üçün səni bura çağırmışam. Sənə məsləhət görürəm ki, bütün təqsirini boynuna al, onda səninçün yaxşı olacaq.”

Cavabım: Mən dünyada hər şeydən çox yazıq adamlardan qorxuram. Əgər mən bədbəxt vəziyyətdəyəmsə, ölmək yaxşıdır, Sizdən xahiş edirəm ki, məni təcili mühakimə edin və mən Sizdən, Siz də məndən mürəxxəs olun...

Ovanesyan ayağa durdu və qapı-pəncərəni bağlayaraq dedi: biz burda ikimizik və sizi heç kəs eşitmir, heç olmasa mənim yanımda öz günahını boynuna al, sonra “yox” da deyə bilərsən. Bu, lap uşaq təklifi idi. Yəqin ki tez də başa düşdü ki, o, kobud səhv buraxıb və sorğu-sualı davam etdirmədən məni öz kamerama göndərdi.

Sentyabrın 11-də axşam saat 11-də məni Tevosyanın yanına gətirdilər. O mənə dedi ki, Sizinlə bağlı yeni materiallar verildiyinə görə işə təzədən başlamaq lazımdır və yazmağa başladı: Elbaumu tanıyırsanmı? Dedim ki, Şamaxı həbsxanasında olarkən sizin kamerada bir nəfərlə tanış olmuşam, onun adı elə idi. “Sən ona öz işinlə bağlı nə demisən?” Şəxsən ona bir kəlmə də. Kamerada olan digərlərinə isə mənim nədə təqsirləndirilməyim barədə hər şeyi danışmışam. Budur, Elbaum gəldi. Budur təxribatçının dartışmaları: Triniç deyir ki, 50 erməni öldürüb, heyf ki, 4500 yox. O, 16 il ərzində BAĞIROVU öldürmək fikrində olub və 1935-ci ildə BAĞIROVU öldürmək üçün Kislovodska gedib, bu haqda özü mənə danışıb. Bundan başqa Triniç deyib ki, İstanbulda onların böyük evləri və bankda iri kapitalları (!!!) var və təəssüf edirdi ki, niyə onun bacısı Bakıda qalıb. Nəhayət o deyirdi ki, 20-ci ildə Quba bəylərindən qızıl əldə edib və onun bir hissəsini gizlədərək onları Torqsin bağlanana qədər xərcləyib. Həmçinin kommunist Mükəddəbi (adı belədir) öldürdüyünü də deyərək bildirmişdi ki, Türkiyəyə getsəydi, general olardı və FK-da işləyəndə SUMBATOV onun yanında adyutant olmuşdu. Bu fahişədən soruşdum: “Bunu kim təsdiq edə bilər”. Heç kim, dedi. Çünki sən bütün bunları mənim qulağıma deyirsən və buna görə də heç kəs bu alçağa (o, bunun tayıdır, mən onun üzünə tüpürərdim) verilən vahid cavabı eşidə bilməzdi.

Sentyabrın 17-də gündüz məni Tevosyanın yanına gətirdilər. Yenidən sorğu-sual: “Siz bu günə qədər öz əksinqilabi trotskiçi fəaliyyətinizdən əl çəkməmisiniz. Siz bununla bağlı özünüzü təqsirli bilirsinizmi?”

Burada rus deyimi – “Buyur...!” – lap yerinə düşərdi. Cavab çox qısa və qəti idi: Bəri başdan deyim ki, belə bir materialı yalnız mənim alçaq düşmənlərim verə bilərdilər və buna görə də cavab verməkdən imtina etdim. Bundan sonra heç bir suala cavab vermədim və əlavə etdim ki, nə varsa, hamısını işə əlavə edin. Mənimlə bağlı akt tərtib etdilər.

Sentyabrın 23-də axşam saat 11-də məni prokuror Yarovoyun yanına gətirdilər. O, məndən izahat yazmağı tələb etdi, mən qəti imtina etdim və əlavə olaraq bildirdim ki, buna qanuni haqqım çatır.

Oktyabrın 1-də gündüz Tevosyanın yanındaydım. O, məlumat verdi ki, iş başa çatıb və prokurorluğa verilib.

Oktyabrın 4-ü. Növbətçi komendant kamerada rəsmi olaraq mənə məlumat verdi ki, iş prokurorluğa verilib.

