Yanan binanın açılmayan sirləri - şahid ifadələrini kim və niyə təhrif edib?

24-04-2017, 11:32           
Yanan binanın açılmayan sirləri - şahid ifadələrini kim və niyə təhrif edib?
Təkrar məhkəməyə qaytarılan cinayət işinin hökmü də yandırılmalıdır


Ötən həftə Bakı Apelyasiya Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə məhkəmə keçirilib və işin yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılması haqda qərar qəbul olunub. Həmin qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyev hökmdə buraxdığı səhvləri düzəltməlidir. Həmin səhvlər isə protokolların imzalanmamasıdır.


İlk baxışdan texniki xəta kimi görünən bu səhvlər əslində böyük bir qanunsuzluqdan xəbər verir, hökmün mötəbərliyini şübhə altına alır. Belə ki, əslində məsələ ondadır ki, hökmdə şahidlərin məhkəmədə verdikləri ifadələr təhrif olunmuş şəkildə yer alıb. Hakim hökmdə şahidlərin dediklərini ittihamı təsdiq edən formada yazıb. Faktiki isə şahidlər ittihamı təkzib edən ifadələr veriblər.


Belə təhrif olunmuş ifadələr 1-2 şahidlə məhdudlaşmır. 30-a yaxın şahidin ifadəsi hökmdə təhrif olunmuş şəkildə yer alıb. Həmin şahidlərin ifadə verdikləri günlərdə tərtib olunan məhkəmənin gedişatı haqda protokolları isə hakim imzalamayıb. Beləliklə, imzalanmayan protokollara əsaslanan hökm ortaya çıxıb.


Hökm mötəbər sübutlara əsaslanmalı olduğu halda, iş üzrə çıxarılan hökm mötəbər olmayan sübutlara - əgər sübut demək mümkündürsə - əsaslanıb.


Əslində qanuna qalsa, belə hökm çıxarmış hakimin barəsində xüsusi qərardad çıxarılmalı idi. Amma çıxarılmayıb. Bu o deməkdir ki, iş Bakı Apelyasiya Məhkəməsindən geri qaytarılsa da, faktiki heç nə dəyişməyəcək.. Hakim imzalamadığı protokolları imzalayacaq və hökmü qüvvədə saxlayacaq. Şahidlərin ifadələri isə elə təhrif edilmiş şəkildə qalacaq.


Cinayət işinin içində ört-basdır edilən xeyli məqamlar var. Bu haqda əvvəllər də yazmışıq, bir daha yazdıqlarımıza qayıdaq. Məhkəmədə zərərçəkənlərin söylədiklərindən, mübhəm yanğından əvvəl və sonra ölkə boyu törədilən qəsdən yandırma faktlarının ortada olmasından belə aydın olur ki, əvvəl ittihamda yazıldığı, hökmdə təkrarlandığı kimi Binəqədidəki 16 mərtəbəli bina siqaret kötüyündən alışmayıb. Binanın 27 saniyə içində kibrit qutusu kimi od almasına çox ciddi şəkildə hansısa formada köməklik edilib.


Məsələn, bu olaydan 3 gün əvvəl, 2015-ci il mayın 16-da Nərimanov rayonu, Koveroçkin küçəsindəki hündürmərtəbəli, yerləşməsinə, quruluşuna görə Binəqədidəki binanın “əkiz” tayını xatırladan binada yanğın törətmək istəyən şəxslər kəndiri neftə batıraraq binanın üstündən üzü aşağı, poliuretan üzlüyün üzərindən buraxmışdılar. Bu faktdır! Elə bir faktdır ki, bu faktı araşdırmadan, qiymət vermədən Binəqədidə binanın necə alışması sualına tam, hərtərəfli cavab axtarmaq qaranlıq otaqda qara pişik axtarmağa bərabər işdir.
Amma nə baş verib? Nərimanovda binanın qəsdən yandırılması işini Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində “yandırıblar”. Sadəcə, bu günə qədər araşdırıb son nəticəni ortaya qoymayıblar.


