Fransa faşizm və liberalizm arasında seçim etməli olacaq – 15 gün sonra Avropanın taleyi həll olur

24-04-2017, 09:02           
Fransa faşizm və liberalizm arasında seçim etməli olacaq – 15 gün sonra Avropanın taleyi həll olur
Fransa xalqı kimi seçəcək, ifrat sağçı Le Peni, yoxsa mərkəzçi Makronu?


Aprelin 23-də Fransada prezident seçkilərinin birinci turunun nəticələri məlumdur. İki iddiaçı az fərqlə ikinci tura keçib. Bu yazı yazılarkən Mərkəzçi “İrəli Fransa” partiyasının lideri Emmanuel Makron 23,11 faiz səslə 1-ci, sağ radikalların lideri Marin Le Pen isə 23.08 faizlə ikinci olmaqla, növbəti dəfə, 15 gün sonra yenidən yarışmağa şans qazanıblar. Öncədən də proqnozlaşdırıldığı kimi, namizədlərdən heç biri 25 faizi keçə bilməyib.


Fransa qanunlarına əsasən mayın 7-də seçkilərin ikinci turu keçiriləcək. Və ilk turda ən çox səs toplamış namizədlər, yəni Le Pen və Makron ikinci turda yarışacaq. Məsələnin maraqlı cəhəti budur ki, ilk turda məğlub olan digər namizədlər bir-bir Emmanuel Makrona öz dəstəklərini ifadə etməyə başlayıblar.


İlk olaraq seçkilərdə cəmi 6 %-lik səslə gözlənilməz nəticə alan Sosialist partiyasının lideri Benua Amon bütün tərəfdarlarını Emmanuel Makrona səs verməyə çağırıb. Daha sonra sağçıların lideri Fransua Fiyona yaxın isimlərdən biri, keçmiş baş nazir Jan Pyer Raffaren Fransanın 2-ci kanalında Makronu dəstəkləyəcəyini söyləyib.


Fransua Fiyon özü seçkilərdə məğlubiyyətini (19 faiz) etiraf edən çıxışında respublikaçı dəyərləri qorumaq adına, sağ radikalları ölkəni bölməmək naminə mərkəzçi rəqibinə səs verməyə çağırıb. Fiyonun ilkin seçkilərdəki əsas rəqibi, Bordo şəhərinin meri, keçmiş baş nazir Alen Jüppe də eyni qəbildən olan bəyanatla çıxış edib.


Bütün bunlar Makronun 2-ci turda asanlıqla Marin Le Penə qalib gələcəyini göstərir.


Lakin bütün bunlar nəzəri hesablamalardır. Fransa xalqının 15 gün sonra necə və kimə səs verəcəyi hələ kimsəyə məlum deyil. ABŞ seçkiləri də göstərdi ki, bəzən nəzəri və politoloji hesablamalar özünü doğrultmur...


Beləliklə, Fransanın qarşıdakı 5 ildə birinci şəxsi olmağa ən yaxın iki şəxs var. 39 yaşlı Emmanuel Makron, digəri isə ifrat sağçı Milli Cəbhə Partiyasının sədri Marine Le Pen Fransanın növbəti prezidenti olmağa yaxın şəxslərdir. Prezidentliyə iddialı bu şəxslərin dönəmi Fransa və dünya üçün nə vəd edir? Hər iki namizədin daxili və xarici siyasətdə prioritetləri nələrdən ibarətdir?


Son illərdə sürətlə yüksələn və miqrantlar əleyhinə çıxışları, NATO və AB kimi mühüm quruluşlara qarşı fikirləri ilə məşhurlaşan Le Pen hələ seçkilərdən iki ay əvvəl "Fransanın özünün olmadığı savaşlara çəkilməsinə icazə verilməməlidir", deyirdi. Eyni zamanda Le Pen miqrantların axınının qarşısının alınması, Avropa Birliyi üzvlüyünün davam etməsi ilə bağlı referendumun keçirilməsini təklif edirdi. Le Penin partiyası "Fransanın yenidən nizama salınması üçün 144 addım" adlı proqram elan edib. Bu proqramda Fransanın "Şengen" bölgəsindən ayrılması da var.


2012-ci il seçkilərində 18 faiz səs alsa da, sonrakı illərdə Fransada sağın güclənməsi tendensiyası Le Penin də işinə yaradı və 2014-cü ildə bələdiyyə seçkilərində 11 şəhərdə bələdiyyə sədri postunu qazandı. Maraqlıdır ki, Le Pen 2011-ci ildə atasından sonra partiyanın rəhbərliyinə gəlib və bu tarixdən başlayaraq sürətlə məşhurlaşıb. Fransada ənənəvi solun elektoratı olan fəhlələr və gənclərin səslərinin əsas hissəsini Le Penin partiyası əldə edib.