Oktyabrın 7-də Prokurorluqdan mənə işin Ali Məhkəməyə göndərilməsi barədə xəbər verildi.

Oktyabrın 17-də - düz 6 aydan sonra yazıq bacım Nemətlə görüşdüm. Bədbəxt Nemət elə bir qardaşa görə ağlayırdı ki, o, buna layiq deyil və öz bacısını dəyərləndirmir.

Tevosyan türkcə danışmağımıza icazə vermir. İcazə versəydi, danışmaq olardı. Ağa Musadan çox arxayınam, o, kişi çıxdı. Məndən ona salam çatdırın. Manyanın gözlərindən öpürəm. Onu yalnız görmək istəyirəm, başqa heç nə. Neməti möhkəm-möhkəm öpdüm. Şirkanı bağrıma basdım. Ayrılmaq istəmirdik. Kamerama həyəcanla qayıtdım. Yolüstü üst-başımı axtardılar. Bu mənə çox pis təsir etmişdi: Tevosyan düşünürdü ki, Nemət görüş zamanı mənə məktub da verib. Belə bir daş ürək kommunistə yaraşmaz!

Noyabrın 2-də kameraları gəzən prokuror Yarovoy bizə də gəldi. Dedi ki, məhkəmə bayramdan sonra olacaq. Allaha şükür ki, noyabr qurtardı. Məhkəməni gözləyirəm.

Dekabrın 2-də axşam saat 12-də məni Ovanesyanın yanına gətirdilər. Müxtəlif söhbətlərdən sonra dostum dedi: “Sən kimə güvənirdin (dağ kimi), yeganə pənahın Qoqoberidze də sənin kimi içəridədir. İndi nə deyə bilərsən? Yenə də günahını boynuna almırsan?” Ona cavab verdim ki, “mənim ümidim vicdanlı işimə və hərəkətlərimədir”. Həyatda heç kimdən ümid gözləməmişəm və heç kəsin qarşısında əyilməmişəm. Qoqo mənim vicdanlı dostum idi. Onu həbs ediblərsə, çox heyif! Onu tutublar, ya tutmayıblar, bunun mənim işimə heç bir aidiyyəti yoxdur. Sən demə, Qoqa mənim haqqımda yazdığı məktubdan imtina edibmiş. Onun sözləri mənim işimə yaramadıqdan sonra o, demişdi: “Tezliklə sənin qapalı məhkəmən olacaq və dostların öz aralarında pul toplayırlar ki, müdafiəçi tutsunlar.” Dedim ki, mənə müdafiəçi gərək deyil, əgər məhkəmə mənim şahidlərimi çağırmasa, onda mən heç bir suala cavab verməyəcək və məhkəmənin qərarını gözləyəcəyəm. Gecə saat 2-də kameraya qayıtdım.

Günlər, günlər! Qoqa da proletar dövlətinin zamanında həbs olundu, buna inamaq olmur. Yaşayıb bu günləri görməkdənsə ölmək yaxşıdır.

Oktyabrın 28-də axşam Maneçkanı gördüm, istədiyim qədər öpdüm, qucaqladım, Tanyanı isə dəhlizdə gördüm və yalnız salamlaşa bildim. Tevosyan onunla görüşməyimə icazə vermədi. Avqustun 26-dan görüş olmayıb. Dekabr da sona çatdı – məhkəmə yoxdur.

Dekabrın 8-də təsadüfən kameraya Ağacanov soyadlı bir nəfəri buraxdılar. O xəbər verdi ki, avqustda Həsən Səfərovu da həbs ediblər və yazıq İsmayıla 5 il iş veriblər. Dedi ki, Dadaş Bünyadzadənin də tutulması barədə şayiələr gəzir. Biz hamımız təəccübləndik. Üç gündən sonra onu Bayıl həbsxanasına göndərdilər. İsmayıla salamımı çatdıraraq ona mandarin də göndərdim. Dekabrın 28-də mənə xeyli ərzaq, mer-meyvə yollamışdılar. Elyaya görə lap qızardım, yazığı uzun müddət gözüyaşlı qoymuşdum, heyif ki, mən ona layiq olmadım. Onun insanlığını həyatımın son anına qədər unutmayacağam. Yeni il axşamını çox qəmgin keçirdik.

Yanvarın 2-də prokuror Yarovoy gəldi və məhkəmə öncəsi xəstələndiyini (!!) bir neçə dəfə təkrar elədi ki, buna görə də iş yubanır, lakin yanvarın 15-dək Məhkəmə hökmən olacaq.

