Azərbaycanlılara qarşı Çernobıl əməliyyatı - Video
26-04-2017, 09:03
Bu gün bəşər tarixinin ən böyük faciələrindən olan Çernobıl partlayışından 31 il ötür.
Axar.az xatırladır ki, 26 aprel 1986-cı ildə Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-da baş vermiş güclü nüvə partlayışı nəticəsində 7000-ə yaxın insan həlak olub, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst, on minlərlə insan sonsuz qalıb. Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90 faizində əlillik yaranır.
1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasının 4 nömrəli reaktorunda növbəti yoxlama işləri aparılırdı. Məqsəd elektrik cərəyanını dövrədən ayırandan sonra turbinlərin nə qədər dövr edəcəyini və bu yolla onun növbəti iş gününə hansı səviyyədə hazır olacağını müəyyən etmək idi. Bu, olduqca təhlükəli sınaq idi. Lakin əvvəllər də belə bir sınağa əl atılmışdı və ortaya hər hansı bir problem çıxmamışdı. Nəhayət, texniki heyət nəzərdə tutulanları həyata keçirməyə başladı. Elektrik cərəyanı dövrədən çıxarıldı, 26 aprel saat 01.00-da turbinlərə gedən soyuducu su tədricən azalmağa başladı. 01:23-də operator aztəzyiqli reaktoru bağlamaq istədi, amma artıq gec idi. Sınaq zamanı ilk anlardan özünü göstərən və olduqca cüzi bir təsir bağışlayan nasazlıq zəncirvari prosesə çevrilərək reaktorun sürətinin kəskin şəkildə artmasına gətirib çıxardı. Bu isə öz növbəsində, reaktorun daxilində güclü buxarlanma və ardınca da dəhşətli partlayışlarla müşayiət olundu. Partlayışlar reaktorun xarici aləmlə əlaqəsinə imkan verməyən və onu əhatə edən 1000 tonluq qoruyucu çənbəri yerlə-yeksan etdi. Bir andaca dəhşətli buxar və şüalanma, toz qatı onlarla kilometr məsafəni bürüdü. Partlayışla eyni zamanda yanğın da başladı. Yanğını onlarla kilometr məsafədən seyr etmək mümkün idi. Bu, atom elektrik stansiyaları tarixində bu günə kimi rast gəlinməmiş bir qəza idi və onunla necə mübarizə aparılacağını heç kim bilmirdi.
SSRİ-də hər vasitə ilə bu hadisənin üstünü ört-basdır etməyə çalışırdılar. O dövrdə SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov hadisənin dəhşətləri barədə mətbuata məlumat sızdırılmaması və ictimaiyyətin bu fəlakətin dəhşətlərindən daha ətraflı şəkildə xəbər tutmaması barədə gizli göstəriş vermişdi. Bu məsələni nəzarətdə saxlamaq isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşlarına tapşırılmışdı.
Çernobıl əlili olan azərbaycanlı Eldar Sultanov o vaxt SSRİ rəhbərliyinin Çernobıla qəsdən müsəlmanları göndərdiyini deyir:
"Hadisə Ukraynanın ərazisində baş vermişdi. Sual doğur: bəs nə üçün onlar öz millətindən olan insanları kifayət qədər hadisə yerinə cəlb etmədilər? Ancaq müsəlmanları, xüsusən də azərbaycanlıları bu zəhərin içinə atdılar? Çünki SSRİ bilirdi ki, müsəlmanlar güclü şüalanmaya məruz qalacaqlar. Ən dəhşətlisi isə bunun genefonda böyük təsiri var idi. Görün, bu, necə böyük bir bəladır ki, fəsadları ən çox üçüncü, dördüncü nəsildə hiss olunur. Bilirsiniz ki, Yaponiyanın iki şəhərinə atom bombası atmışdılar və orada yaşayan insanların sonradan dünyaya gətirdikləri uşaqlar insandan çox mutanta bənzəyirdilər. Bu gün də Yaponiyada mutantların sayı çoxdur. Belə anlaşılır ki, bunların hamısı düşünülmüş siyasət idi. Bu elə bir siyasət idi ki, o vaxtkı rəhbərliyi qane edirdi".
Qeyd edək ki, qəza zonasında xilasetmə işlərində çalışan 650 min adamdan başqa, fəlakət bölgəsində və ona qonşu ərazilərdə təxminən 6-8 milyon insan da şüalanmaya məruz qalıb. Bu gün şüalanmaya məruz qalan insanlardan dünyaya gələn uşaqlar içərisində xərçəng və müxtəlif xəstəliklər tüğyan etməkdədir. Onların çoxunu labüd ölüm gözləyir və bu, yüz illər boyu zəncirvari şəkildə öz təsirini göstərəcək.
2016.04.26