Binəqədidəki binanın poliuretanın keyfiyyətsizliyi üzündən alışıb yandığı və böyük faciəyə səbəb olduğu ittihamda yazılıb və hökmdə də təkrar olunub. Əgər poliuretan keyfiyyətsiz idisə, niyə Nərimanovdakı binada alışmayıb? Axı həmin poliuretanı Binəqədidəki, Nərimanovdakı binalara eyni şirkət vurub. Eyni şirkət Türkiyədə sifariş edərək Azərbaycana gətirib, burada qəlibləyib və binalara vurub. İttiham, ardınca hökm binanın hansı səbəbdən yanması sualının cavabını ortaya qoymaq əvəzinə daha çox yanan binanın həndəvərində ayaq döyməklə məşğul olub.
Üstəlik, 2015-ci il aprelin 10-da Xətai rayonu ərazisində yaşayış binasında “THN” şirkətinin “poliuretan”la üzlədiyi binadakı yanğından sonra Fövqəladə Hallar Nazirliyində geniş tərkibli iclas keçirilib. İclasa FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov başçılıq edib. İclasda yeganə müzakirə olunan mövzu Azərbaycanda binaların üzlənməsində istifadə olunan poliuretanın tezalışan olub-olmaması olub. Araşdırmalar zamanı məlum olub ki, digər tikinti şirkətlərinin, “THN”in istifadə etdiyi poliuretan daha aşağı keyfiyyətli və odadavamlılığı daha azdır. Respublikaya keyfiyyətli “poliuretan” idxal edən rəsmiləri mötəbər olmayan hökmlə həbsə göndərilən “Global-Stone”dir. Hətta həmin iclasda “THN” şirkəti rəsmilərinə xüsusi olaraq tapşırılıb ki, binaların üzlənməsində istifadə etdiyi poliuretanı məhz “Global-Stone”də qəlibləsin.


Belə bir halda poliuretanın tezalışan olmasının ittihamın əsasını təşkil etməsi nə dərəcədə doğrudur? Hökmdə həmin tezislərin təkrar olunması əsaslıdırmı?


Bina kibrit qutusu kimi yanan ilk dəqiqələrdən belə məlumatlar vardı ki, Binəqədidəki binada “poliuretan” üzlüyün alışması üçün binanın damından üzü aşağı, “poliuretan" üzlüyün arxası ilə tezalışan maye axıdıblar.


Bu məlumatlar tam şəkildə arşdırılıb təsdiq və ya təkzib olunmadı.


Bir daha yada salaq ki, belə bir addımın mümkünlüyünü təsdiqləyən digər bir fakt da ortalıqdadır. Binəqədidə bina yanandan 5 gün sonra - 2015-ci il mayın 24-də Gəncədə, Dədə Qorqud küçəsində hündürmərtəbəli yaşayış binalarından birinin üzərində “drujinnik”lər 2 şübhəli şəxsi saxlayıblar. Gecəyarısı əllərində dizel yanacağı ilə dolu kanistrlərdə damda gəzənlərdən biri Samux rayon sakini, digəri isə Rusiya Federasiyasının vətəndaşı olub. “Drujinnik”lər tutduqları hər iki şəxsi polisə təhvil veriblər. Hətta polisdən Gəncə İcra Hakimiyyətinə gecəyarısı damları əllərində yandırıcı maddə dolu kanistrlərlə gəzən şəxslər haqda məlumat verilib. Bu haqda MTN-in yerli şöbəsinə məlumat daxil olandan sonra hər iki şəxsi polisdən təhvil alıblar. MTN-ə aparılan hər iki şəxs sonradan istintaqa cəlb olunmayıb, barələrində cinayət işi başlanmayıb.


Bəs həmin 2 şəxs gecəyarısı, damda, əllərində tezalışan maye dolu kanistirlərlə niyə gəziblər? Kim olub həmin şəxslər? Niyə ortalıqdan yoxa çıxarılıblar?


Təəssüf ki, məhkəmə də istintaqda olduğu kimi baş vermiş olaydan sonra fəaliyyətini araşdırmalı olduğu şəxsləri həbs etməklə işi bitmiş hesab etdi. Nəticədə bu gün yanğın zamanı dünyasını dəyişmiş 15 nəfərin, xəsarət almış 56 şəxsin sırasına 8 nəfər də azadlıqdan məhrum edilməklə “yandırılır”.


E.HÜSEYNOV












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.