Yanvarın 16-sı! Kamerada diri-diri çürüyürəm, Ali Məhkəmənin adına yazdığım ərizələrə (onlar kəskin və sərt idi) heç bir cavab yoxdur, əgər aclıq elan etsəm, məhkəməsiz öləcəyəm və mənim düşmənlərim də elə bunu istəyirlər, bunu etmədim.

Yanvarın 17-də SUMBATOVUN adına ərizə yazdım və xahiş etdim ki, məhkəmənin çağırılması barədə mənə kömək etsin, məni işimə görə çağırsınlar.

Ayın 19-da Nemətlə görüşdüm. Bu dəfə o özünü möhkəm tutmuşdu və mən ondan öyrəndim ki, fahişə Mariya mənim barəmdə müxtəlif şayiələr yayıb (belə çıxır ki, ayaqyolundakı yazılar o barədədir ki, fırıldaqla həbs olunmuş və onun yoldaşları alçaqcasına mənimlə oyun oynamışlar). Nemət mənə bir qutu papiros verdi. Onu möhkəmcə öpdüm, ona və Ağa Musaya təşəkkür etdim ki, onlar məni həbsxanada ağa kimi saxlayır və heç nədən korluq çəkməyə qoymurdular. Təəssüf ki, ölüb gedəcəyəm və əvəzində onlara heç bir yaxşılıq edə bilməyəcəyəm. Ağ ciyərim və içalatım ağrıyır, qızdırma, baş ağrıları və revmatizm hər axşam mənə əziyyət verir. Lakin mənən özümü möhkəm hiss edir və elə buna görə də yaşayıram.

Əgər düşmənlərimin alçaq sifətlərinə tüpürməsəm, hələ ölən deyiləm!!

Yanvarın 21-i, Qışlı həbsxanası. Dəhşətdir!! Bir anda minlərlə gözlənilməz xəbər: Moskvada əksinqilabçı Pyatakov-Radekovun quldur dəstəsi məhkəmə qarşısındadır! Buxarin və Rıkov da onların quyruğundadır. Qəzetləri oxuyuram, hansıları ki, 5 ay ərzində görməmişəm, təkrarən oxuyuram və dərc olunanların heç birinə inanmıram. Təəssüf ki, oxuduqlarım hamısı acı həqiqətdir.

Ruhulla! Dünyada mənim yeganə “dostum”. Heyif ki, 16 ildən sonra bildim ki, o, dost deyildir, həmin bu adam aprelin 17-də səhər dedi ki, mən böhtanların qurbanıyam, axşam isə mənim partiyadan çıxarılmağıma səs verdi; bu riyakar da, onun Fridası da həbs olundular. Bunu Sumbatov da təsdiqlədi, onun yanında ayın 23-də olmuşdum və bilmirdim ki, o, trotskiçi-faşistdir, bilirdim ki, o, qorxaq və riyakardır, ona görə də onun həbsinə sevinmədim, ancaq kədərlənmədim də.

Sumbatov mənə dedi ki, hələ digər materiallar təsdiqlənməyib, Quba ilə bağlı olaylardan və bundan başqa mənə digər ittiham maddəsi irəli sürülməmişdi, əgər sonradan bu, düz olarsa, ola bilsin ki, məni düşərgədən geri çağırsınlar. Dedi ki, məhkəmə ilə bağlı Teymur Quliyevə müraciət edin və məni əmin etdi ki, bu haqda özü də ona zəng edəcək.

Görüşə görə təşəkkür etdim, şikayətləndim və o, Komendanta əmr etdi ki, görüş versinlər.