Marine Le Pen 1968-ci ildə anadan olub. Atası uzun illər Milli Cəbhə Partiyasına rəhbərlik etmiş Jan Mir Le Penin 3 qızından kiçiyidir. Hüquq təhsili alıb və 1986-cı ildən Milli Cəbhə Partiyasının üzvüdür. Partiyada bir sıra vəzifələri, o cümlədən hüquq şöbəsinin rəhbəri postunu tutub. 2011-ci ildə isə Milli Cəbhə Partiyasının sədri postuna seçilib. İki dəfə ailə qurub, 3 övladı var.


Le Penin şüarları arasında Fransanın Sarkoziyə qədər olduğu kimi, NATO-nun hərbi qanadından, əməliyyat güclərindən çəkilməsi, Şengen və hətta AB üzvlüyündən çıxması, miqrantların qarşısının alınması, sərt miqrant siyasəti yürüdülməsi, müsəlmanlar əleyhinə çağırışlar kimi çox ciddi təpki çəkən məqamlar var. Ancaq görünən odur ki, "qoca qitədə" son illərdə sürətlə artan radikalizm, ifrat millətçilik dalğası Fransa cəmiyyətindən də yan keçməyib.

Mayın 7-də keçiriləcək seçkilərin ikinci turunda Marine Le Penin rəqibi 39 yaşlı Emmanuel Makron olacaq. Olland hökumətində bir müddət iqtisadiyyat, sənaye və elektron bankçılıq nazirliyinə rəhbərlik edən Makron daha sonra hökuməti və Sosialist Partiyanın fəaliyyətini tənqid edərək istefa verib. Daha əvvəldən də seçkilərin favoriti hesab olunan, mərkəz sağçı Makron AB ilə əməkdaşlığın gücləndirilməsi, maliyyə böhranının aradan qaldırılması üçün yollar tapılmasının tərəfdarı kimi çıxış edir. Nə sağçı, nə də solçu olduğunu iddia edən, "orta yolda" yürüdüyünü elan edən Makrona Fransanın biznes dairələri də dəstək verir. Əgər seçkiləri qazanarsa Makron Fransa tarixinin ən gənc prezidenti olacaq. Yeri gəlmişkən, Fransanın məşhur sol qəzetləri Makronu Napoleona bənzədirlər. Makron Fransa seçicilərinə iqtisadi və sosial islahatlar vəd edir.


Qeyd edək ki, ifrat sağçı Le Pendən fərqli olaraq Makron müsəlman dünyasına qarşı sərt fikirlər səsləndirməyib. Türkiyədə son referendumla bağlı verdiyi açıqlamada Türkiyənin avtoritarizmə sürükləndiyini, seçiləcəyi təqdirdə Türkiyədə demokratiyaya dəstək verəcəyini bəyan edib.



Siyasi platformasını açıqladığı zaman Makron Türkiyənin AB üzvlüyü mövzusuna da toxunub və bildirib ki, Türkiyə bu quruma üzvlüyü ilə bağlı irəli sürülən şərtləri yerinə yetirməyib. Ancaq Makron AB-nin Türkiyəyə qapılarını tamamilə bağlamasına qarşı olduğunu deyib. Eyni zamanda Fransanın Yaxın Şərqdə daha fəal olmasına, aktiv siyasət yürütməsinə, o cümlədən 2015-ci il nüvə anlaşmasına riayət etdiyi müddətdə İranla əməkdaşlığın davam etdirilməsinə tərəfdar olduğunu bildirib. O, Rusiya. Türkiyə və Yaxın Şərq ölkələri ilə dialoqun davam etdirilməsini istədiyini deyib. Həmçinin İsrail-Fələstin münaqişəsinin həlli üçün Fələstin dövlətinin yaradılmasının da şərt olduğunu bildirib. Nəhayət, müsəlmanlar üçün baş örtüyünün qadağan edilməyəcəyini vəd edib.


Beləliklə, Fransa mayın 7-də iki əks qütbün nümayəndəsi olan namizəd arasında seçim etməli olacaq. Bir tərəfdə faşist yönümlü, ifrat sağçı Le Pen, digər tərəfdə mərkəzçi, dialoq, birlik tərəfdarı olan gənc siyasətçi Makron. 7 may seçkilərinin nəticələri həm də Fransız xalqının gələcəklə bağlı ciddi qərarı olacaq. Bu qərar yalnız Fransanın deyil, bütövlükdə Avropanın və dünyanın taleyinə təsir edə bilər.

Kənan Rövşənoğlu,

musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.