Yanvarın 24-də Maneçka və Tanyanı gördüm. Tanya xeyli ağladı. Məncə Nemət onu Mariya ilə müqayisə etməkdə haqlı deyil. Mariyaya o qədər nifrət edirəm ki, hətta bədbəxt oğlum Fridrixi də yada salmıram. Tevosyan soruşdu ki, oğlumla görüşmək istəyirəmmi, yox deyə bilmədim və “özünüz bilərsiniz” dedim. Fevral – yazıq Nemət qarlı çovğunda, xəstə, məni ac qoymaq istəməyib. Sağ olsun. Fevral qurtarır. Yenə məhkəməni gözləyirəm. İndi də marta ümid edirəm. Hər gün yeni-yeni xəbərlər gəlir. “Kommunist” qəzetini oxuyuram – Əhməd Triniç – Azərbaycan xalqının və elminin düşmənidir. Ha! Ha! Ha! Belə yaramaz böhtanların qaşısında bilmirsən nə edəsən – ağlayasan, yoxsa güləsən. Guya mən faşistlərlə bərabər Ruhulla Axundovla birgə Dil və ədəbiyyat institutunu öz əlimizə keçirmiş və orada əksinqilabi iş aparmışıq. Hamısı ağ yalan, yaramaz böhtan. Mən hətta bilmirəm ki, o institut harada yerləşir. Bunu yazan fahişəyə min lənət olsun. Mən lüğət (?) nəşr etməmişəm – yalan və yenə yalandır! Bütün hazır hərflər mənim yanımda çap olundu, məndən sonra Azərbaycan xalqının “dostu” ƏSƏD AXUNDOV da gəldi və ilyarım ərzində lüğətin nəşrini dayandırdı, Azərnəşr kollektivində cəsarətli oğullar az deyil, onlar kimin dost, kimin düşmən olduğunun fərqinə varacaqlar. Gün gələcək ki, haqq-ədalət yerini tapacaq. Mənimlə bir sırada yazanların isə 90 faizini MİKAYIL HÜSEYNOV, ZEYNALLI, XULUFLU, BAĞIROV, yaxud NAZİM şübhə ilə qarşılayırdı. Mən hətta onlara da əl uzadaraq alçalmadım. Onlar həmişə mənə quyu qazmağa çalışırdılar, bu gün məni bu kompaniyaya qoşmaq istəyirlər – bu nömrə keçməyəcək.

Neyləyə bilərsən, qələm düşmən əlindədir, mən isə müdafiə hüququndan məhrum olunmuşam. Eybi yox, belə nömrələrlə mənim iradəmi qıra bilməzlər. “Gənc işçi” qəzetində Ağa Hüseyn adlı birisi mənim barəmdə iftira yayır – guya Qarayevin göstərişi ilə mən komsomolçularla onu oğru, quldur adlandırmışam.

Yazmaq, hürmək asandır, lakin sübut eləmək lazımdır... Bu da mümkün deyildir. 30-cu ildə mən “Yeni yol” qəzetinin redaktoru idim, həmin vaxt Qarayev Gəncədə dairə komitəsinin katibi işləyirdi.

Nanah QASIMOV məsələsi 1929-cu ildə qaldırılmışdı, mən onun əleyhinə yazıb hərəkətlərini tənqid etmişdim. Bu, faktdır.

Ah dünya! Gör mən nə eşidirəm, nə görürəm. Ölmək bunu görməkdən yaxşıdır. Əli Məmmədov, Mirzə Qasımov, Mahmud Ağayev, Kazakov, Cavadyan, Tağı Şahbazi, Vəlibəyov, Məcid Yaqubov və başqaları həbs olunublar. Bir axşam Cavadyanla eyni kamerada qalmış, necə lazımsa onu təmizləmişəm. Deyirdi ki, Mariya onu aldadıb. O, Nemətin qəhrəmanlığından danışırdı. Qısası, mənə quyu qazanlar özləri ora düşdülər. Hələlik bəziləri qalıblar, bu axınla onlar da fevralın 23-də gələrlər.

Şövkəti, Şövkəti, Şövkəti xatırlayıram! Keçən ilin bu vaxtı onunla idim, xəstələnmişdi, göz yaşları ilə məni yola saldı.

Bu ilin ərzində onun varlığı, harada olması haqda heç nə bilməmişəm.

Güvəndiyim dağlar, sizə də qar yağarmış. Nə olsa da unudan deyiləm. Tamaranı – məndən ötrü ürəkdən ağlayan o insanı da unuda bilmərəm. Nemətə əl tuta bilən Ağa Musadan sonra yeganə şəxs Tamaradır.

Bu gün eşitdim ki, professor İSMAYILOVU həbs ediblər. Məcid Əfəndiyev barədə də söz-söhbət gəzir. Əsgər Əfəndiyevi xatırladım, şahidlərdən biri öldü, çoxları həbs olundular. Baxaq görək sabah, fevralın 17-si nə olacaq, Teymur Quliyevin adına ərizə yazdım, məhkəmə və görüş tələb etdim”.

Əfəndiyevin digər ittihamlarına qayıdaraq qeyd etmək istəyirəm ki, M.C.Bağırovun təqdimatı ilə «Rus-Azərbaycan lügəti»nin hazırlanmasına görə Heydər Hüseynov, Mirbabayev və Orucov 1948-ci ildə Stalin mükafatına layiq görüldülər. Onun təqdimatı ilə alimlərə Sosialist Əməyi Qəhrəmanı adları verildi. Təkcə 1948-ci ildə 104 nəfərə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi. O vaxtlar ədəbiyyat sahəsində əsas üstünlük rus və Azərbaycan xalqlarının dostluğu movzusuna verilirdi. Belə kitablardan biri də XVIII əsrdə Quba xanlığına rəhbərlik etmiş Fətəli xan təbliğ edilirdi. Kitabın məntiqinə görə o, bütün Azərbaycan xanlıqlarının həmrəyliyinə nail olub Rusiya ilə birləşmək istəyirdi, bununla o, digər xanlardan fərqlənirdi. Ona görə Qasım Abdullayevin 1948-ci ildə çıxan «Fətəli xan Azərbaycan torpaqlarını birləşdirdi və onun xarici siyasəti» kitabı M.C.Bağırov tərəfindən yüksək qiymətləndirilmişdi. Azərbaycan Dövlət Unuversitetinin elmi şurasının iclasında Bağırov şəxsən iştirak etdi.

Əfəndiyevin məlum məktubunda səslənən ittihamla bağlı onu da qeyd etmək istəyirəm ki, Heydər Hüseynov həqiqətən də M.C.Bağırovun ən etibarlı adamlarından biri idi. Heydər Hüseynov «XIX əsrdə Azərbaycanda fəlsəfə və ictimai fikrin tarixi» kitabına görə o, III dərəcəli Stalin mükafatına layiq görülür. Hətta SSRİ Elmlər Akademiyasının bazasında Azərbaycan Elmlər Akademiyasının formalaşdırılması haqda danışıqları M.C.Bağırov məhz H.Hüseynova həvalə etmişdi (Azərbaycan Elmlər Akademiyasının yaradılmasında Azərbaycan xalqının ən görkəmli oğulları, məşhur akademik Həsən Əliyevi də daxil etməklə ilk akademiklər Azərbaycan Elmlər Akademiyasının təşkilatçıları idilər. Azərbaycan SSR Elmlər Akademiyasına akademik Mir Əsədulla Mir-Qasımov rəhbərlik etməyə başladı - A.M.).

Ancaq dahi filosov Heydər Hüseynovun 1949-cu ildə çapdan çıxmış yeni kitabı Qafqazda azadlıq hərəkatının lideri Şamil haqqında idi, burada o, müsbət şəxsiyyət kimi təsvir olunurdu; lakin bu kitabı Bağırov tənqid atəşinə tutdu. Heydər Hüseynovla yaxşı münasibətdə olan Bağırov onun yeni kitabını nə üçün qəbul etmədi? Məsələ burasındadır ki, 1950-ci ildə M.C.Bağırovun «Müridizm və Şamil hərəkatı» kitabı çapdan çıxır, orada o yazır: «Şamil hərəkatını Heydər Hüseynov azadlığa və tərəqqiyə bir addım kimi səciyyələndirir. Belə qiymət əslındə antimarksist, siyasi cəhətdən yanlışdır və tarixi materializmə, tarixi həqiqətə ziddir. İslamda müridizm mübariz, irticaçı xüsusiyyət almışdı, xalqları əsarət altında saxlamaq alətinə çevrilmişdi, türk ordusunu və ingilis kolonizatorlarının işğalçılıq siyasətinə xidmət edirdi. Şamil çalışırdı ki, Rusiyanın tərkibindən çıxsın və bununla da Qafqaz xalqları arasında rus xalqına qarşı nifrət yayırdı. Ona görə Şamil hərəkatı mürtəce xüsusiyyət daşıyır və inqilabi hərəkata ziddir. Şamil sinfi özünüdərketmədə Dağıstan zəhmət-keşlərinə mənfi təsir etmişdir».

Oxucularda elə bir rəy yarana bilər ki, M.Bağırov sovet konyukturasına xidmət edən hərəkət etmişdi. Şübhəsiz ki o, yaxşı başa düşürdü ki, onun iddiaları əsassızdir, lakin belə hərəkət etməyə məcbur idi.

Koreya yarımadasında gedən müharibə Bağırovun mövqeyini gözəçarpacaq dərəcədə dəyişdi. Görəsən, bu kiçik hadisə - Heydər Hüseynovun kitabı və Koreyada gedən müharibə arasında nə əlaqə var? Ancaq bu savaş az qala üçüncü dünya müharibəsinə gətirib çıxartmışdı. Dünən Hitlerə qarşı duran müttəfiqlər özləri arasında dolayısı yolla vuruşmağa başlamışdılar.

İkinci Dünya müharibəsi sentyabr 1945-ci ildə qurtaranda ABŞ Cənubi Koreyaya öz qoşunlarını yeritdi. Moskvada SSRİ, ABŞ və Böyük Britaniya xarici işlər nazirlərinin müşavirəsində (dekabr 1945-ci il) qərara alındı ki, 38-ci paraleldən şimalda olan torpaqlar sovet bölgəsi hesab olunur, cənubdakı isə ABŞ bölgəsi.

Sovet bölgəsində Koreya Xalq Demokratik Respublikası, Amerika bölgəsində isə Cənubi Koreya Respublikası yarandı. 1949-cu ilin oktyabrında SSRİ birinci olaraq KXDR-lə diplomatik əlaqələr qurdu və sosial-iqtisadi, eləcə də mədəni əməkdaşlıq haqqında müqavilə bağladı.
Bu, beynəlxalq ictimaiyyətin, əsasən də ABŞ-ın hiddətinə səbəb olmuşdu.

Amerikalılar BMT-də antisovet qətnamənin qəbul olunmasına nail oldular və 16 dövlətin hərbi qüvvələrindən BMT qoşunu yaratdılar ki, onun tərkibində türk diviziyaları da var idi. Koreyada sovet əsgərləri koreyalıların hərbi formasını geyib BMT egidası altında olan türk qoşunları ilə üzləşdilər.

Bu şəraitdə Heydər Hüseynovun türk və islam praqmatizmi mövqeyindən yazılmış kitabı və onun da Stalin mükafatına təqdim olunması, olduqca təəccüblü görsənirdi.

Ancaq hadisələrin mahiyyəti heç də bunlarla bitmirdi.. Kremldə Bağırovun mövqeyi hamıya bəlli idi. Bunu onun Stalinə göndərdiyi, milli ruhda yazılmış məktublarından görmək olur. O, «Azərbaycan ziyalılarının novbəti vəzifələri» kitabı üzərində işləyərkən Cənubi Azərbaycan məsələsini qoyurdu, Cənubi Azərbaycanda sona çatmış uğursuz milli məfkürəliyimizi yenidən bərpa etmək istəyirdi. Şübhəsiz, Stalinin əhatəsində olan bəzi dairələr buna biganə qala bilməzdilər. Onlar hər vasitə ilə Bağırovu Stalinin gözündə samaq istəyirdilər.

Bu nöqteyi-nəzərdən «müridizmi təbliğ edən» Heydər Hüseynovun əsərlərini yüksək dövlət mükafatına layiq görmək, həqiqətdə Bağırov üçün üstüörtülü tələ idi. Siyasi intriqalardan baş çıxaran Bağırov başa düşdü ki, külək hardan əsir və antiazərbaycan sui-qəsdini vaxtında zərərsizləşdirdi. Çox təəssüf ki, bu siyasi oyunun qurbanı görkəmli filisof, ictimai-siyasi xadim Heydər Hüseynov oldu.

O, alçaqlığa, təhqirə və çoxsifətli «ziyalıların» və qab-yalayanların təzyiqinə dözə bilmədi. Bir dəfə o, öz damarlarını kəsdi, ancaq akademik M.Topçubaşov onu ölümdən qurtardı. Xəstəxanadan çıxandan bir neçə gün sonra isə H.Hüseynov özünü asaraq intihar etdi.

Beləliklə, İ.K.Əfəndiyevin məktubundan sonra M.C.Bağı-rovu Beriyanın işi ilə əlaqədər istintaqa cəlb etdilər. Hələ ki şahid qismində. Lakin Azərbaycan hökmdarının taleyi artıq qabaqcadan həll olunmuşdı...

Növbəti yazıda M.C Bağırovun işi barədə Rudenkonun dindirilməsi və bu barədə Arxiv materialların sizə təqdim edəcəyik...

Səxavət Məmməd
Ölkə.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.